Təranə ARİFQIZI
ÖZ ŞƏKLİNİ ÇƏKƏN QADIN
Misra-misra doğularaq
Şeir-şeir çökən qadın.
Oğurlanmış taleyinə
Bulud kimi yükəm, qadın!
Qış içində yaz ruhunu,
Qəm dolu avaz ruhunu,
Hər kəlməni öz ruhunun
Yarpağına bükən qadın
Dodağında qəm bucaqlar,
Gözlərini nəm qucaqlar,
Hər gün yenə tumurcuqlar,
Öz dərdini əkən qadın.
Ələdilər ələk-ələk,
İməklədin bələk-bələk,
Qanadını lələk-lələk,
Öz içində tikən qadın.
Tanrının yaş tüstüsündə,
Soyuq daşın istisində,
Milyon illərin səsində
Zaman adlı məkan qadın.
Gülüşündə ələmiylə,
Taleyinin sələmiylə,
Ağrıların qələmiylə
Öz şəklini çəkən qadın.
BİR MƏKTUB…
Bir məktub yazacağam
Gözlərimin yaşıyla.
Keçmişimdən bu günə
Xatirələr daşıya…
Bir məktub gözləyirəm
Uşaqlıqdan gəncliyə-
Harda itirdin məni,
Qaytar özümə- deyə…
Bir məktub gözləyirəm-
Hər sətiri sən dolu..
Poçtalyon harda qaldı,
Bəlkə itirdi yolu?
Bir məktub gözləyirəm
Dünyanın o üzündən.
Bəlkə xəbər gətirə
Sevdiyimin özündən.
Bir məktub gözləyirəm
Nakam qaragözlüdən.
Nəfəsini gizlədən
İçi dolu sözlüdən…
Bir məktüb gözləyirəm
Doğulmamış bələkdən…
Cəlladların bətnində
Boğulmuş lal diləkdən..
Bir məktub gözləyirəm
əsir torpaqlarımdan-
daha azadlıq damır
sarı yarpaqlarımdan…
Bir məktub gözləyirəm
Gələcək zamanımdan-
Dünya boğulmur artıq
Bu çarəsiz canımda…
Bir məktüb gözləyirəm-
Ölüm yalandı desin.
Intiharı olmasın
Bu həyatda heç kəsin…
Bir məktub gözləyirəm
Həsrətləri yandıran…
Torpağı qovşdurub,
Ayrılığı sındıran…
Bir məktub gözləyirəm-
İçində Tanrı səsi..
Sözləri ümid dolu,
Sevgi olsun nəfəsi…
Bir məktub gözləyirəm-
Bitib tükənmir sözüm.
Məktublarım gəlmirsə,
Poçtalyon olum özüm…
YAXŞI OLUB İTİMMİ?
Ya gecədi, ya da ki
Dan yericən sökülür.
Mənsiz yuxularımdan
Ölən gözüm tökülür.
Pıçıldayır dodağım
Sübhün dualarını.
Dilimdə bitirirəm
Sənə suallarımı..
Yazdığın addımları
Atımmı, atmayımmı?
Halalımı harama
Qatımmı, qatmayımmı?
Pis olub, ucallımı,
Yaxşı olub itimmi?
Yoxsa qarağac kmi
Mən arada bitimmi?
Kərpicini çəkdiyin
Ürəyimmi, evimmi?
Yaxınlar kənar düşüb,
Uzaqları sevimmi?
Ürəyimdə fırtına
Dodağımda gülümmü?
Məni kim yaşadacaq,
Doğulmaqmı, ölümmü?
*********
Sahibsiz itlərin sahibsiz hürüşləri
oyatdı gecənin səssiz qaranlığını..
Dan ulduzu hürküb, yox oldu sonsuzluqda..
İtlər də ki, çıxarıblar ağını…
Yuxusuz qarğalar güldü tək-tək maşın nəfəsinə…
narahat vicdanların səsinə…
Qulağımla tamaşa edirəm
Ev pişiyinin qayaqapanla top-top oynamağına..
gözünə yuxu getmir gecə qarovullarının…
kirpiklər əzab çəkir başqalarının günahına…
Kirəmitdə tülkü balası, çaqqal yuvası var..
aşağı-yuxarı at kimi çapırlar sübhə qədər..
Nə veclərinə, gündüzlər ayıların pəncəsinə hansı günahsızlar düşür…
günahlarını yuyana qədər…
Ah, bu cırclramalar….
nəğmələri gündüz də getmir qulağımın dibindən.
nə zəhlətökəndirlər e….
Hərdən onlar gecəni dinləyir,
hərdən də gecə onları…
Yaşayıb gedir beləcə təbiətin gecəqonduları…
Bir-birindən xəbərsizdi gecənin sabahkı adamları..
yuxularına qonaq gediblər…
Mənsə gözləyirəm göy üzündən gələn
səssiz edamları….
TANRININ NATAMAM BÖLGÜSÜYÜK BİZ
Əl açdım, göy üzü üstümə gəldi
yerin duaları bitmədi, Allah!
sildim keçmişdəki bütün sirləri,
Sən sirrim alnımdan getmədi, vallah..
bilməyi öyrətdin, bildim, bilirəm,
sevməyi öyrətdin, sevdim, sevirəm,
silməyi öyrətdin, sildim, silirəm,
bu nəğmən valımdan getmədi, vallah..
nə ağır sevdalar yolçusuyuq biz,
nə uzun yolların ölçüsüyük biz,
Tanrının natamam bölgüsüyük biz.
möhürün solumdan getmədi, vallah..
qırıldı qəlbimin lal bucaqları,
zəhərdən acıdı bal bucaqları,
yolundu sevgimin qol-budaqları,
kökü ayaq altdan getmədi, vallah…
Əl açdım,, göy üzü üstümə gəldi
yerin duaları bitmədi, Allah!
sildim keçmişdəki bütün sirləri,
Sən sirrim alnımdan getmədi, vallah..
********
Küsmüşəm səndən, Tanrı…
barışığa adam göndər.
əlimi əlinə versin,
nə Həvva, nə Adəm göndər..
aç xurcunun ciyəsini,
qur baxtımın dəyəsini,
yiyəsizin yiyəsini
qaytar öz evinə göndər.
yaxşı kişi yaxşı atın
belində getdi gəlmədi.
zamanımız kor saatın
milində bitdi, gəlmədi.
Ilanlar eynək gəzdirir
zəhərini hədəf üçün.
incilər dərya dibində
qiymətlidi sədəf üçün..
Bir kimsəsiz ev içində
hörümçəyə kirə qaldım…
belinə kəndir bağladım
tor taxtından yerə saldım.
Səndən sənə olan sözüm
barmağımın ucu boyda…
günahımsa cəhənnəmin
yer üstündə sacı boyda…
Papağını qarşına qoy.
başını al ələ Tanrım!
bəndələrin yola gəlmir,
başıma kül ələ, Tanrım…
*********
Elə itirmisəm özümü səndə,
Bələdçi salmışam, izim tapılmır.
Hərdən danışmağa körpü salıram,
Ayağın kəsilir, sözün tapılmır…
Dolanbac yollara dəxil düşürəm,
Səni düz yollarda taparam deyə.
Özüm öz hissimlə qovğa edirəm
Səni varlığımdan qoparam deyə..
Elə dağılmışam, param-parçayam,
Toplayıb özümü durmağım çətin…
Hər səhər namaza dururam, ancaq
Sənsən sevgi qibləm, sənsən biətim…
*********
Adət etmədiyim dualarla açdım səhəri,
dodaqlarımda qərib hönkürtü
sıxdı acı kədərini gələcəyin
yox olmuş addımlarına..
öldürdüyün düyğularım
hörümçək toruna bələnmiş,
yolunu azmış kimi…
döymüşdü keçmişin rəngli addımları,
üstünə də sən qoydun sarıya dönmüş yaşılı,
bu azmış kimi..
Sözüm ürəyimə,
ürəyim içimə sığmadı…
yox, yox.. böyümədi ürəyim.
kiçildikcə kiçildi…
yerindəki boşluğa sən adında bir ovuc kül,
bir də, avqustda yağan soyuq yağışlar töküldü…
bir də… yaxası olmayan qərib bir don biçildi…
ürəyimin yıxıldığı,
yox olduğu yerə…
nə geyinə bildim, nə soyuna bildim…
kimsəsiz küçələrə həyəcan siqnalı verən
ölü maşını kmiyəm indi…
içimdəkini diriltməyə güçün yetərmi, Tanrı…