Dörd növü qeydə alınan bu otyeyən məməlilər suda yaşayıb, dayaz sahil zonasında yosunlar və dəniz otları ilə qidalanıblar.
Xarici görünüşcə bir az suitini xatırladıblar, lakin suitilərdən fərqli olaraq, quruda hərəkət edə bilməyiblər.
Dəniz inəyinə ancaq Komandor adaları sahilində rast gəlinib. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş olduğunu düşünürlər. Ətlərinin dadlı olması onların faciəsinə yol açıb. Kütləvi surətdə ovlandığından artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamam kəsilib.
Steller inəkləri ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan geri qalıb. 7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olublar. Əsasən sahil boyu ərazilərdə kiçik qruplar şəklində yaşayıblar. Yaxşı eşitmə orqanlarına malik olublar.
Astagəl, qorxaq və insana tez öyrəşmələri ilə seçiliblər. Bu xüsusiyyətləri onların insanlar tərəfindən ovlanmasını asanlaşdırıb.
Müstəqil.Az