Rusiya Prezidenti Vladimir Putinin son çıxışı anti-erməni bəyanatıdır. Əslində yeni mövqe deyil. Putinin sərgilədiyi mövqe göstərir ki, onlar bitərəfliyini qoruyub saxlayır və münaqişəyə müdaxilə niyyətləri yoxdur. Bu, ermənilərə çox vacib siqnaldır.
Müstəqil.Az bildirir ki, bu fikirləri Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinin Qarabağ konfliktinə dair verdiyi bəyanatı şərh edərkən deyib.
Sabiq XİN rəhbəri vurğulayıb ki, ermənilər zamanında Rusiyanın potensialından yararlanaraq konfliktlə bağlı hərbi-siyasi üstünlük əldə edə bilmişdilər: “Ermənilərin torpaqlarımızın işğalı, onu sona qədər nəzarətində saxlayacaqlarına inamı həm də Rusiyanın onlara dəstək verməsindən qaynaqlanırdı. İndi isə Rusiya deyir ki, mən sizə yardımçı ola bilmərəm. Sözsüz ki, Rusiya liderinin bəyanatını anti-erməni mövqeyi kimi qiymətləndirmək olar”.
Zülfüqarov əlavə edib ki, əslində ermənilər də Putinin bəyanatını elə bu şəkildə qiymətləndirir:
“Ruben Vardanyan adlı erməni iş adamı Rusiyada nüfuzlu şəxs sayılır. Onun Putinə müraciəti olmuşdu, Rusiya dövlət başçısından ermənilərə kömək etməsini istəyirdi. İndi isə Putin açıq deyir ki, hərbi əməliyyatların getdiyi ərazi Azərbaycan torpaqlarıdır, üstəlik Ermənistan respublikasının sərhədləri daxilində hər hansı bir hadisə baş verməyib. Bu bəyanat Ermənistana və şəxsən Paşinyana siyasi zərbədir”.