Biri vardı, biri yoxdu, qoca bir Dünya vardı. Bu Dünya deyilən neyləmişdisə çoxu ondan narazılıq edirdı. Dünyanın dili-ağzı olsaydı deyərdi ki, hansı səmtə baxıram günümü qaranlığa çevirmisiniz. Müharibə, terror, aclıq, harınlıq – bütün bu fəlakətləri törədən mənəmmi? Mən kimə neyləmişəm, adımı belə bədnam çıxarmısınız.
Dünyanın dərdi azmış kimi bu yandan da virus – Covid-19 adlı bəla gəlib dünyanı bürüdü. İndi sizə kimdən deyim, Dünyanın dərdini daha da artıran, aləmi bir-birinə vuran iki tip eybəcərdən. Onlardan birinin adı Vasvası, o biri isə tayı-bərabəri olmayan Pintidi.
Bu virusun gəlişi ilə ən çox ələ-ayağa düşən Vasvası oldu. O, nələr elədi, az qaldı evinin daşını-damını yuyub-üfləyib yenidən yerinə qoysun. Evdə uşaqlar nəzarət şöbəsinə alındılar, tərpənmək icazəli oldu. Arvad isə, onun işi hamıdan çətin oldu, karantində üzünə bütün qapıların bağlandığı vaxtda dərddən az qaldı havalanıb göyə uçsun. Belə bir çətin anlarda bir görün necə dəhşətli hadisə baş verdi. Belə ki, Vasvasının evinə Pinti qonaq gəldi. Pinti sanki bir yel kimi bircə göz qırpımında evə daxil oldu. Vasvası gördü iş işdən keçib daha. Qışqırıq saldı, ay haray, qoymayın indi ürəyim partlayacaq… Pinti düz bir aydı onlardan qaçıb gedəni. Vasvası hələ də evi dizinfeksiya etməkdə davam edir, amma ürəyi rahat olmur ki, olmur. Bütün bunları izləyən Covid-19 həddini aşan Vasvasıya baxaraq öz-özünə dedi:
-Ay yazıq, vallah sən məndən betər virussan. Sənin o qara, kif basmış ürəyini 50 litr feri şampunuyla da yusan təmizlənməz…
Sonra da Pintiyə nəzər saldı. Gördü Pinti də həddini aşıb. Yerdən, ayaq altından şirnini götürüb körpə uşağa verir. Virus yenə özündən çıxdı və öz-özünə deyinməyə başladı:
-Ay bədbəxt, özün cəhənnəm, o körpəyə niyə zülm edirsən? Məndən qorxmursanmı gəlib yapışam boğazından gözün kəllənə çıxa? Maskan hanı, ay başıboş? Dərin beş qəpiyə dəyməz, 100 manatı haradan alıb cərimə ödəyəcəksən? Sənə bu geniş dünya yaraşmır, deyəsən heç kimi saymırsan. Di, öl, sənə belə yaxşıdı. Qoy Həyat onun qədrini bilənlərin olsun…
Virus sonra dönüb Vasvasının yanına gəldi. O, baxıb nə görsə yaxşıdı? Evdə hamı – uşaq da, arvad da qan ağlayır, əllərini göyə açıb yalvarırlar ki, ey Uca Yaradan, Sən özün bizi bu zalımdan qurtar. Virus:
-Bu da sənin payın, canını heç nəylə məndən qurtara bilməyəcəksən. Virus elə virusa yaraşır. Beləcə Covid-19 həm də xeyirxahlığı ilə yadda qaldı. Onun sayəsində bir külfətin canı zülmdən qurtardı…
Bütün bu olanlara tamaşa edən qoca Dünya öz-özünə pıçıldadı:
-Bax, gördünüzmü, mənim bir günahım olmadığını. Üstümə şər atmaqdan qurtarın artıq, yoxsa Covid-19 kimi başınıza çox bəlalar gələcək.
Mina Rəşid