İsa Məsihin azərbaycanlı övladları

İsa Məsihin azərbaycanlı övladları

Pərviz Cəbrayıl

İllərdi müşahidə edirəm. Azərbaycanda bir hadisə baş verən kimi, tutalım, biri nəsə bir yanlış hərəkət edib, hansısa formada cəzalandırılan kimi, cəzalandıranın kim olduğu qabardılmağa (əlbəttə, bu ölkədə cəzalandırma haqqı olanların 99 faizinin özünün hər parametrdə suçlu olduğu məlumdur), başqasını cəzalandırmağa mənəvi haqqının çatmadığını vurğulamağa başlayırlar. İksin kirlilik dərəcəsi İqrekin kirliliyinin alibisi olur. İksa nifrət İqrekə sevgi və cəzasızlıq tələb edir bu ölkədə.
Yəni X özü rüşvətxordursa, ya korrupsionerdisə, ya tutaq ki, oğrudursa, eyni suçu işləmiş birini cəzalandırmağa haqqı yoxdur.
Bu ölkədə insanlar onillərdi bu məntiqlə düşünür.
Arvadına, sevgilisinə xəyanət edən kişinin ona xəyanət edən arvadına, sevgilisinə söz demək haqqı yoxdur! Həmin məntiqlə. Unudulan nədir? Məsələ söz demək haqqında deyil, məsələ xəyanətin özünün, ümumiyyətlə, pis olmasıdır. Unudulan budur. Filankəs qəhbədirsə, demək, mənim qəhbəlik etməyim üçün heç bir məhdudiyyət yoxdur…
Məsələ ondadır ki, eyni məntiqlə ölkənin ən intellektual kəsimindən tutmuş cahilinəcən hamı həmrəydir, eyni şəkildə düşünür və mühakimə edir. Məsələn, elə mən özüm.
Deyirəm ki, üçrəngli bayrağın yaradıcısı Məmmədəmin Rəsulzadənin büstünü 91-ci ildən bəri vəd edib qoymayan, adını universitetə verəməyən, rüşvətin baş alıb getdiyi, təhsilin keyfiyyətinin sıfra endiyi BDU-nun bayraqla əski parçası kimi davranmış tələbəni universitetdən qovmaq haqqı yoxdur.
Qardaşlar, bacılar, belə məntiqmi olar?
Onda həmin BDU rəhbərliyi də özündən yuxarı instansiyalara baxıb eyni məntiqlə “nə istəyirik edək, onlar özü boğazacan nəyəsə batıb, bizi mühakimə etməyə haqları yoxdur” deyə düşnməkdə yüz faiz haqlıdır. O yuxarı da özündən yuxarı haqda eyni məntiqlə düşünsə nə olar (düşünür də)? Onda cəmiyyətin aşağısından yuxarısına kimi hər kəsin istənilən cinayəti işləmək və cəzasız qalmaq haqqı var. Nəticəsi nə ola bilər? Nəticəsi, uzağa getmək gərək deyil, gözümüzün qabağındakı Azərbaycandır.
Bu, İsa Məsihin “kimin suçu yoxdursa, daşı birinci o atsın” məntiqidir. Bəli, gözəl söz oyunudur. Həmin hadisə məqamında bir qadını bəlkə də xilas edə bilib. Ancaq o məntiqlə dünyada suçsuz insan varmı? Yox! Elə isə heç kimin heç bir suçlunu cəzalandırmaq haqqı yoxdur.
Analoji müqayisələr çoxdur. Eyni məzmunlu olmayıb, eyni məntiqli olanlar.
Raskolnikovun da məntiqi buna bənzəyirdi. O qarı onsuz da qocadır. Öləndən sonra bütün varidatını kilsəyə bağışlayacaq və o varidat zay olub gedəcək.
Demək, o qarı onsuz da bu gün-sabah öləcəyinə görə və onu öldürüb pullarından bəşəriyyətə xeyir vermək mümkünsə, qətli törətməyin qarşısını nə ala bilər?
İndi Azərbaycan eynən Raskolnikov və İsa Məsih məntiqiylə düşünür. Rüşvət alan prokurorun müttəhimə həbs cəzası istəmək, rüşvətxor hakimin hökm çıxarmaq haqqı varmı? Bizim məntiqlə yox!
Varlığı bir qara şahıya dəyməyən şou-biznes əhli o şəhidlərin qanıyla şərəflənmiş bayrağı bədənlərin bütün murdar yerlərinə yapışdıra bilirsə və buna susulursa, o zaman bir cahil və hələ cahil olduğuna görə də məsum hesab edilən tələbənin də o bayraqla hər cür artistlik etmək, rüşvətxor təhsil müəssisəsinin bəlkə də rüşvətxor müəllimi olduğuna görə o qocaman müəlliməyə sayqısızlıq etmək haqqı var! Hələ o uşağın sabah allah etməmiş, cəbhəyə gedərsə, şəhid ola biləcəyi ehtimalı da alibi hesab edilir. Sa-sə…
“Sa-sə” bir cəmiyyətin idarə məntiqi sayıla bilərmi? Deyəsən ölkə AzərbaycandırSa, hə…
Share: