Müstəqil.Az xəbər verir ki, dəniz xəstəliyi – gəminin (qayığın, yaxtanın) hərəkətindən yaranmış xəstəlik növüdür.
Bu, insan gözünün gördüyü ilə daxili eşitmə qabiliyyəti arasında yaranan konfliktin nəticəsində ortaya çıxır. Başqa bir varianta görə bu xəstəlik orqanizmin xarici mühitə alışmasına cavab verən veqetativ əsəb (sinir) sistemi həssas insanlara xas olur.
Fərz edin ki, gəmi ilə saatda 18 kilometr sürətlə (10 uzel) gedirsiniz. Bu zaman gözləriniz beyinə informasiya verir ki, hərəkətdəsiniz. Daxili eşitmə qabiliyyətiniz isə öz növbəsində beyinə hərəkətsiz qaldığınızı “deyir” və bundan sonra sizin orqanizmdə konflikt yaranır.
Lakin, necə deyərlər bir dərdin min dərmanı olur. Belə halla rastlaşdığınız zaman həmişə olduğu kimi gəminin heyət üzvləri sizə yardım edəcək.
Amma özünüz də bəzi üsullarla bu narahatlıqdan müəyyən qədər qurtula bilərsiniz. Məsələn, üfiqə baxıb orda şərti nöqtəyə diqqətinizi cəlb edə bilərsiniz. Bu zaman elə zənn edin ki, gəmi ilə birlikdə məhz həmin nöqtəyə gedirsiniz. Bununla da, beyninizi bu “məqsədə” kökləyə biləcək və bayaq dediyimiz daxili eşitmənin beyinə verdiyi “hərəkətsizik” informasiyası itəcək.
Digər bir üsul isə gəmidə hər hansı ictimai faydalı işlə məşğul olmaqdır.
Bir də unutmayın ki, bu ölümcül xəstəlik deyil, sadəcə yüngül narahatlıqdır.
Müstəqil.Az
mənbə:“Seanews.az”