Milli Həmrəylik Partiyasının (MHP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANATI

Milli Həmrəylik Partiyasının (MHP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANATI

Milli Həmrəylik Partiyasının (MHP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bu gün tarixin və insanlığın ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımının 29-cu ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı rus-sovet motoatıcı alayının hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində – Xocalı şəhərində kütləvi qırğın, qanlı soyqırımı törədiblər. Həmin gecə Xocalıda ümumbəşəri dəyərlər, Avropa dəyərləri, insan hüquqları kobudcasına tapdalanıb, ayaqlar altına atılıb.

Diqqət edin, Xocalı şəhərinin sakinləri müharibə iştirakçıları deyildi və bu soyqırımı iki tərəfin hərbi əməliyyatı zamanında hərbçilərə qarşı törədilməyib. Bu vəhşilik məhz dinc insanlara, mülki əhaliyə qarşı törədilib. Xocalılar əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmə aktının nəticəsində qətlə yetirilib. İnsanlarımız xüsusi vəhşiliklə öldürülüb, onların meyitləri təhqirə məruz qalıb, tanınmaz hala salınıb. Bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi , millətçi ziyalıları, səhra komandirləri, müharibə caniləri tərəfindən təşkil edilib. Xocalının köməksiz, əliyalın dinc sakinlərinin üzərinə ağır hərbi texnika yeridilib. Yandırılan və talan edilən şəhərdən qaçıb xilas olmaq istəyən xocalılara aman verilməyib. Bir çox sakinlər yollarda, meşələrdə pusqu qurularaq ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülüb.

Beləliklə, bu dəhşətli qırğının nəticəsində Xocalı sakinlərindən 613 nəfəri qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 487 nəfər dinc sakin ağır yaralanıb, 1 275 nəfər isə girov götürülüb. Həmin girov götürülən şəxslərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi indiyə qədər hələ də məlum deyil. Erməni canilər bu soyqırımı zamanı sanki insan vəhşiliyinin ən qəddar növlərini sınamaq niyyəti ilə 56 nəfər vətəndaşımızı xüsusi qəddarlıqla öldürüblər. Belə ki, o insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Eləcə də hamilə qadınların qarnı süngü ilə deşilib, döşləri kəsilib. Ümumən bu soyqırımının nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq isə valideynlərindən birindən məhrum olub.

Bununla da, 30 ilə yaxın dönəmdə Azərbaycana qarşı işğalçı və təcavüzkar mövqe tutan, dinc azərbaycanlılara qarşı etnik təmizləmə və terror siyasəti aparan, 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salınmasına bais olan, Ağdam şəhərini “Qafqazın Xirosiması”na çevirən faşist və vandal Ermənistan dövləti Xocalı faciəsinə imza atmaqla tarixi yaddaşlara həkk olunmuş Katın, Liditsa, Oradur, Holokost, Sonomi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrin, soyqırımlarının siyahısını genişləndirmiş oldu. Bəli, bu kütləvi qətliam beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də təməl insan hüquqlarının kobudcasına pozulmasıdır. Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğında soyqırım cinayətinin elementlərinin mövcudluğu müəyyən edilib.

Ən pisi isə budur ki, bu soyqırımının törədilməsində əli olan və bunu etiraf edən şəxslərin (o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, qatı millətçi yazıçı Zori Balayan, qatil generallar Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və b.) heç biri hələ də cinayət məsuliyyətinə cəlb edilməyib, ədalət məhkəməsi qarşısına çıxarılmayıb. Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmaması gələcəkdə növbəti kütləvi qırğınlar üçün də münbit zəmin yaradıb. Təcavüzkarlığın cəzalandırılmadığını görən Ermənistan işğal siyasətini davam etdirməyə şirniklənib və torpaqlarımızı tam 30 il ərzində işğal altında saxlayıb. Təcavüzkar cəzasız qalanda isə nəticəsi həmişə ağır olur.

Amma ermənilərin bu təcavüzkarlığı dünya dövlətlərinin, beynəlxalq təşkilatların gözü qarşısında baş verdiyi üçün dünya liderləri dərk etməliydilər ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilmiş cinayətdir. Və onlar bilməliydilər ki, bu gün dünyanın bir nöqtəsində (Xocalıda) qan tökən erməni faşizmi sabah isə dünyanın başqa guşələrində və başqa formalarda üzə çıxa, növbəti kütləvi qırğınların törədilməsinə səbəb ola bilər. Lakin təəssüf ki, həmin vaxt dünyanı idarə edənlər liderlər, sülh və əminamanlıq üçün məsuliyyət daşıyan təşkilatlar bu incə həqiqəti başa düşə bilmədilər, yadaki sadəcə başa düşmək istəmədilər. Alman faşizmini cəzalandırmaq üçün Nürnberq məhkəməsini quran dünya ictimaiyyəti erməni faşizminə qarşı yumşaq davrandı, onu cəzasız buraxdı. Ona görə də, soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına hələ də lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.

Məhz bu cəzasızlığın nəticəsidir ki, təcavüzkar Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutdu, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu, dinc şəhərlərimiz bombalandı. Bunun nəticəsində 12-si uşaq olmaqla, 94 nəfər mülki azərbaycanlı həlak oldu, 50-si uşaq olmaqla, 414 nəfər yaralandı, 3 410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdıldı. Bəli, bütün bunların baiskarı 29-30 ildir cəzasız qalan faşist Ermənistan dövlətidir.

Biz dünyanın erməni faşizminə susqun yanaşmasının, erməni faşistlərinin cəzalandırılması üçün dərhal hərəkətə keçməməsinin səbəblərini heç cürə başa düşə bilmirik. Biz dünya ictimaiyyətinin Xocalı soyqırımına bu cür biganə münasibətini qeyri-adekvat və qəbuledilməz hərəkət kimi qiymətləndiririk. Və bir daha diqqətə çatdırmaq istəyirik ki, məhz sizin bu cür qeyri-adekvat yanaşmanız gələcəkdə oxşar cinayətlərin, növbəti kütləvi qırğınların təkrarlanmasına zəmin yaradır.
Biz sizi təkcə erməni əsgər analarını dinləməklə və həlak olmuş erməni əsgərləri üçün dualar etməklə kifayətlənməməyə çağırırıq. Ədalət birtərəfli ola bilməz. Və yaxud, haqqı qoyub nahaqqı müdafiə etmək də ədalətlilik, obyektivlik sayıla bilməz. Biz sizi bu cür “ikili standartlar”dan əl çəkməyə və nəhayət ki, erməni faşizminə obyektiv qiymət verməyə, o cümlədən erməni faşizminin törətdiyi qətliamlar və vəhşiliklər nəticəsində Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 25 min, İkinci Qarabağ müharibəsində isə həlak olmuş 6 min insan haqqında fikirləşməyə dəvət edirik.

Onu da mütləq nəzərə alın ki, bu qədər insanın məhvinə səbəb olmuş hər iki müharibə Ermənistan ərazisində deyil, məhz Azərbaycan ərazisində aparılıb. Yəni ki, torpaqları işğala məruz qalan ölkə Ermənistan deyil, Azərbaycan Respublikasıdır. Ermənilər bizim torpaqlarımızı məhz sizin – beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların gözü qarşısında 30 il ərzində işğal altında saxlayıblar.

Biz Milli Həmrəylik Partiyası olaraq sizi sözlə inandırmaq, sizi Azərbaycanın tərəfini tutmağa çağırmaq niyyətində deyilik. Biz sizi sadəcə haqqın tərəfində dayanmağa, obyektiv olmağa, erməni faşizminə, Ermənistanın terrorçu siyasətinə öz vicdanınızın səsinə qulaq asaraq qiymət verməyə çağırırıq.

Biz xüsusən də bir əsrdə iki dünya müharibəsinin ağrı-acısını yaşamış, alman faşizminin törətdiyi müsibətlərə, kütləvi qırğınlara şahidlik etmiş Avropa xalqlarını, Avropa liderlərini erməni faşizminə qarşı susmamağa, Xocalı soyqırımına siyasi qiymət verməyə çağırırıq. Cənablar, heç olmasa, günün birində bu cür dəhşətli cinayətlərin yenidən Avropa qitəsinin bu və ya digər nöqtəsində təkrarlanmaması naminə Xocalıda baş verən vəhşilikləri Soyqırımı kimi tanıyın və cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün cəhd göstərin.

Eləcə də bütün beynəlxalq təşkilatları, böyük dövlətləri Xocalı qətliamını törədən və hətta bu gün də Azərbaycana qarşı revanşist çağırışlar edən Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Zori Balayan kimi müharibə canilərini ədalət məhkəməsi qarşısına çıxarmaq üçün hərəkətə keçməyə çağırırıq. Caniləri vaxtında cəzalandırın ki, cinayətlər təkrarlanmasın, xalqlar və insanlar da əminamanlıq içində yaşasın!

Share: