Ermənistanda daxili siyasi qarşıdurmanın qarşısını almaq üçün KTMT-nin sürətli reaksiya qrupu gətirilə bilər.
Müstəqil.Az xəbər verir ki, bu iddia ilə “Lragir.am” saytı çıxış edib.
“9 noyabrdan sonra Ermənistan müxalifəti – 17 partiya etiraz aksiyası keçirir, Paşinyanın istefasını tələb edir. Mitinqlərin razılaşmanın icrası ilə əlaqəli olmamasıyla bağlı Lavrovun xəbərdarlığından sonra müxalifət Rusiya və Qarabağ bəyanatına qarşı yox, yalnız Paşinyana qarşı etiraz etdiklərini açıqladı. Müxalifətin müharibə məsələsi ilə bağlı ritorikası “Putin hər zaman haqlıdır” məsələsinə döndü.
Belə çıxır ki, baş nazirin istefasını tələb edən siyasi qüvvələr indi Putinə də qarşı mübarizə aparırlar? Rusiyanın siyasi planlarının məntiqi onu deməyə imkan verir ki, bir əllə Paşinyana dəstək verilir, amma digər əllə Moskva Paşinyanı sərt təzyiq altında saxlayır”, – sayt bildirib.
Məqalə müəllifi ölkədəki daxili qarşıdurmanın qarşısının alınması üçün Ermənistana KTMT qüvvələrinin yeridilə biləcəyini iddia edib:
“Əgər hökumət və ya müxalifət Putinin planından kənara çıxsalar, bu, real ssenaridir. Lakin hər iki tərəf Moskvaya sədaqət andı içiblər. Paşinyan hələlik öz öhdəliklərini icra edir, 17 partiya isə cəmiyyətdə ümidsizlik yaymaq missiyasını gerçəkləşdirir.
Burada ikinci bir məqam yaranır. Əgər nəzərə alsaq ki, Ermənistan demək olar ki, 9 noyabr razılaşmasının bütün bəndlərini icra edib, o zaman Rusiya prezidenti daha hansı bəndlərdən bəhs edir? Rusiya prezidenti daha hansı çətin hədəflərin olmasını vacib hesab edir və bunun üçün KTMT başçılarından dəstək almağa cəhd edir? Artıq tez-tez 9 noyabr bəyanatının gizli bəndləri haqqında danışmağa başlayıblar”.
İlkin Mete XAN