Tanrı “vergi” verib bizə…

Müasir şairlərə təklif
(satira)
 
Şeirdən kənarda duraq,
Tapdalayaq,yıxaq,vuraq,
Gəlin biz də biznes quraq,
Xalqa təsəlli verməyək!
 
Zibil ataq “liman”lara,
Biz də düşək “duman”lara,
Bizdən kömək umanlara,
Çörəyi isti verməyək!
 
Pişik soxaq “çuval”lara,
Qonaq gedək kanallara,
Ciddi-ciddi suallara,
Cavabı ciddi verməyək!
 
Kasıb, pencəyin süzülüb,
Yamaqlı astar sökülüb…
Kasıbların bəxti ölüb,
Üç verək, yeddi verməyək!
 
Şairlər, qanun var təzə:
“Vergi verin çıxın üzə”.
Tanrı “vergi” verib bizə,
Biz niyə “Vergi” verməyək?!
 
“Keçmişin qırıntıları”
 
Görüş təşkil edərdim,
Həyəcanla gedərdim.
Cibimdə gizlədərdim
Əlim tir-tir əsəndə…
 
Çox həssas idik onda,
Məndən küsərdi o da.
Hər hansısa kinoda,
Qız oğlandan küsəndə…
 
Keçən günün dünəni-
Son dəfə sevdim səni.
Son dəfə sevdin məni-
Saçlarını kəsəndə…
 
Alboma bax darıxma-
“Sən, uçan sevgi, daxma”.
Ovcuna sıx, buraxma,
Tez gedir tələsəndə…
 
“Biz”i unutma barı,
Qismətdir günahkarı.
Allahın ixtiyarı
Nə məndədir, nə səndə!
Elvin İNtiqamoğlu
Sumqayıt Dövlət Universiteti,
filologiya fakültəsi, IV kurs 

Share: