Səni, onsuz da, bağışladım… – İncə Hisli yazdı

Səni, onsuz da, bağışladım… – İncə Hisli yazdı

Çox gözəl anlada bildin dəyərsizliyimi. Hələ bunu sənin kimi mükəmməlcəsinə ifadə edən biri olmamışdı. Sən bu qədərmi mahir söz ustadısanmış? “Yox!”- o vaxtlar sən ədəbiyyatla heç maraqlanmazdın…

Düşünməzdim gözlərində bu qədər adi və sıradan bir qadın olmağı. Özünün yüksəldib zirvələrə qoyduğunu əllərinlə itələyib o zirvədən üzü aşağı yıxdın. Bütün günahlarını mənimlə birgə bataqlığa atdığını düşünürsən? Hardan bilirsən, bəlkə, bir gün peşman olub məni oradan xilas etməyə gələndə özün də orada batacaqsan…

Heç olmasa, düzənlik bir yerdə qoyub gedəydin. Ən azından orada yerimək üçün güc tapardım özümdə, amma burada palçıqdan çıxmaq üçün də qüvvə lazımdır. Bu mənə əzab verir!
Biz ki səhvləri bir yerdə etmişdik. Nə üçün indi ayrılıqda bu dərdi çəkməyə məhkum olunduq?!
Bu dəfə özümü yormayacağam, sənə nələrisə izah etməkdən usanmış ruhum vardır. Əllərini uzadıb o tikanlı, rütubətli yerdən çıxarmağa çalışdılar, imkan vermədim.

Çünki səni elə oradaca bağışlamışdım. İnan ki, gəlib əlini uzadanlardan biri sən olsaydın, məmnuniyyətlə tutacaqdım… İmkan verməzdim ki, sevginlə yumşaltmış olduğun o qəlbə kimsə asanlıqla sahib ola bilsin.
Nəhayət, sənə bildirməliyəm ki, həqiqətən də, dediyin kimiyəm: “Qürursuz, sadə qadınlardan biri!”
Çox güman ki, artıq zirvələrə qalxa bilməyəcəyəm, çünki mən artıq hündürlükdən qorxmağa başlamışam…

Share: