Yaralı əsgərləri “oğlum” deyə bağrına basan Həbibə ana

 Yaralı əsgərləri “oğlum” deyə bağrına basan Həbibə ana

Nurəddin ƏDİLOĞLU  yazır

İbo təxəllüslü yaralı döyüşçünün anası Həbibə Qasımovanın  nigarançılığı barədə qardaşı Məhərrəm İbrahimlinin dilindən eşitdiklərim mənə Xalq şairi Süleyman Rüstəmin 1941 – 1945-ci illər müharibəsi dövrünün arxa cəbhədəki əhvali-ruhiyyəsini əks etdirən “Ana və poçtalyon” şeirini xatırlatdı

İkinci Dünya müharibəsinin ağrı-acılarını yalnız kinolarda görüb, kitablardan oxuduğumuz illərdə həmin şeiri Azərbaycan televiziyasında  Vera Şirye adlı yaşlı aktrisa tez-tez ifa edərdi. Elə bil rəhmətlik Süleyman Rüstəm “Ana və poçtalyon” şeirini  Azərbaycan dilinə sonsuz sevgisi olan  o qiraətçi aktrisanın qaltanlı, məlahətli səsi üçün yazmışdı. Cəbhədə döyüşən oğlundan məktub gözləyən bir ananın poetik obrazı həm də bu gün 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunmuş  doğma Qarabağda  üçrəngli bayrağımızı əzəmətlə dalğalandıran, Vətən, torpaq, millət uğrunda canını fəda etməkdə bir an belə tərəddüd etməyən oğulların yolunu gözləyən ana və bacıların,  nişanlı qızların nəcib duyğularını, Azərbaycan xanımına xas mənəvi keyfiyyətlərini, vətənpərvərliyini bir daha göz önündə canlandırır.

“Salam ana, sənə bu məktubu Füzulidən hərbi  xəstəxanadan yazıram. Yüngül yaralanmışam, narahat olma,  əksinə,  sevin ki, mənim kimi oğul böyütmüsən. Füzuli şəhərinin işğaldan azad edilməsində mənim də payım var,  buna cox sevinirəm. Çünki Birinci Qarabağ  müharibəsində  kəndimizdən Saiq Qənbərovun şəhid olduğu Alxanlı kəndinı, Rüstəm Qasımovla Fədail Abbasovun şəhid olduqları Horadizi erməni faşistlərindən azad etmişik…”

Könüllü döyüşçü İbrahim Qasımov bu ismarıcı mobil telefonu ilə ilk dəfə anası Həbibə xanıma yollayıb. O, 2016 –ci ildə  Aprel döyüşlərində iştirak edən qardaşı Şəmsəddinə görə anasının çəkdiyi iztirabların  günlərlə şahidi olmuşdu. Ona  görə də indi anasını çox  intizarda saxlamaq istəmirdi. İbrahim  tezliklə sağalır  və  yenidən Cəbrayıl rayonu istiqamətində gedən  döyüşlərə  qatılır.  Çox çəkmir ki, yenə anasına yazır:  “Salam  ana, şükür Allaha, sağalmışam, bu gün də Cəbrayılı  işğaldan azad etdik,  sevincimin həddi-hüdudu yoxdur. Axı, 1993-cü  ildə rəhmətlik Əsgər kişinin oğlu Zaur buradakı döyüşlərdə itkin düşmüşdü…  Ana, ücrəngli qələbə bayrağımızı Cəbrayıl şəhərində dalğalandıran əsgərlərin cərgəsində mən də var idim. İndi hərbi  hissəmizin bir bölüyü Zəngilanı, biz isə Qubadlını azad etməyə hazirlaşırıq. İnşallah, tezliklə qələbə xəbərini birinci sənə yazacam!..”

Həbibə xanım bir neçə gün gözləsə də, oğlundan soraq gəlmir. Bir axşam Ali Baş Komandan  televiziya vasitəsilə xalqa növbəti şad xəbəri verdi: “Qubadlı şəhəri işğaldan azad olundu!”

Ana hamı kimi bu şad  xəbərə sevinsə də, oğlundan soraq ala bilməməsi onu çox narahat edirdi. İntizardan sarsılan ana  hətta  mobil “poçtalyonu” qınayırdı .  Günlərin bir günü  telefonuna gələn zəng Həbibə xanımın nigarançılığına son qoyur, danışan oğlu  idi: “Bağışla ana, sənə xəbər verə bilmədim.  Qubadlıya daxil olanda yaralanmışam. Yoldaşlarımın köməyi ilə döyuş bölgəsindən cıxarılıb qospitala gətirildim. Darıxma ana, yaram ağır deyil.  Həkimlər yaxşı baxırlar,  deyirlər, inşallah  tez sağalacaqsan!”

Aradan  çox  keçmir  ki,  İbrahim atası Seyrana da zəng edir. “Salam ata, məni  beş yaralı əsgərlə birgə Neftçaladakı  qospitala gətirirlər. Anam  bilsə,  evdə qərar tuta  bilməyəcək. Sən özün onu  gətir ki, öz gözləri ilə sağ-salamat olduğumu görsün…”

Ana o gün Masallıdan Neftçalaya bir saatlıq yolu sanki bir günə qət etdi. Düşünürdü ki,  bəlkə  oğlu çox ağır  vəziyyətdədir.  Təcili yardım maşını xəstəxananın  qarşısında dayandı. Yaralıları  bir-bir palataya aparanda ana  hamısını bağrına basıb “oğlum” deyə,  öpüb-oxşayırdı. Birdən  o, “İbo” deyib qışqırdı. Sən demə, İbrahim  bu dəfə çox ağır yaralanıbmış…

Yaralı  əsgərimizin dayısı Məhərrəm İbrahimli uzun müddət Masallı Rayon  İcra Hakimiyyəti başçısının Xırmandalı kəndi üzrə ərazi nümayəndəsi vəzifəsində çalışıb. Deyir ki, ərazimizdən 102 nəfər Vətən uğrunda döyüşlərdə iştirak edib. Onlardan 85 nəfəri bizim Xırmandalı kəndindəndir. Əksəriyyəti kimi,  bacım oğlu İbrahim Qasımov da  sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək  döyüşlərə könüllü qatılmışdı. İbrahim hazırda sağalıb,  Beyləqanda  N saylı  hərbi hissədə xidmətini davam etdirir. M. İbrahimli qeyd etdi ki, Birinci Qarabağ savaşında Xırmandalı  kəndindən 5 nəfər şəhid olub, iki nəfər itkin düşüb. İtkin düşənlərdən biri Azərbaycanda  tanınmış mərhum tərcüməçi –alim  Əziz Gözəlovun oğludur. Üç əcnəbi dil  bilən Nasir də  Qarabağ uğrunda döyüşə könüllü yollanmışdı. Onun döyüş yolu haqqında kitab yazılıb.  Kəndin digər şəhidi Xıdır Məmmədov haqqında isə  “Fədakar” adlı sənədli film çəkilib. Məhərrəm İbrahimli  onu da vurğuladı ki, Xırmandalı kəndinin bünövrəsi cəsur ürəkli, mərd kişilər tərəfindən qoyulub: “İkinci Dünya müharibəsində kəndimizin 150 nəfər övladı iştirak edib, onlardan 73 nəfəri qanlı-qadalı  cəbhələrdən geri qayıtmayıb. Bu  gün Vətən uğrunda döyüşlərə qatılan Xırmandalı kəndinin gəncləri də həmin qoçaq kişilərin  nəvə-nəticələridir. Könüllü döyüşçülərdən Hüseyn Hüseynli, Elçin Fətullayev, Əhəd Həmidli, İbarət Mehdiyev, Asim Qasımov, Əlimərd İmanzadə, Elmar, Elcan, Elmin Babaşovlar, Əmrah və Səddam Abışov qardaşları, Elməddin Nemətoğlu, Toğrul Əmənov, Nəzər Qurbanov, İmamverdi Ağaşov, Əfləddin Dadaşov, Yaşar Nəbiyev, həkim Amil Quliyev, Tahir Hüseynov, Meyxoş Çobanov, Abusəməd Niftiyev, Vüsal Kərimov, Saiq Qurbanov, Əlihüseyn Fətullayev, Səmid Səfərov, ehtiyatda olan baş leytenant Xəlil Ramazanov və başqaları kəndimizə başucalığı gətirən fədakar oğullardır. Bu igid oğulları  bir amal uğrunda birləşdirən onların Vətənə, xalqa, dövlətə tükənməz sevgisi idi. Döyüşlər zamanı əsgərlər ağır  yaralansalar da, sonadək cəsarətlə, igidliklə vuruşdular. Şücaətləri ilə düşmənə gözdağı verdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır.”

Sonda həmsöhbətimiz bildirdi ki,  üçrəngli Azərbaycan bayrağını öz qanları, canları bahasına Qarabağda  göylərə ucaldan qazilərimizi  yada salmaq,  müqəddəs  Vətən savaşında  şəhid  olan əsgər və zabitlərimizin   xatirələrini əziz tutmaq isə hər birimizin vətəndaşlıq borcudur: “Yaşasın Azərbaycan, eşq olsun müzəffər Milli Ordumuza!”

 02.12.2020

Share: