Qazi atanın şəhid oğlu – Aynurə İnci yazır…

Qazi atanın şəhid oğlu – Aynurə İnci yazır…
 
İnsan yurd-yuvasını kərpic-kərpic tikər,qurar,ucaldar,həmişə vətənə arxalanar.Vətənə sevgi,vətənpərvərlik ana laylasıyla başlayar,böyüdükcə elə-obaya sevgi,vətənə bağlılıq artar.Vətənin dar günündə dadına yetər,sahib çıxar oğullar.
2020 ci il 27 sentyabrda vətənin dar günündə,işgalda olan torpaqlarımızın azad edilməsiylə başlandı vətən müharibəsi. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən,sinəsini sipər edən oğullardandır şəhid Mirağa Əliyev.
Evin sonbeşiyi,iki bacının bir qardaşı olan Mirağa Musa oğlu Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonu Xocavənd kəndində ailəsinə sevinc gətirərək dünyaya göz açmışdı. Orta təhsilini Ağcabədi rayon M.F.Axundov adına 3 saylı litseydə almışdı. Daha sonra Bakı şəhərində 5 nömrəli peşə litseyində “şirniyyatçı, qənnadı” ixtisasına yiyələnmişdi.
25 oktyabr 2018 -ci ildə həqiqi hərbi xidmətə yollanır və xidmətini Hərbi Dəniz Qüvvələri(HDQ) quru qoşunlarında mühafizə xidmətində davam etdirir. 20 aprel 2020-ci ildə layiqincə xidmətini yerinə yetirərək,fərqlənməylə başa vurub evə dönür.
4 ay idi xidmətini başa vurmuşdu, vətən müharibəsi başlandı. Xidmətdən yeni gəlməsinə baxmayaraq, vətənin dar günündə dadına yetir, 21 sentyabrda könüllü hərbi təlimlərə qoşulur.
27 sentyabrda atəşkəs pozulmasıyla əks hücüm əməliyyatı baş tutur və vətən müharibəsi başlayır. Həmin vaxt təlimlərdə iştirak edənlərdən 4 əsgər və 4 komandir olmaqla bölünərək kəşfiyyat bölməsiylə döyüşlərə qatılırlar.Onlardan biri olur Mirağa Əliyev .
Sin descripción disponible.
Mirağanın da döyüş yolu 27 sentyabr Füzulidən başlayır.Vətənə sevgisiylə,qorxmazlığı və mərdliyilə vuruşur. 27 sentyabrda ayağından qəlpə yarası almasına baxmayaraq, qələbə arzusuyla döyüşlərə davam edir. 29 sentyabr Füzuli uğrunda gedən döyüşlərdə düşmən tərəfindən ürəyindən snayperlə vurulur. Şəhadətə ucalır Mirağa. 30 sentyabr tarixində doğulub boya- başa çatdığı Ağcabədi rayonu Xocavənd kəndində torpağa tapşırılır…
30 illik həsrətə 44 gündə canı bahasına son qoydu igid oğullarımız.Bizlər qalib ölkənin məğrur övladlarıyıq.
Şəhid Mirağa Əliyev bu cür oğullardandır.
Şəhidimizin atası 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.Kəşfiyyat bölümündə döyüşərək yaralanır.Qarabağ qazisidir Əliyev Musa. Qazi ata ,şəhid oğlundan fəxarətlə danışərkən fikirlərini bu cür sözlərlə yekunlaşdırdı: – “ Ağır dərddir, iki bacının tək qardaşı idi. Amma mən oğlumla fəxr edirəm.Biz o vaxtkı qayda-qanunlara əsasən torpaqlarımızı ala bilmədik.Bizim övladlarımız qaytardı torpaqlarımızı.Mirağa kimi oğullar candan,sağlamlığından keçərək azad etdilər ana yurdu və qanlarıyla şanlı tarix yazdılar.Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qismət beləymiş…”
Şəhid Mirağa Əliyev ölümündən sonra “Vətən uğrunda” və “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.Əlavə olaraq şəhid ailələri,əlilləri,müharibə veteranlarının müdafiəsi ictimai birliyi tərəfindən “ Qarabağ uğrinda” medalı ilə təltif olunmuşdur.
Bayrağımızın sancıldığı yüksəkliklər vətənin igidləri fəth etdiyi zirvələrdir. O zirvələrdəki dalğalanan zəfər bayrağının kölgəsi ana vətəndir.Vətəninə sahib çıxan oğul, torpağın azadlığı üçün sinəsini sipər edən şəhidim, məqamın uca olsun!
 
Aynurə İnci
Müstəqil.Az
Share: