Silahlanıb Bakıdan Şirvan şəhərinə oğurluğa gələn şəxs tutuldu

Dünən gecə saatlarında Şirvan Şəhər Polis Şöbəsinin Narkomaniya ilə Mübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər   şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki   regional qrupundan virtualaz.org saytının yerli bürosuna verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Yayçı kənd sakini, əvvəllər Cinayət   Məcəlləsinin müxtəlif maddələri ilə 15 il   azadlıqdan məhrum edilmiş 50 yaşlı Arif Ağayev olduğu müəyyən edilib. Saxlanılan zaman həmin şəxsin əlindəki göy torbadan kapron corabdan hazırlanmış maska, 2 ədəd rezin əlcək, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd bıçaq, elektroşok, üzərinə baxış zamanı isə bir ədəd kibrit qutusunda ümumi çəkisi 7,40 qram olan narkotik vasitə -qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı həmin şəxs Bakı şəhərindən Şirvana oğurluq məqsədi ilə gəldiyini etiraf edib.

Bu şəxsi tanıyanlardan və ya əməllərindən zərər çəkənlərdən yerli hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Müstəqil.Az

Share: