ABŞ haqqında danışarkən tənqid olunası əsas məsələlərdən biri, bəlkə də birincisi əndirəbadi seçki institutudur. Uzun illərdir Amerikanın özünə belə xeyri olmayan seçki texnologiyalarını təbliğ, tərənnüm edən Amerika dostları “demokratiya ixracı” siyasətinə dəstək verir yaxud dəstəkçi kimi görünürdü.
Əlbəttə, biz ucdantutma “Amerika adına nə varsa pis, bizlərdə hər nə olubsa yaxşıdır” düşüncəsində deyilik. Lakin ABŞ gerçəklikləri ABŞ təbliğaına uduzur və bu uduzmaq getdikcə daha da artan tempə malikdir. Əsrin, çağın bu vaxtında irqi ayrı-seçkilik mərəzindən qurtulmayan zehniyyət haradadır? – ABŞ-da. Özü maraqları naminə öz elan etdiyi dəyərləri tapdalayan dövlətlərin başında hansı dövlət gəlir? – ABŞ. Aid olduğu coğrafiyadan çox uzaqlarda “demokratiya, insan hüquqları, fikir və söz adlığının təmini” adı ilə günahsız insanların qanını axıtmağı kim təmin edir, təminatlı ölkələri kim talan edir? – ABŞ və ABŞsayağı dövlətlər. (Problem ondadır ki, ABŞ-ı tənqid edirmiş kimi görünən başqa dünya gücləri də bir çox hallarda ABŞ-la tandem təşkil edir, o üzdən dünyada hüzur yoxdur, dinclik yoxdur, necə deyərlər, dünyavi asayiş, ədalət təmin olunmayıb. ABŞ, Fransa və bir çox b.-nın da Azərbaycana, eləcə də, qardaş Türkiyəyə münasibətdə necə tandem təşkil etdiyini yaxşı bilirik. Baxarsan bir-biri ilə arası pozuq olan, bir çox məsələyə münasibətdə diametral fərqli davranan ölkələr, başda ABŞ olmaqla, bizlərə münasibətdə, daha doğrusu, münasibətsizlikdə, həmən sözbir, dilbir, işbir ola bilir…
Uzun sözün qısası,
bugünlərdə ABŞ demokratiyasının üzündən betər astarı bir daha göründü.
Bu ölkədə istər keçmiş prezident Barak Obamanın, istərsə indiki prezident Donald Trampın dövründə mövcud olan durum -demokratiya yox, geridemokratiya, -insan hüquqlarının təmini yox, kobud hüquq pozutularının tendensiyaya (bəlkə, tendensiya sonrası qanunauyğunluğa) çevrilməsi, -polisin asayişi qoruyan rolunda deyil, qəddarlığı təmin edən obrazda meydangir olması iləxarakterizə edilə bilər.
Əslində, Obama və Tramp iki əzəli rəqib partiyanı, iki fərqli ideologiyanı təmsil edir: demokratları və respublikaçıları. Heç olmazsa, biri pis olanda digəri yaxşı olmalıydı – “yaxşı polis, pis polis” obrazı ABŞ-da “pis polis, daha pis polis” obrazsızlığı ilə süslənməkdədir, qaliba…
Barak Obama (ondan öncələr Bill Klinton) demokratları, Donald Tramp (ondan öncələr Corc U.Buş) respublikaçıları – rəqib ideologiyaları, əzəli rəqib partiyaları təmsilən Prezident seçilsələr də, ABŞ-ın dünya siyasətində oynadığı rol, elan etdiyi roldan fərqli oldu. – Nə Amerika əhalisinin, nə xaraba qoyduqları ölkələrin əhalisinə fayda verdi o rol… Sanki bir mərəzdi Amerikanizm, demokratı da, respublikaçısı da o mərəzə tutulub: qan-qada, dağıntı, pozuntu, ikilistandart, nihilizm və s…
İndiki ideologiyası Amerikan liberalizmi, proqressivizm olan, üzv sayı 45.715,952 nəfər təşkil edən demokratların partiyası 1824-cü ildə yaradılıb. ABŞ Demokrat Partiyası (və ya Demokratlar Partiyası) ölkənin ən qocaman partiyasıdır. Partiyanın gələnəksəl rəngi mavidir.
İdeologiyası mühafizəkarlıq, Amerikan istisnaçılığı, ifrat sağçılıq və plutokratiya olan respublikaçıların üzv sayı 33.284,020 nəfər təşkil edir.
1854-cü ildə qurulmuş ABŞ Respublikaçılar Partiyasının (və ya Görkəmli Qoca Partiya) qeyri-rəsmi rəngi qırmızıdır.
Beləliklə, ABŞ-da seçki və ideologiya tərəfləri arasındakı dartışmaya mavilərlə qırmızıların mübarizəsi də demək olar.
Mavi – soyuq, sakit, bir az passiv rəngdir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır.
Mavi rəngin barış, sevgi çaları olsa da, ABŞ üçün bu nə qədər keçərlidir? – Sual açıqdır…
Fiziki güc və hərəkətliliyin rəmzi olan qırmızı rəng daha çox, ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edirsə, ABŞ üçün güc, gücün nümayişi ehtirası, müharibə və daha çox hakimiyyətlərə təsir imkanı kimi xarakterizə oluna bilər. Bu xarakteristikaların hamısını olmaz olsun. Təkrar çıxmasın, nə özünə, nə özgəsinə xeyri var mavili-qırmızılı ABŞ ikipartiyalılığının. Bir medalın o biri üzüdürlər… Məsələn, qaradərilər bu iki rəngin arasında qalır… Qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bununla bağlı geniş sosial etirazlar, insanların öz hüquqlarını müdafiə etmə, sərbəst toplaşma hüququnun qarşısının sərt şəkildə alınması necə səciyyələndirilə bilər? – Demokratiya? – Deyil. Təsadüf – Deyil. Bəs o zaman nə? – ABŞ-ın dünyanın dörd yanında tətbiq etdiyi ikilistandartların, ikiüzlülüyün, daha necə bəd əməllərin öz içində bu və ya başqa biçimdə təzahürü, təcallası, çevrilməsidir söhbətin mövzusu…
Bugünlərdə ABŞ Konqresində baş verən məlum olaylar təkcə demokratiyanın böhranı kimi yox, həm də, keçmiş SSRİ-dən sonra özünü tək superderjava sayan dövlətin əsaslarını sarsıdan hadisə kimi qiymətləndirilməyi haqq edir. Heç təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil siyasi sistemə malik ölkələr arasında paralellər aparır.
Artıq bəlli olduğu kimi, olaylar vaxtı etirazçılara qarşı şiddət tətbiq olunub, hüquq mühafizə orqanları yetərincə qəddar davranıb, sonucda 4 nəfərin həlak olması, daha çox adamınsa xəsarət alması barədə xəbərlər yayılıb.
ABŞ-da keçirilmiş son prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı Tarmpın, Tramp tərəfdarlarının iddiaları, hətta “seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olması” Amerika demokratiyasının artıq fəlc olma həddinə çatması kimi qiymətləndirilə bilər.
Beləliklə, etirazçılara qarşı şiddət tətbiqinin geniş miqyas alması antidemokratiyanın ta özüdür ki var.
Hələ 2015-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinin şübhə altına alınması, kənar müdaxilələr haqqında iddiaların gündəmə çevrilməsi Amerikada seçkilərin demokratikliyini zatən şübhə altına almışdı. Xatırlayırsıza, 44 günlük Vətən Müharibənin gedişində ABŞ-ın “Fox News” kanalının jurnalisti Azərbaycan Prezidentindən müsahibə aldı. Müharibə mövzulu müsahibə vaxtı (24 oktyabr 2020) jurnalist özünü müstəntiq yerinə qoyaraq, Azərbaycanın daxili siyasətinə dair xeyli əlaqəsiz suallar verincə, cənab Prezident onu tutarlı cavabla susdurdu. O ironiyanı yaxşı xatırlayıram. Jurnalistin öz ölkəsindəki seçkilərdə qalib gələnlərin hamısının demokratik və şəffaf şəkildə seçildiyini bildirməsi üzərinə, bizim dövlət başçımız “Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş…” deyə təbəssüm etdi. O zaman jurnalistə “Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident” demək qalmışdı...
Fikirlərimizi yekunlaşdırarkən daha nələri demək olar? –
ABŞ-da baş verən olaylar geridemokratiyanın, anti-demokratiyanın “təsadüf” deyib keçilməyəcək dərəcədə irəlilədiyini göstərir; bu, hətta tendensiyadan da o tərəfə ötərək, “ABŞ qanunauyğunluğu” kimi də xarakterizə oluna bilər;
ABŞ polisinin qəddar davranışının nümayiş etdirilməsi də qaradərili vətəndaşlara qarşı ötən aylar, illər boyu edilən vəhşiliklərin bir qədər fərqli formasıdır. İşə baxın ki, həmin o Amerika bundan qat-qat yumşaq olaylarda başqalarını, konkret olaraq, Azərbaycan asayiş keşikçilərini “ittiham” etməyin aludəçisidir. – Yəni “sənin polisinin davranışı daha yumşaq olsa da, ittiham olunmalısan – çünki sən Azərbaycansan, Türkiyəsən”. – Eləmi?.. – Keçməz, bə, Amerika, keçməz! Özün örnək olmadığını özgəsindən tələb etmə haqqın ola bilməz. Sən o haqqı tapançanı dubinkadan qabağa keçirincə itirmisən. Sən o haqqı irq ayrı-seçkiliyi salınca itirmisən – çoxdan. Sənin ərazində hələ də “Tom dayının daxması”na gərək var…
Amerikada köləlik sistemi, irqçilik on illər öncə rəsmən ləğv edilmiş olsa da, şüurlarda, rəsmi və ABŞ cəmiyyəti təzahürlərində hələ də öz izlərini saxlamaqdadır. Bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyata malik qaradərililərin ağlasığmaz məhrumiyyətlərə düçar edilməsi keşkə də yalnız kitab səhifələrində, bədii əsərlərdə qalsaydı… Və o illərdə belə bizim xalq, bizim dövlətlər, hakimiyyətlər insanları dininə, dilinə, irqinə, dərisinin rənginə görə məhrumiyyətlətə düçar etməyib..!
Və nəhayət: ABŞ Konqresində baş verənlərlə bağlı yalnız bizlər yazmır, yalnız bizlər danışmırıq; buyursunlar düz-dünyanın yazdığına, dediyinə, göstərdiyinə diqqət etsinlər. Və bir ağıllı sonuca varsınlar. Dövlət ağlı yoxdu yoxdu, heç olmasa, din ağlı, elm əqli, mənəviyyatın üzağlığı olsun… ola bilirsə…
İkilistandartlar hərlənib-fırlanıb okeanın o tayına dönmüşdür, əfəndim…
Bakı. Xəzərin bu tayı. 07.01.2020