“Əyri…” (Hekayə) – Vüqar Amrax

Bu gün Şəkidə yaşayan və ixtisasca həkim olan yazıçı Vüqar Amraxın 50 yaşı tamam olur. Müstəqil.az kollektivi olaraq bu münasibətlə hörmətli Vüqar bəyi ürəkdən təbrik edir,yeni hekayəsini təqdim edirik:

 

Ə Y R İ

(hekayə)

Adım Səlimdir. Kənddə doğulmuşam. Gözəl bir kənddə. İstəyirəm bu kəndi bir az təsvir edəm. Yoxsa söyləyəcəklərımın dadı-duzu olmaz. Deməli, belə: dağ yamacı, yamac ətəyində tənha şosse yolu, bu yola perpendikulyar (belə desək daha dəqiq təsəvvür yaranar) torpaq yol. Həmin yol təxminən bir kilometrdən sonra çay yatağına dirənir. Çay dərindədir. Yatağını min bir əziyyətlə dağıdıb, hamarlayıb, yolu çay kənarına gətirib çıxarıblar. Sonra da bir körpü düzəldib çayın hər iki sahilini birləşdiriblər. Çayın adı Əyridir. Bəlkə də dünyanın ən  romantik çayıdır. Adı kimi özü də əyridir. İlan kimi qıvrıla-qıvrıla kəndin başına dolanır. Bəzən çay kənarı ilə iki kilometr yolu piyada gəzirsən, amma bir də görürsən ki, bayaq keçdiyin yerdən iyirmicə metr aralıdasan. Kənarları kolluq, fazıllıq. Dovşanın, qırqovulun, porsuğun cənnəti. Suyu lillidir, həm də şipşirin. Yayda ilıq-lilli suyunda çiməndə elə ağarırısan, elə bil un dəyirmanından çıxmısan. İstinin cırhacırında suyu azalsa da heç vaxt qurumur. Ayaqların suda, bədənin qumlu sahildə uzanan ha, elə bil dünyanı sənə verirlər. Lap Qoca Xalid deyən kimi: “Xəyalı göylərdə yolçu olanın, işıqlı fikirlər gəlir başına…”

Hərdən bu xəyalatın zayını çıxaranlar da tapılır. Çayda çimən uşaqlar qum daşıyan maşınları elə qum toplarıyla atəşə tutanda. Haray-həşir, söyüş-qarğış bir-birinə qarışır. Belədə bu vur- çatlasına Əyri də qoşulur, qıjıltısını artırır.

Əyrinin bir qolu da var. Adına Qobu deyirlər. Kəndin düz ortasından axır. Atası kimi böyük olmasa da  yerişi, duruşu həminkidi. Suyu dupduru, şipşirin. Hərdən atası kimi hirsini-hikkəsini göstərsə də, adətən mülayimdir. Təpəli-yamaclı sahilləri də dünya gözəli. Ata-oğul bir-birinə qovuşana qədər bütün kəndi ağuşuna alır. Nağıllarda kəndi qoruyan nəhənglər kimi.

Qobunun ətrafındakı alçaq təpədə kənd qəbiristanlığı var. Kəndin özü qədər qədimdir. Qəbiristanlığın Qobuya yaxın hissəsi ziyarətgahdır. Orada kimlərin dəfn olunduğunu çoxdan unudublar. İndi o qəbiristanlıqda heç kimi dəfn eləmirlər. Ölənləri ona bitişik – təzə qəbiristanlıqda basdırırlar. Hələ dəfn vaxtı çatmayanlar isə əvvəl quzeydə olan köhnələri, sonra bir az hündürdə, güneydə olan təzələri ziyarət edirlər.

Heç bilmirəm, bu söhbəti nə üçün başladım? Hə, kənddə doğulub-böyüməyimdən danışırdıma axı. Kəndi necə sevməyim? Təəssüf ki, kənddə universitet olmur. Məcbur qalıb paytaxtda oxudum. Elə həmin səbəbdən də orada qalıb işlədim. Hər dəfə işdən yorğun-arğın çıxanda, basırıq, mal tövləsi qoxuyan metroya, zəvzək sürücüləri olan taksilərə minəndə ürəyimdə taksini birbaşa Əyrinin qırağına sürdürməyi, sakit, ilıq suyu ilə üz-gözümü yumağı, sonra qumlu sahilində uzananıb günlənməyi arzulayıram.

Deyəsən yenə qarışdırdım. Əyri, Qobu, qəbiristanlıq… Hə, hə! Hamısı yadıma düşdü. Əyri üçün, Qobu üçün burnumun ücü göynəyən günlərin birində işdən birtəhər icazə alıb kəndə gəlmişdim. Nədənsə qısa xoş-beşdən sonra ayaqlarım məni birbaş qəbiristanlığa gətirdi. Doğmalarımı ziyarət edəndən sonra nimdaş bir qəbir diqqətimi çəkdi. Başdaşı əvəzinə qoyulmuş əyri, balaca çaydaşına qara flomasterlə “MASTIX” yazılmışdı. Nə soyadı vardı, nə də doğulub-öldüyü gün. Bir müddət əvvəl axşam qatarı ilə kəndə gəldiyim günü xatırladım. Çünki həmin günü xatırlamamaq mümkün deyil.  Sizə də bunu danışmaq istəyirdim.

Kəndə səhərin alatoranında çatdım. Ulartı səsi kəndi başına götürmüşdü. Yox, yalquzaq, ya da köpək  ulartısı deyildi.  Dedilər, Mastıx arvadın səsidir. Yenə döşündəki ağrılar başlamışdı. Artıq neçə vaxt idi camaatı sübh namazına çağıran azan səsini  Mastıx arvadın ulartısı əvəz eləmişdi. Sanki, hamı bu vahiməli ulartını İsrafilin surunun səsi kimi gözləyirdi. O, ulamağa başlayanda qonşular qapı-pəncərəni bağlayır, yatanlar başını balışın altına soxurdu. Daha dəcəllik edən, yeməyən uşaqları Mastıx arvadla qorxudurdular. Kəndin ləzzəti qaçmışdı. Başa düşürdüm, ağrı insan ləyaqətini alçandan ən birinci qüsurdur. Ağrıdan insan şoka düşə bilər. Hətta bu şokdan insan ölə bilər. Amma, ulamaq? Yox! Burda nəsə başqa hikmət vardı…

Tərbiyəsi qüsurlu, cahil və avam Mastıx arvadın müraciəti yadıma düşdü:

– Axı, mən ölürəm, ay sağolmuş! – Növbədəki xəstələrə məhəl qoymadan, qapını laramp-gurumpla açıb içəri girmişdi. Elə bil məni yüz ildir tanıyırdı. Mən də bu qüsura etinasız qalmışdım.

– Nə olub, Məhruzə xala? – hamı onu Mastıx çağırsa da, deyəsən əsl adı beləydi.

– Bax! – Utanıb-çəkinmədən nimdaş, çirkli köynəyini qaldırıb, qızarıb şişmiş, deşilib irini axan döşünü  göstərmişdi. Sanki, buna görə mən idim  günahkar.

– Sağalacaq! – Eyni qətiyyətlə cavab vermişdim. “Bunun nəyi sağalsın, ay bədbəxt! İş-işdən keçəndən sonra xərçəng sağaltmaq olur?” – Ardını ürəyimdə demişdim. – Bəs bu vaxta qədər hardaydın? Niyə vaxtında gəlmirdin, Məhruzə xala?

– Kim gətirsin, ay oğul? – hikkəli-hökmlü arvad bir anda yazıq görkəm almışdı. – Bir uşağın üzünə baxırdım. Allah evini dağıtsın!

Bu yerdə Mastıx arvad qarğış tökməyə başlamışdı. İlahi! Qarğış necə olarmış?! O, hər şeyi qarğadı. Günəşi, ayı, ulduzları… Dağları, dərələri, çayları, gölləri qarğadı. Hakimləri, prokurorları, rəisləri qarğadı. Pis adamları, mərdimazar adamları, pis qonşuları, yaxşı qonşuları qarğadı. Arvadları, kişiləri, cavanları, qocaları qarğadı. Satqınları, xəbisləri, baiskarları qarğadı. Tüfəngləri, tapancaları, bıçaqları qarğadı. Həm də, uzun tüfəngləri, gödək tüfəngləri, uzun bıçaqları, gödək bıçaqları, açılan-açılmayan bıçaqları, köhnə-təzə bıçaqları, paslı-passız bıçaqları qarğadı. Bu qarğışlarda bir dünya işıq, bir dünya səmimiyyət vardı. Bu qarğışlar Əyrinin suları kimi süzülüb ürəyimə axmışdı. Axdıqca özü ilə sərinlik, məstlik gətirirmişdi. Doğrudan ha, bu, nə sirr-xudadır? Adam alqışın səmimisinə də nadir hallarda rast gəlir. Qarğışsa həmişə səmimidir, həmişə büllur kimi təmizdir.

Sin descripción disponible.

– Bəxtiqara dünyanın pis vaxtında getdi girdi türməyə. – Nəhayət, Mastıx arvad monoloqunu bitirmişdi.

Mastıx arvadın əri heç nəyə yaramırdı. Səhərdən-axşama qədər veyil-veyil gəzir, zəvzək-zəvzək danışır, bir işin qulpundan tutmurdu. Çaşıb, birdən tutsa belə, mütləq, zibilini çıxarırdı. Səbəbsiz, mənasız yerə gün ərzində bütün kəndi dolaşardı. Bir evdə çay verirdilər, o birində yemək. Əslində, ev yiyəsi çayla canını qurtarmağa çalışırdı. Amma Ələfsərin getmədiyini görüncə, məcbur olub qabağına yemək də qoyurdular. O da yedikcə, içdikcə Mastıxdan danışardı. Həm də ikrah doğuran qeybətlə: “Mastıx yemək bişirmir. Mastıx çay dəmləmir”, – və daha nələr, nələr. Lap Əyri kimi gündə yüz kərə nala-mıxa vururdu. Elə yaşadığı kimi də öldü: hörmətsiz, izzətsiz.

Mastıx arvad tək oğlunu bir üzü qız, bir üzü gəlin böyütmüşdü. Oğlan Kiplinqin pişiyi kimi böyümüşdü – azad, asudə. Bütün günü Qobuda balıq tutur, (nədənsə Əyri ilə arası yox idi) elə oradaca bişirib araqla içəri ötürür, sonra da ona-buna ilişirdi. İstədiyi yamazlığı yapır, kənd camaatının qınağına tuş gəlsə də, evdə danlanmırdı. Bütün günü bir parça çörək dalınca qaçan Mastıx arvadın buna vaxtı, hövsələsi hardaydı?

O gün Mastıx arvadın “reseptini” yazıb, ağrıkısici iynələrini də özüm alıb vermişdim. Adi ağrəkısicilərin girəcəyi kol deyildi. Narkoz vasitələrini seçib, təyinatı yerinə yetirən tibb bacısına xüsusi göstərişlərimi vermişdim. Necə deyərlər, qarğış adamı pardaxlandırır – alqış korşaldır.

“Müalicə”dən iyirmi gün keçmişdi. Mastıx arvad ulamağa başlayan kimi tibb bacısı başının üstünü kəsdirirdi. Qonşular rahat yatırdı. Uşaqlar da adam kimi, arın-arxayın dəcəllik etdirdilər. Ünvanıma tərif, ölənlərimə rəhmət qazansam da yuxum qarışmışdı. Hər gecə əynində həbsxana paltarı olan qəribə varlıq əlindəki şprislə üstümə gəlirdi:

– İndi mən də sənə narkoz verərəm! Niyə qoymursan əzabını biz yazan kimi çəksin! – deyirdi.

– Axı siz kimsiz? Axı, o xərçəngdir! Mən onun əzabını yüngülləşdirirəm.

– Məsələ xərçəngdə deyil! Hər xərçəng olan ulamır! – Qəribə varlıq əsas sualdan  yayınırdı.

– Bəs, məsələ nədədir? – Sual cavabsız qalırdı. Naməlum yoxa çıxırdı.

On gün sonra Mastıx arvad öldü. Tək-tənha, ulaya-ulaya! Uladı-uladı, sonra yoruldu ulamaqdan, bezdi yaşamaqdan, doydu ağrılardan və öldü. Oğlu həbsxanada öz “kefindəydi”. Yəqin, bu ulamaq tək böyütdüyü oğluna verə bilmədiyi tərbiyənin təəssüfündən doğurdu. Həmin gün naməlum varlıq yenə yuxuma gəlmişdi. Bu dəfə əynində həbsxana paltarı, əlində şpris yox idi…

Əyri baş daşı olan tənha qəbrin yanında xeyli dayandım. Qobu qəbirin bir tərəfindən burulub axırdı. Mənə elə gəldi ki, su axmır, Mastığa layla çalır. Əbədi layla…

 

 

 

MÜSTƏQİL.AZ

Share: