İkinci ildir ki, Qərblə Türkiyənin qarşıdurması mövzusu dünya KİV-inin səhifələrindən düşmür. Və Türkiyənin NATO-dan çıxacağı barədə iddialar daha ucadan səslənir. Belə perspektiv realdırmı və əgər belə olacaqsa, Türkiyə hansı düşərgəyə yanaşacaq, başqa hərbi təşkilatlara qoşulmağa cəhd edəcəkmi?
Bir neçə onilliklər ərzində Vaşinqton Türkiyə ilə, hətta dörd hərbi çevrilişə və onun Kiprə müdaxiləsinə baxmayaraq, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərində idi. Ancaq indi belə bir təəssürat yaranır ki, Türkiyə Ərdoğanın rəhbərliyi dönəmində Qərbin maraqlarına düşmən kəsilib. Bu fikir hətta o dərəcədə güclüdür ki, Qərb siyasətçiləri onu “strateji yük”, “nəzarət altından çıxmış məsuliyyətsiz”, “təcavüzkar müttəfiq” və “beşinci kolon” adlandırmağa başlayıblar.
Bu həqiqətə nə dərəcədə uyğundur? Məşhur türk jurnalisti, Ölke TV telekanalının direktoru Həsən Oztürk sualın belə qoyuluşu ilə qəti surətdə razı deyil. Və hesab edir ki, Qərb politoloqlarının bütün uydurmaları reallıqdan uzaqdır.
“Son zamanlar Qərb KİV-lərində bəzən belə şeyləri oxuyuram və fikirləşirəm ki, bütün bunlar mənim ölkəm haqqındadır?! Türkiyə öz demokratik inkişafını davam etdirir və indiki ölkə rəhbərliyi heç vaxt NATO-dan çıxmaq haqda məsələ qoymayıb. Türkiyə bu blokun banilərindən biridir və indi NATO-nun – onun özünün qurduğunun dağıdılmasına imkan yaratmasını istəməsi iddiası məntiqsizlikdir. Buna görə bizim NATO-dan çıxmağımızı iddia edən Qərb analitiklərinin mövqeyi mənə aydın deyil”, – deyə Öztürk virtualaz.org-a açıqlamasında deyib.
Türk jurnalisti əmindir ki, son zamanlar yaranmış miflərə baxmayaraq, prezident Ərdoğan ölkənin milli maraqlarını cəsarətlə müdafiə edir və görünür, bu, Qərbdə bir çoxlarının xoşuna gəlmir, o səbəbdən də son zamanlar Türkiyə haqda müxtəlif miflər ortaya çıxır. Ərdoğan ABŞ-ı terror təşkilatı FETÖ başçısı Fəthullah Güləni vətənə verməyə çağırır, amma müttəfiq bu xahişlərə qulaq asmır, Ərdoğan özünün Avropadakı partnyorlarını kürd terrorçularını maliyyələşdirməyə son verməyə çağırır, bu da diqqətdən kənarda qalır. Türkiyə prezidentinin bütün bu səylərinin özü də Qərbdə mənfi reaksiyaya səbəb olur.
“Türkiyə bu vəziyyətdə nə etməlidir: Qərb partnyorlarının üzünə gülümsəməli və özünü elə göstərməlidir ki, hər şey normaldır və heç bir problem yoxdur? Bağışlayın, amma belə müttəfiqlik qurulmur”, – deyə Öztürk bildirib.
Ölkə haqqında neqativ fikrin yaradılmasına yönəldilmiş mifi jurnalist həm də Türkiyənin özündə demokratik proseslərə təzyiq adlandırıb. “Heç nəyə baxmayaraq, biz öz demokratik inkişaf yolumuzdan imtina etməyəcəyik. Türkiyədə demokratik institutlar çox güclüdür – müxalifət, KİV, bütün vətəndaş təşkilatları sakit axarda işləyir və heç kəs onlara mane olmur. Amma istənilən dövlət öz müdafiəsi və təhlükəsizliyi üçün hər şeyi etməlidir. Əgər qəzetlərdə terrora çağırırlarsa, əgər siyasətçi terrorçuları maliyyələşdirirsə, onda dövlət nə etməlidir? Və ya Qərbdə oxşar şeyləri bağışlayırlarsa? Ona görə Türkiyəyə qarşı bütün ittihamlar uydurma və sünidir, yalnız bir hədəfə yönəlib ki, Ankara itaətkarlıqla Vaşinqtonun bütün təlimatlarını yerinə yetirsin. Lakin qoy Qərbdə bilsinlər: prezident Ərdoğan elə siyasətçidir ki, öz ölkəsinin milli maraqlarını heç bir halda nəyəsə qurban verməyəcək”, – Öztürk əminliklə vurğulayıb.
O, hesab edir ki, indiki Rusiya-Türkiyə münasibətləri dostluq səviyyəsindədir. Türkiyə və Rusiya əsrlər boyunca qonşuluqda yaşayırlar və baxmayaraq ki, ümumi tarixdə kədərli səhifələr də olub, Moskva və Ankara həmişə anlayıblar ki, onların arasında dostluğa və əməkdaşlığa alternativlər yoxdur.
“Moskva ilə bizim münasibətlərimiz, hər şeydən əvvəl, regionda sabitlik nöqteyi-nəzərindən əhəmiyyətlidir. Amma əgər bizim müstəqil siyasətimiz kimlərisə qane etmirsə, onda bu onların problemidir. Türkiyə öz siyasətini hansısa ölkələrin və ya liderlərin şıltaqlıqlarına uyğun olaraq dəyişdirməyəcək”, – jurnalist vurğulayıb.
Müstəqil.Az