Digah, Bakının otuz iki kəndindən biridir, inzibati baxımdan-Azərbaycan Respublikası Abşeron rayonunun, şəhər tipli, inzibati ərazi vahididir.
Şəkildə gordüyünuz bu lövhə, Digahın girişində vurulub ki, bu məkanı adıyla tanıya bilək…
Əvvəllər bu lövhədə, yer adı olaraq, təkcə Digah sözü yazılmışdı. Təxminən iki-üc il əvvəl, bu lövhədəki “Digah” sözünü “Əliciraq” sözu ilə əvəz etdilər. Çox keçmədi, kənd təzədən öz əvvəlki adına- Digah adına qovuşdu. Bu hal bir neçe dəfə təkrarlanandan sonra, indiki Əliçıraq-Digah halına gəldi. Düzünə yazılmış yazının başına, səkildə də gördüyünuz kimi, yuxarıdan aşağı, perpendikulyar bir “Əliçıraq” əlavə olundu…
Bu nə ad dəyişmədir? Axı nə baş verir?
Neçə yüz illərdir ki, bu kənd elə bu adla – Digah adı ilə tanınır. Tarixi mənbələrdə də elə elə bu ada rast gəlinir. Uzun illərdir burada yaşayan insanların da yaddaşında, ruhunda Digah adıyla özünə yer eləyib. Son dövrlərdə bu kəndə, respublikamızın başqa ərazilərindən də köc edənlər olub. Yəni, köc edib gəlmiş insanlar, gələndə özləri ilə əvvəlki yaşadıqları kəndin adını da gətirib və bu insanlar deyirlər ki, “biz ozümüzü burada Əliçıraqlı kimi daha rahat hiss edirik, Digahli kimi yox”.
İşin hüquqi tərəfini qoyuram bir tərəfə, zatən bu məsələdə qanun işləsəydi, belə pozuntular da olmazdı…
Əsas ağrılı məsələ odur ki, biz bölunə-bölünə, kiçilə- kiçilə gedirik…və hara gedirik?!, – sualına da cavcab axtarmaq istəmirik. Cəmiyyət ola bilmirik, toplum ola bilmirik. Hər bir vətandaşımıza özümuzünkü kimi baxa bilmirik, ayırırıq; məhəllə- məhəllə, tayfa-tayfa.
Nə qədər ki, bu bölücülük, şüurumuzda kök atıb, nə qədər ki, lerikli bakılını lerikli, bakılı leriklini bakılı hesab eləmir ümumi birlikdən və inkişafdan danısmaq cətin görünür. Sadəcə, lokal, ötəri, keçici nəticələrin şahidi ola bilərik. Bu kimi kiçik nüanslar gələcəkdə idaretmədə ciddi problemlərə çevriləcək yerlibazlıq və qohumbazlığın əsasını qoyur.
Lövhədə qırmızı bir lent də var. Bax bu lent mənim daha çox diqqətimi çəkdi…Bu lent burada yaşayan insanların birliyinin simvoluna çevrilməlidir. Bu qırmızı lent vətən ugrunda şəhid olmuş qəhrəmanlarımızın qanlarının rəngidir…
Vətən, nə Digahdan, nə də Əliçıraqdan başlamır, sərhəddən başlayır…
Sabir ZƏKULLAOĞLU