Xalqın vətənpərvərlik ruhunu öldürməyin

Xalqın vətənpərvərlik ruhunu öldürməyin
(Vacib məsələ)
 

Azərbaycan Vətən müharibəsində qələbə qazandı. Düşmən tərəfdən fərqli olaraq ordumuzda bircə nəfər də olsun fərari olmadı. Dünyada analoqu olmayan xalq-dövlət birliyi nümayiş etdirdik. Telefola, kompyuterlə məşğul olduqlarını deyib, qınadığımız cavanlar qəhrəmanlıq salnaməsi yazdılar.

Təəssüflər olsun ki, bu gün də onları vətənpərvərlik ruhunda tərbiyə edən müəllimləri arxa planda saxlayırıq. Televiziya böyük təbliğat sahəsidir. Lakin televiziya kanallarında bu BÖYÜK QƏLƏBƏyə qiymət vermək üçün əsgərlərimizi yetişdirən müəllimləri deyil, şou əhlini dəvət edirlər.
…Paylaşdığım bu şəkil təsadüfən əlimə keçib. Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova əsgər şagirdinin əlindən öpür. Tətik sıxan barmaqlarını gözlərinə sürtür. Onunla qürur duyduğu, fəxr etdiyi baxışlarından oxunur. Sözün düzü bu şəkli görəndə özüm də kövrəldim. Bizə ata-ana qayğısı göstərən, uğurumuza fərəhlənən, kədərimizə qəmlənən müəllimlərimi xatırladım.
Bu gün şou əhlinin süni vətənpərvər söhbətlərini eşitməkdənsə, cəfakeş müəllimlərimizin tövsiyələrini dinləmək daha məqsədəuyğun olmazmı? Axı, şəhid olmuş əsgərlərimizi onlar qədər heç kim tanıya bilməz.
Təhsil Nazirliyinin bütün televiziya şirkətləri ilə birgə lahiyəsi olmalıdı. İstər vətənpərvərlik mövzusunda, istərsə də elmi-tərəqqi sahəsində möhkəm iş birliyi qurulmalıdır. Yoxsa televiziya toyxana deyil ki, bütün mövzularda manıslar məsləhət versin.
Bütün televiziya rəhbərlərinə üz tutub deyirəm ki, heç olmasa indi vətənpərvərlik ruhunu öldürməyə çalışmayın. Xalq daha mütrüflərin boyalı sözlərini eşitmək istəmir. Biz qalib xalqıq, müzəffər ordumuz var. Vətən müharibəsində əsgərlərimizin göstərdiyi şücayəti təbliğ edin. Bu gün millətdə oyanmış bu ali hisləri bayağı verlişlərinizlə söndürməyə çalışmayın. Ali Baş Komandanın birləşdirdiyi xalqı ayrılmağa deyil, daha da sıx birləşməyə çalışın. Bu sizin vətəndaşlıq və vəzifə borcunuzdu.
Bəlkə düz demirəm?
Oxucuların fikri maraqlıdı.
Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvi,
Prezident təqaüdçüsü.
Share: