Ürəyimin harasında istəsən Sənin üçün saray tikim, sən də bax

Ürəyimin harasında istəsən Sənin üçün saray tikim, sən də bax

Şərafəddin İLKİNlin yeni şeirləri

DÜNYA GÖZÜMDƏN DÜŞÜB
 
Heç görmədim vəfasın-
Dünya gözümdən düşüb.
Çox çəkmişəm cəfasın-
Dünya gözümdən düşüb.
 
Vaxtsız saralan, solan,
Gah boşalan, gah dolan…
Ölümü mütləq olan-
Dünya gözümdən düşüb.
 
Hər bağın barın dərən,
Haqqı nahaqqa verən,
Özü bilirmi görən
Dünya, gözümdən düşüb?
 
Müqəssirdi, canidi,
Yaranandan fanidi.
Hər bir işi anidi-
Dünya gözümdən düşüb.
 
Özümə yar seçəndən,
Eşq badəsin içəndən,
O qız gəlin köçəndən-
Dünya gözümdən düşub,
Yaman gözümdən düşüb…
 
SƏNSİZLİYƏ ÇƏTİN DÖZƏM
 
Məni olduğum kimi qəbul edən, qəlbimdən keçənləri gözlərimdən oxuyan,
bütün dərdlərimin ortağı, ürək dostum,
can sirdaşım Şahinimi itirdim. Dünyam alt-üst oldu…
 
İnsan odu yaddaşlardan itməyə,
Əkdiklərin daha bitə, bitməyə…
Çox tələsdin aramızdan getməyə,
Başın üstün vaxsız aldı çən, qardaş.
 
Sənsiz gözlər boşalacaq, dolacaq,
Anan bilib saçlarını yolacaq…
İnnən belə kim həmdəmim olacaq?
Dərdlərimə ortaq qardaş, tən qardaş.
 
Deyəmmədin son arzunu, sözünü,
Yolda qoydun hamımızın gözünü.
Ömrün boyu düşünmədin özünü,
Quş tək yığdın balalara dən, qardaş.
 
Bacıların kədərdən don geyirlər,
Qohum-qardaş dizlərinə döyürlər.
Mənə “bəsdi, səbirli ol” deyirlər,
Çətin dözəm sənsizliyə mən, qardaş,
Gözlərimi ağlar qoydun sən, qardaş…
 
 
SƏN DƏ BAX…
 
Barmağımı kəsəcəyəm, “kəs” desən,
Mehə dönüb əsəcəyəm, “əs” desən,
Ürəyimin harasında istəsən
Sənin üçün saray tikim, sən də bax.
 
Sənə görə ömrümün bu çağında
Əridərəm ürəyimin yağın da…
O sarayın baxçasnda-bağında
Mən ətirli güllər əkim, sən də bax.
 
Unutmur ki, əgər sevən ürəksə,
Aşiqinə məşuq özü köməksə.
O bağçanın çiçəyindən gərəksə
Arı kimi şirə çəkim, sən də bax.
 
Pak sevginin uyuduğu beşiyəm.
Səndən başqa yox sahibim, yox yiyəm…
Ürəyinə qaravulam, keşiyəm,
Buraxmayım ora heç kim, sən də bax.
 
EHTİYACIM VAR
 
Qəlbimin oduyla isitdim sizi,
Hər yerdə başıma tac etdim sizi.
Əzab-əziyyətlə böyütdüm sizi,
Könlümdə gör neçə ağrım, acım var-
Mənim indi sizə sizə ehtiyacım var.
 
Daş, dəmir deyiləm, mən də bir canam,
Qoymayın həsrətdən qovrulam, yanam.
( “Oğul” deyə-deyə sızlayan anam,
“Qardaş” deyə-deyə yanan bacım var)-
Mənim indi sizə ehtiyacım var.
 
Dodağım gülüşsüz, sinəm dağlıdı,
Gözüm kiriyəndə könlüm ağladı.
Mənim xoşbəxtliyim sizə bağlıdi,
Nə olsun şöhrətdən başda tacım var-
Mənim indi sizə ehtiyacım var.
 
Sizi bu ərsəyə mən gətirmişəm,
Arzu istəyimə tən gətirmişəm,
Quş tək dimdiyimdə dən gətirmişəm,
Daha nə tərlanım, nə turacım var,
Mənim indi sizə ehtiyacım var.
 
Siz mənə Tanrıdan pay, balalarım,
Veriniz səsimə hay, balalarım.
Dərdiz mənə gəlsin, ay balalarım,
Sizsiz nə dərmanım, nə əlacım var-
Mənim indi sizə ehtiyacım var.
Share: