Xəyal gah dağdadır, gah da aranda…

Xəyal gah dağdadır, gah da aranda…

Qarabağda Oğlanqala. Ağoğlan abidələri nələrdən danışir

Oğlanqala Azərbaycanın Qarabağ vilayətində Xaçın çayının sağ sahilində tarixi qaladır. Xalq arasında digər adı ilə də Tarxan qala deyə tanınmışdır. Qarabağ vilayətində tarixi ərazi olan Xaçın diyarının mərkəzi olmuşdur. Xaçın çayının sağ sahilində yerləşirdi. İndi xarabalıqları durmaqdadır. Bura Ağdərə rayonunun Vəng ərazisindədir. Saxta erməni tarixində – ermənidilli
mənbələrdə Xoxanaberd kimi göstərilən Oğlanqala sonralar ermənilər tərəfindən əsil tarixi “bərpa etmə” məqsədilə dəyişdirilib rəsmən Xoxanaberd qoyulmuşdur. Yurdun bayatısında isə Oğlanqaladır:
Bu qala Oğlanqala
Qız qala, Oğlan qala.
Daşdan zireh geyinmiş
Oğlandı Oğlanqala.
Bununla yanaşı Oğlan qala abidəsi Masallı rayonu Qəriblər kəndində, eləcə də Naxçıvanda Arpaçay sahilində Qaratəpə dağında eramızdan əvvəl 2-1-ci minilliklərə aid hərbi istehkam – tikinti, qala adıdır. Malatyada (Türkiyə) Kara oğlan dağı, Bursa, Tunceli, Eskişehir, Kayseridə Sarıoğlan, Karaoğlan köyləri vardır.
Tarixən oğlan-uvlan-uylan “xan ailəsi üzvü, şahzadə” mənasını ifadə edirdi. Sonralar get-gedə oğlan, ulan dedikdə hərbi termin “xan mühafizəçiləri” nəzərdə tutulurdu. Qədim türk yazılı abidələrində, o cümlədən Talas abidəsində də oğlan (Oğlan Çur) titul yerində işlənmişdir.
Odur ki, qalanın və ya tarixi yaşayış məntəqəsinin digər adı Tarxan (qala) adı da qədim türklərdə oğlan sözü kimi şərəf rütbəsi olduğundan bu adların hər ikisinin müvazi şəkildə işlənməsi təbii görünməlidir.
Beləliklə, böyük Türk coğrafiyasında, o cümlədən, Kırımın toponimiyasında Ulan Duvanköy, Ulan Eli, Ulan kənd adları, Tula vilayətindo (Rusiya) Ulanovka, Türkmənistandakı Oğlanlı dağı və yaşayış məntəqəsi adı, Tatarıstandakı Ulan, Ulanovo (əski Ulan Eli) kənd adları şübhə yox ki, xan ailəsinə məxsus torpaqların adlarını bildirmişdir. Azərbaycanda da həmin qədim semantika ilə səsləşən Ağ Oğlan (indi Hadrut) və Ağoğlan çayı, Üçoğlan (Ağdam rayonu), Qara Oğlan (Ağdaş və Goranboy rayonlarında) yer adları vardır. 1923-cü ildən (zorakı yolla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən) qədim Ağ Oğlan qəsəbəsinin də adı dəyişdirilərək Hadrut qoyuldu. Lakin adını ərazisindəki Ağ Oğlan məbədindən götürən yaşayış məskəninin adı müxtəlif mənbələrdə hər zaman Ağ Oğlan olmuşdur. Tarixi sənəd dəyəri daşıyan “Qarabağnamə”də: Həmin ilin oktyabrında Ağzıpara adı ilə məşhur olan general-mayor Kotlyarevski gecə Ağ Oğlandan Aslandüzə Abbas Mirzənin üzərinə hücuma keçib onun qoşununu dağıtdı (Mirzə Yusif Qarabağı. “Tarixi-Safi”). Burada adı çəkilən Kotlyarevski Rus-İran müharibəsində əlahiddə bölüyə komandanlıq edirdi və öz amansızlığı və qəddarlığı ilə seçilirdi. Rəssam Vereşşaginin “General Kotlyarevskinin Lənkəran qalasını alması” tablosu vardır. Onu Puşkin də mədh etmişdi:
Hey! Kotlyarevski-Qafqazın qənimi!
Qəhrəman! Səni vəsf edirəm!
“Oğlan” sözü qədim türklərdə olduğu kimi rus dilində də titul kimi işlənmiş (oqlan-ulan “gənc, şah oğlu”), get-gedə bu dildə hərbi terminə çevrilmişdi. Rus Ordusunda ayrıca qoşun hissəsi-kavaleriya xüsusi alayı və kavalerist nəfəri mənasında olan “ulan” hərbi termini ulan-oğlan sözü ilə bağlıdır.
Mina Xanım Təkləli -Nuriyeva
professor
Share: