Hazırda bir il üç aydır içində olduğumuz pandemiya bəlası dünyadakı insan artımına qarşı, daha doğrusu, insan sayını azaltmaq üçün süni şəkildə yaradılan bioloji silah olaraq izah edilir. Deyilənlərə görə, ətraf mühitin çirklənməsi, su ehtiyatları, həyati əhəmiyyətli digər resursların tükənməsi və sair bu kimi səbəblər guya pandemiyanı problemin çarəsi kimi ortaya çıxarıb. Bəs bu ideyanı ortaya atanlar və təbliğ edənlər kimlərdir? Bu fikir nə qədər həqiqətə uyğundur?
Bu məsələ ilə bağlı aparılan təbliğatlara nəzər salsaq, görərik ki, bu ideyanın tərəfdarları burjua ideoloqlarıdır ki, onlar hətta bu problemi illərdir ki, təhsil müəssisələrinə tətbiq etməklə öz məqsədlərini reallaşdırmağa çalışırlar. Təbii ki, bu, nəhəng, meqapolis şəhərlərdə yaşayanlar üçün mükəmməl bir məntiq kimi görünür. Çünki onlar izdihamlı kütlənin içində yaşayırlar. Amma bu sıxlığı yaradanın, əslində, getdikcə məntiqsizləşən kapitalizm olduğunu kimsə gündəmə gətirməyə səy göstərmir.
Kapitalist ölkələrində istehsal, ticarət və maliyyə resurslarının sahibləri bu iddiaları sözdə guya tibb mütəxəssislərinin fikri sayırlar, halbuki bu “mütəxəssislər” onların eşitmək istədiyindən başqa heç nə demirlər. COVID-19 epidemiyasını əhali artımı ilə əlaqələndirən açıqlamalar verənlər yenə də onlardır.
Burada XVIII-XIX əsrlərdə ingilis ruhanisi, tanınmış siyasi-iqtisadçı Tomas Robert Maltusu xatırlamamaq olmaz. Darvinin təkamül nəzəriyyəsinin davamı olaraq yürüdülən Maltus nəzəriyyəsində (1789) əhali artımı ilə qida ehtiyatlarının artımı arasındakı nisbət və tarazlığın pozulması qeyd edilir, əhali artımının nəzarətə götürülməsi tövsiyə olunurdu. Tomas Maltus ruhani olmasına baxmayaraq, ümumi mövzusu bu nəzəriyyəni əhatə edən kitabında belə bir cümlə də işlətmişdir: “Əgər insan təbiətlə münasibətləri nizamlamasa, təbiət özü bunu edəcəkdir”. Bir çox tədqiqatçılar Maltusun bu cümləsini belə şərh etmişdilər ki, o bu cümləsi ilə tənzimlənmənin ehtiyat tədbirləri olaraq kütləvi qırğınlarla aparılacağını vurğulayıb. Maltus bundan sonrakı izahlarında da bu çözümün insanlığın xeyrinə olduğunu iddia edir və yazdıqlarının doğruluğunu sübut etməyə çalışırdı.
Dırnaqarası ruhani hələ sağlığında bu fikirlərinə görə cəmiyyət tərəfindən lənətlənmişdi. Tarix indi də onu lənətlə xatırlayır.
(Buna baxmayaraq, hələ də müharibələrin, kütləvi qırğınların vacib olduğunu hesab edən ziyalılarımız var. Çünki illərdir ki, bu ideologiyanı həqiqət kimi bizə tədris və təbliğ ediblər. Halbuki, müqəddəs kitablarda “öldürmə” deyə əmr olunur.)
İndi, əsasən son 30 ildə kapital sahibləri Maltusu haqlı çıxarmaq üçün əllərindən gələni edirlər, xüsusilə də qida mənbələrinin sıradan çıxarılması ilə bağlı onlar çox ciddi addımlar atmağa müvəffəq olublar. Təbii qida ilə bağlı bütün istehsal sahələrinin ləğvi məhz buna əsaslanır. Bunu isə şeytan əməlindən başqa nəsə adlandırmaq sadəcə mümkün deyil.
Praqmatizmin öncülü kimi tanınan ingilis filosofu Ceremi Bentam (əsasən, Cəza nəzəriyyəsi və “Sələmin müdafiəsi” əsərləri ilə tanınır) əhali artması səbəbiylə insan növləri üçün qida qaynaqlarının istifadəsindəki məhdudiyyətlərin və çatışmazlıqların rəqabət zəminində müharibələrə səbəb olacağını iddia edərkən bu nəzəriyyəni yüksək qiymətləndirmiş və təklif edilən “nizamlamanı” doğru saymışdır.
Demək olar ki, həm Bentama, həm də Maltusa görə, müharibədə barış, aclıqda bolluq, epidemiyada sağlamlıq var! Yəni zülm olunanların fəlakətindən zülm edənlərin xoşbəxtliyi yaranır.
Qiyamət əlaməti kimi baxdığımız pandemiya və buna bənzər hadisələr Maltusun (nəzəriyyəsinin) dirilişinin nəticəsidir. Bu nəzəriyyəni dirildən şəxslər hazırda dünyanı idarəçiliyini əlində saxlayan liderlərdir.
Diqqətlə nəzər etsək, koronovirusun altından Maltus, Maltusun altından tramplar, baydenlər, makronlar, mattarellalar, şi çinpinglər, putinlər və daha neçələrinin çıxdığını görərik.
Əgər qəbul etsək ki, həqiqətən də bu problemləri yaşamağımıza səbəb dünyada əhali sayının artımı və qida təminatının azlığıdır, o zaman bunun həlli yolu müharibələr və bioloji qırğınlar olmamalıdır axı. Qida təminatını artırmaq üçün qida istehsalını artırmalı, nüfus artımının qarşısını almaq üçün doğum sayını azaltmaq, az sayda uşaq dünyaya gətirilməsi üçün dövlət tərəfindən müəyyən qaydaların tətbiq olunması gərəkməzmi?
Maltus nəzəriyyəsi kimlərəsə, xüsusən həddindən artıq varlı zümrələrə tunelin ucundakı işıq kimi görünə bilər, amma o ucdakı qapı ölüm qapısıdır. Olmazmı ki, İNSAN o qaranlıq tunelə heç girməsin?
Demək ki, bütün tarixlərdə İNSANın davası sözdə inancı ilə bağlı olub. Əgər bu insanın qiyamətini və insanlığın sonunu gətirirsə, niyə inancımız sözdə yox, özdə olmasın?!
Adilə Nəzərova
Müstəqil.Az