Son aylarda Ukraynanı çalxalayan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Rusiya ilə əlaqələrinin olması barədə müdhiş iddialar meydana çıxıb. Saakaşvili ona qarşı təqibləri Kremlin sifarişi adlandırsa da, Ukraynadakı gərginliyin arxasında Kremlin dayandığı bildirilir.
Özü də maraqlıdır ki, bu iddialarda əsas adı keçən şəxs Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı, Prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqovdur.
Virtualaz.org xəbər verir ki, bu iddianı ukraynalı bloggerlərdən biri “Korrespondent” saytında yazıb.
Qeyd edək ki, bundan əvvəl Söyün Sadıqovun Ukraynanın Karpatyanı bölgəsində etnik macarlar arasında separatizmi qızışdırdığı haqda məlumatlar yayılmışdı. İndi isə iddia edilir ki, Kremlin agenti Söyün Sadıqov Mixail Saakaşvili ilə dəfələrlə gizli görüşüb.
Belə ki, Sadıqov Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun tapşırığı ilə Ukraynanın qərbində polyak və macar separatizmini qızışdırmaqla məşğuldur.
Bildirilir ki, Saakaşvilinin Sadıqovla görüşü əvvəllər bir neçə dəfə Avropada, o cümlədən Polşa ərazisində baş tutub. Belə görüşlərdən biri Lyublino ətrafında Söyün Sadıqovun dostu, 80 yaşlı Mixail Piroqoviçin evində olub. Bir sıra polyak deputatlar və siyasətçilər Piroqoviçdən xahiş ediblər ki, Saakaşvilinin Sadıqovla görüşünü təşkil etsin. Çünki Piroqoviç Rusiya biznes-elitasının maraqlarını təmsil edir, onun Ukrayna istebleşmenti və biznes strukturları ilə də güclü əlaqələri var. Polyak siyasətçilər Piroqoviçin vasitəsilə Saakaşvilini də inandırıblar ki, Poroşenkoya qarşı açıq mübarizəyə başlasın.
İddiaya əsasən Söyün Sadıqov əvvəlcə Saakaşvili ilə işləməyə tərəddüd edib. Lakin daha sonra görünür, Putinlə məsləhətləşib və Saakaşviliyə kömək verməyi qərara alıb. Saakaşvilinin Sadıqovla görüşlərindən birinin ardınca gürcü siyasətçi polyak deputatların və Putinin agentinin dəstəyi ilə Ukrayna sərhədini yarıb keçib.
Bildirilir ki, Sadıqovla Saakaşvilinn məsələsini Gürcüstan DİN-in keçmiş rəhbəri Vano Merabişvili də müzakirə edib. Onun S.Sadıqovla sıx biznes maraqları var.
Saakaşvili ilə bağlı bu iddiaları dəqiqləşdirmək mümkün olmasa da, adı hallanan S.Sadıqovun barəsindəki iddialara mövqeyini öyrənmək istədik. Lakin çoxsaylı mesajlarımızı görən iş adamı suallarımıza cavab vermədi.
Siyasi ekspertlərin yayılan iddialarla bağlı mövqeləri isə birmənalı deyil. Əksəriyyət Qərb dairələrinin sabiq prezidentin arxasında dayandığını önə çəkərək, Rusiyaya nifrəti ilə seçilən Saakaşvilinin heç zaman bu ölkə ilə işbirliyində olmayacağını düşünsə də, bunu istisna etməyənlər də var.
Politoloq Nəzakət Məmmədova Ukraynadakı hadisələrdə Rusiyanın rolunun olduğunu inkar etmir:
“Yanukoviç – Azarov hakimiyyətindən narazılıq və Avrointeqrasiya dalğasında hakimiyyətə gələn qüvvələr arasında artıq baş verən ixtilaflar göz qarşısındadır. Ukrayna artıq biznes sahəsindəki korrupsiyaya görə müxtəlif araşdırmaların nəticələrinə görə birinci yerdədir. Belə bir şəraitdə hakimiyyətdaxili mübarizə, oliqarxlar arasında nüfuz müharibəsi labüd idi və bu, ilk növbədə Poroşenko-Saakaşvili mübarizəsi müstəvisində daha aydın görünür. Ümumiyyətlə, hər bir inqilab, çevrilişin ardından keçmiş əqidə yoldaşları arasında münaqişə qanunauyğunluqdur. Çünki eyni bir məqsədlə hakimiyyətə gələn ambisiyalı qüvvələr sonradan bir-birini qəbul edə bilmir və hakimiyyətdaxili amansız mübarizə başlayır. Məsələn, Rusiya burjua inqilabından sonra Stalin və Trotskinin mübarizəsi, Almaniyada Hitleri reyxkansler vəzifəsinə gətirmiş Ernst Ryomun aradan götürülməsi və s. Yaxud Çe Qevara ilə Fidel Kastronun mübarizəsi. Belə bir misal da var: “İnqilab öz övladlarını yeyir”. Bundan isə bir qayda olaraq həm hakimiyyətdən getmiş keçmiş qüvvələr və onlarla əlaqələri olan, bu ölkədə marağı olan xarici ölkələr yararlanmağa çalışır. Onlar hansı vasitə ilə olur-olsun inqilabçılar arasında narazılıq yaratmağa, onları zəiflətməyə, öz maraqlarına tabe etməyə çalışırlar. Eyni vəziyyət hazırda Ukraynada hökm sürür. 2014-cu ildən bəri Qərbin Ukraynada iki istiqamətdə fəaliyyəti nəzərə çarpır: Rusiya ilə mübarizə və ölkənin demokratikləşməsi.
O cümlədən korrupsiyanın qarşısını alınması. Ukrayna hakimiyyətinin isə əsas iki problemi var: separatizmlə mübarizə və oliqarxların hakimiyyətdaxili nüfuz savaşı. Təbii ki, Rusiya bu amildən geniş istifadə edir. Hazırda əsas ittiham korrupsiya ilə mübarizə adı altında hakimiyyətdaxili mübarizədir və burada Poroşenko, Saakaşvili, Avakov qarşıdurması pik həddə çatıb. Müvafiq olaraq, ordu, daxili qoşunlar və ayrı- ayrı silahlı dəstələr arasında qarşıdurma güclənib.
Rusiyanın buradakı rolunu inkar etmək olmaz, lakin bu, daha çox Qərbin köməyilə Ukraynada hakimiyyətə gəlmiş qüvvələrin öz aralarındakı mübarizənin nəticəsidir demək daha doğru olar. ABŞ və Avropanın Ukrayna hakimiyyəti üzərində təzyiqi azalan kimi ölkədə bu cür xaotik vəziyyət meydana gəldi. Belə davam edərsə, ölkə tam bir siyasi böhran həddinə çatacaqdır. Rusiya əlbəttə ki, bu hadisələrdə çox maraqlıdır. Onun hakimiyyətdaxili qruplaşmalarla, o cümlədən Saakaşvili ilə öz emissarları vasitəsilə, o cümlədən Kremlin etibarlı adamı Söyün Sadıqov vasitəçiliyi ilə separat danışıqlar aparması sadəcə bir ehtimal olaraq qalır”.
N. Məmmədova Sadıqovla bağlı əldə faktlar olmadığı üçün bu iddiaların doğru olub-olmaması ilə bağlı danışmağın çətin olduğunu da söylədi: “Rusiyanın Ukraynaya daha böyük, aşkar görünən təzyiq vasitələri var. Bu, separatizm və enerji amilidir. “Şimal axını -2” layihəsi Avropa Komissiyasının bütün etirazlarına rəğmən, 2019-cu ildə Ukraynadan yan keçməklə isə düşərsə, ölkənin iqtisadiyyatı tamamilə iflic olacaq. Bunlarla bərabər, dediyimiz kimi hakimiyyətdaxili parçalanmada Moskvanın son dərəcə maraqlı olması sirr deyil. Lakin hazırkı ixtilaf daha çox Qərbin, inqilabı təşkil edən qüvvələrin tələblərinin yerinə yetirilməsi məsələsi ətrafındadır. Onların əsas tələbləri demokratikləşmə və korrupsiyaya qarşı mübarizədir. Saakaşvili bu ittihamlarla çıxış edərək, Poroşenkonun qənaətbəxş mübarizə aparmadığını önə çəkərək, prezidentlik postuna yiyələnmək istəyir. Şübhəsiz ki, Rusiya kəşfiyyatı Ukraynada çox güclü iş aparır. Unutmayaq ki, bu ölkə SSRİ kimi fövqəldövlətin varisidir və onun dünyanın istənilən bölgəsində kəşfiyyat fəaliyyəti həyata keçirən nüfuzlu təşkilatları olub və bu gün də var. Putinin ətrafında olan bir çox insanlar da onun keçmiş həmkarlarıdır, xüsusi xidmət orqanlarında yüksək vəzifə tutmuş, əlaqələrində kifayət qədər şəxslər olan insanlardır.
Onlar öz emissarlarına müəyyən məsələlərlə bağlı təlimatlar verərək, Kremlin maraqları üçün iş görməyə vadar edə bilərlər.
Avropada, ABŞ-da seçkilərə müdaxilə etməkdən tutmuş Suriyada kosmik kəşfiyyat aparan Rusiya kimi bir dövlətin Ukraynada hakimiyyətdaxili məsələlərə laqeyd qalması mümkün deyil. Bunu kimin vasitəsilə etməsi o qədər də vacib deyil, məsələn, Ukrayna oliqarx Kurçenkonu Rusiya ilə məxfi əməkdaşlıqda ittiham edirsə, bəzi mənbələr Putinin yaxın adamı Sadıqovu Saakaşvili ilə əlaqələrdə ittiham edir. Əsas odur ki, Rusiya dövlətinin postsovet məkanında, o cümlədən Ukraynada əbədi maraqları dəyişməz olaraq qalır. Ukraynada, hətta bu ölkənin hakimiyyəti daxilində hazırda bu maraqların həyata keçirməsi üçün əməkdaşlıq etməyə hazır olan insanlar olması istisna olunmur. Hətta bu, Saakaşvilinin özü də ola bilər”.
Müstəqil.Az