Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Söz düşmüşkən onu da bildirməliyəm ki, mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi.
Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu yaxınlarda bizim Xarici İşlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu, onun Xarici İşlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır və bu, davam edəcəkdir.
Ancaq o da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Necə ola bilər? Sən bu ölkənin ərazi bütövlüyünü tanımırsan. Eyni zamanda, əminəm, gürcü xalqı unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni Baqramyan batalyonu hansı vəhşilikləri törətmişdir, kimin tərəfindən vuruşub və bu gün kimin tərəfindədir? Abxaziyada yaşayan və hakimiyyətin artıq böyük hissəsini zəbt etmiş ermənilər. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcəkdir. Fərq bundadır. Əlbəttə, bu gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir.