“Kəlbəcər, Laçın və digər ərazilərdə yaşayan qarabağlıları taksilərə mindirdilər, benzin götürdülər və evlərini türklərə (azərbaycanlılara) qoymamaq üçün yandırdılar. Çünki Nikol bu yerləri Azərbaycana təhvil verdi”.
Müstəqil.Az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan deyib.
Minasyan Ermənistan baş nazirinin xəyanətdə ittiham edib.
“Hadrutda yaşayan insanlar indi İrəvanda qapı-qapı, səfirlikdən səfirliyə gəzirlər. Nikola cavablarını almadıqları suallar verirlər: “Hadrutu təhvil verdin, indi harada yaşayacağıq?” Çünki İrəvana gələn Hadrut sakinləri təchiz edilməyib. Sosial İşlər Nazirliyi onlara baxmır. 10 nəfərlik qruplarda otaqlarda yerləşdiriliblər. Dövlət büdcəsində yemək nəzərdə tutulmadığını deyirlər. İnsanlar əlil arabaları almağa çalışırlar, İrəvanda tapılmır. Babası ayağını itirən əsgəri qucağında evinə aparır. Çünki Səhiyyə Nazirliyi mövcud deyil.
Ermənistan komadadır. Nikolla birlikdə erməni xalqı yetim qaldı. Yalnız Təhlükəsizlik Xidməti, polis, prokurorluq və məhkəmə işləyir. Onların isə işi Nikolu qorumaqdır. Mafiya qrupları özlərini silahlandırdılar, Nikolu və ailəsini şəxsən qoruyurlar. O, vətəni məhv edən, itirən, sınmış vətən xainidir”.
Minasyan ermənilərin təkcə Dağlıq Qarabağı yox, Mehrini də itirdiklərini bildirib.
Mənsur Rəğbətoğlu