“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq

“Google” şirkəti və “AP State FiberNet” telekommunikasiya operatoru Hindistanın Andxra-Pradeş ştatında lazer şüaları texnologiyasının köməyilə yüksəksürətli internet qoşulmanın çatdırılması üzrə şəbəkə istifadəyə verəcəklər. Bu təşəbbüs hökumətin 2019-cu ilədək 12 milyon ev idarəetməsinin (əsasən kənd sakinlərinin) internetə çıxışını təmin etmək istəyi ilə bağlıdır.

Gələn ilin yanvarından Hindistanda 2 min atmosfer optik rabitə nöqtəsi əlçatan olacaq. “Google”un nümayəndələri bildirib ki, bu layihə əsas giriş nöqtələrində kritik kəsilmələri aradan qaldırmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, “Google” şirkəti bundan əvvəl “Project Loon” adlı eksperimental layihəni sınaqdan keçirib. Stratosferin alt qatlarında (20 kilometrdən hündür) yerləşdirilmiş nəhəng hava şarları simsiz internet çatdırıb. Bu təşəbbüs planetin ən ucqar nöqtələrində yaşayan insanların internetə çıxışını təmin etmək məqsədi daşıyırdı.

Müstəqil.Az

Share: