Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlar üçün bayram şənliyi təşkil etdi

Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar şənliyin keçirildiyi əyləncə məkanına onlar üçün ayrılmış avtobuslarla gətiriliblər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaq evlərinin, internat məktəblərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bərbəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrdən heyrətlənən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı, Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

Heydər Əliyev Fondu yarandığı gündən nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan dəyərli layihələri digər qurumlar üçün nümunə sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti çıxışlarında bu fikri dəfələrlə vurğulayıb: “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin, onların problemlərinə biganə qalmayaq”. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Fondun “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdəki uşaq müəssisələri əsaslı təmir olunur, yeni avadanlıqlarla təchiz edilir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 13 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Bayram şənliyində çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva deyib:

– Hörmətli müəllimlər, hörmətli valideynlər, əziz uşaqlar. Artıq on ildən çoxdur ki, biz başa çatan ili birgə yola salırıq və qarşıdan gələn ilə “Salam” deyirik. Mən çox şadam ki, bu il biz yenə də birlikdəyik.

Yeni il bayramı insanların ən sevdiyi bayramlardan biridir. Adətən, insanlar bu bayramı ailə üzvləri, doğmaları, ən yaxınları ilə qeyd edirlər. Biz də bu gün Yeni il bayramını böyük doğma ailə kimi bərabər qeyd edirik.

Ümidvaram ki, 2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. Ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. Bildiyiniz kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir. Biz öz dinimizə, tariximizə, mədəniyyətimizə böyük hörmətlə, böyük diqqətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq ölkəyik. Biz digər dövlətlərlə əməkdaşlığımızı qardaşlıq və qarşılıqlı hörmət əsasında qurmaq istəyirik. Bildiyiniz kimi, bu il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi, idmançılarımız bizi dəfələrlə sevindirdilər, bizim bayrağımız ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün İslam ölkələrinin nümayəndələrini bir araya gətirərək əsl həmrəylik bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildi.

2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldı. Digər sahələrdə işlər davam edir. Biz qarşımızdakı məsələləri ardıcıl olaraq həll edirik, problemləri aradan qaldırırıq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil alması üçün bütün şəraitlər yaradılıb. Bakı şəhərimiz gündən-günə gözəlləşir. Regionlarımız gözəlləşir, yeni yollar salınır, ölkəmiz abadlaşır.

Mən ümidvaram ki, 2017-ci il sizin həyatınızda xoş anlarla, sevinc dolu hadisələrlə qalacaq. Ümidvaram ki, bu il sizin üçün uğurlu il idi. Mən sizin hər birinizə 2018-ci ildə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Arzulayıram ki, bizim balalarımız savadlı, bilikli, tərbiyəli böyüsün. Arzulayıram ki, onlar öz dostları, yaxınları, ətraflarındakı insanlar ilə xoş niyyətlə, hörmətlə davransınlar. Qoy, sizin yolunuz açıq, ürəyiniz işıqla dolu olsun! Mən sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Əziz uşaqlar, onu da bilməlisiniz ki, bu bayram şənliyinin hazırlanmasında bir çox insanın əməyi var. Artıq 10 ildən çoxdur ki, bizim məşhur sənət adamlarımız, musiqiçilərimiz, artistlərimiz, sizinlə bərabər burada, bu gözəl “Buta” sarayında Yeni ili qeyd edirlər, sizin üçün çox gözəl, şən ab-hava yaradırlar. Gəlin bu gözəl, qayğıkeş insanları birlikdə alqışlayaq və onlara öz minnətdarlığımızı bildirək.

Sizin hər birinizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, ölkəmizə əmin-amanlıq və sülh arzulayıram. Qoy, Allah hər birinizi və ölkəmizi hər zaman qorusun! Çox sağ olun.

Share: