Gül balam, öyrətmə gülə könlümü

Gül balam, öyrətmə gülə könlümü

... Ömrünün 55 ilini arxada qoyan gözəl şair Xəqani Həbiboğlunun əvvəlcə sözünü sevdik, sonra özünü… Daha sonra da Kəlbəcər həsrətini sevdik onun. Bu ƏLLİ BEŞin  otuz ili Kəlbəcər ağrısının, Kəlbəcər həsrətinin ağuşunda keçdi.  Kimin ağlına gələrdi ki, hansısa bir zaman kəsiyində Vətənin bir parçasını uzaqdan-uzağa, bir az da xəyali  sevməyə məhkum olacağıq.

Xəqani  Həbiboğlu da uzun illər sözünün şəhdini, şirəsini çəkən, hər misrasının nüvəsində dayanan Kəlbəcəri beləcə uzaqdan-uzağa sevdi (elə hamımız kimi) … Kəlbəcərin səmasında əsən küləyini, çöllərinə yağan yağışını, şaxtada donan taleyini sevdi. Ruhunu, könlünü gülə, çiçəyə öyrəşdirmədi. İstəsə də bacara bilməzdi. Çünki düşmənin soyuq nəzərləri altında illərlə o torpaqlara yaz gəldimi, biləmmədik:

Hansı bənövşəni şoran gözləyir…

Sanma Xaqanini aran gözləyir!

Dəlidağda dəli boran gözləyir,

Gül balam, öyrətmə gülə könlümü!

Dünyanın işdəklərinə bax… Bir zamanlar o taylı, bu taylı Azərbaycanın həsrətini yazan şair ürəyi indi Vətəndə Vətən həsrətinin yazırdı:

Ürəyimdən yeyər, gözümdən içər,

Qaranquşla dönər, durnayla köçər.

Dünən Təbriz idi, bu gün Kəlbəcər,

Dəyişir ünvanı, adı həsrətin.

Bu həsrətin içində Xəqani Kəlbəcərdə xəyali boş qəbirinin olduğunun da fərqində idi. İnsan ömrünün ölüm-qalım fərmanının Yaradanın əlində olduğunu bildiyindən, yerdən-göydən onun sorağını gözləyirdi:

Daş da çatlayır səbrimə,

Dayanıb,durub xətrimə.

Girimmi doğma qəbrimə,

Allahdan əmr necədi?

Hər şey otuz il beləcə qaldı… Ta 44 günlük zəfər savaşına kimi. O savaşa ki, Azərbaycanın igid əsgərlərinin sorağını bütün dünyaya car  çəkdi. O savaşa ki, bir qolu da savaşa bərabər danışıqlardan keçdi və  Kəlbəcər də bu uğurların sayəsində öz sahibinə qovuşdu.

Bir dəfə onun haqqında demişdim ki, Xəqani Həbiboğlu gözlə görünməyən, rənglərlə çəkliməyən bu mücərrəd duyğunun – sevginin şəklini SÖZlə çəkir… O, yaxşı bilir ki,  bütün mücərrədlərin sözlə ifadə olunan bir izahı var. İllah da ki, sevgi kimi mücərrədin… Dünyanı ayaqda, aşiqi bəlada, Vətəni ürəkdə saxlayan SEVGİnin…

O sevgidir Xəqani Həbiboğlunu əlli beş ilin  o başından bu günə kimi gətirib və otuz ildən çoxdur ki, bizlərə sevdirir. Və həmişə də sevdirəcək…

Vasif SÜLEYMAN

 

 

Xəqani HƏBİBOĞLU

DAĞLARI
Solur dolu vurmuş çiçək dənizi,
Gəl ömrüm, gəl gülüm, bəzə dağları!
Demişəm qoynuna gələcək o qız ,
Aldadıb gəlmişəm təzə dağları!

Bulaqlar buzunu qıranda gəlmə,
İldırım palıdı yaranda gəlmə,
Lalələr donunu cıranda gəlmə,
Bədnəzər gətirər gözə dağları!

Nə qədər sən varsan, nə qədər dağ var,
İlhamım çağlardı, dodaqlarım tar!
Dağların vurğunu a sevdiyim yar,
Gəl bizə,köçürüm bizə dağları!

BƏNÖVŞƏ

Ay utancaq gözəl, həyalı gözəl,
Nə tez soldun, gözüm doldu,bənövşə!
Taleyi kəmlərin,gözü nəmlərin,
Kədəri,möhnəti boldu, bənövşə!

De,danış dərdini duyaram səni,
Solsan qanım ilə boyaram səni,
Qıysam bir o qıza qıyaram səni,
O eşq də vədəsiz soldu,bənövşə!

Ürəyim ağrıdan aram olmadı,
Mənim heç sağalan yaram olmadı,
Dikbaş gözəllərlə aram olmadı,
Xəqani qanana quldu,bənövşə!

KÖNLÜMÜ
Sanırsan ki, gözəllikdən küsübdü…
Gül ilə tutursan dilə könlümü.
Kərəm Ərzurumda borana saldı,
Sara Arpaçayda selə könlümü.

Sərtlikdə zəriflik-fikrin yarğanı!
Bu yarğanda neçə arzu doğranır…
Bənövşə-yastığı,nərgiz-yorğanı,
Lalənin ovcunda bələ könlümü!

Qismətim olmadı ağacdan çətir,
Şeiri yazıram,kül olur sətir.
Buzdan kar aşmadı,bir sal duz gətir!
Ərit göz yaşında,çilə könlümə!

Hansı bənövşəni şoran gözləyir…
Sanma Xaqanini aran gözləyir!
Dəlidağda dəli boran gözləyir,
Gül balam, öyrətmə gülə könlümü!

AYRILIQ
Görən niyə qarğıyırıq, görəsən,
Eşq sərgisi, qəm xırmanı-ayrılıq.
Olmasaydı sevgi aclıq çəkərdi,
Məhəbbətin dəyirmanı-ayrılıq.

Baxma ki göz yaşı belə sellənir,
Sevda quşu ayrılıqla dənlənir,
Kitablarda qalaqlanır,çinlənir,
Eşq gözəldir,güllü donu-ayrılıq.

Ay Xəqani,nədir səni göynədən,
Dünyanı tutası deyildi dədən,
Doğuldun-Allahdan, öldün-bəndədən,
Əzəli-ayrılıq, sonu-ayrılıq.
GÖZLƏR
Yamacda-çiçəyi,göydə-ulduzu,
Əlim çatmayanı göz dərib gözlər.
Gəl öpüm gözündən ay qara oğlan,
Nə qədər mənalı göz görüb gözlər.

Alınan canlardır,verilən buta,
Kiprik qovuşdurar,sanmayın yata,
Hamı doğma gəzir əlindən tuta,
Görəsən, nədəndi göz qərib gözlər.

Gözlərin soyuğu-balıq gözüdü,
Sevgimiz-tutmayan calaq gözüdü,
O qızın gözləri-bulaq gözüdü,
Suyunu Xəqani göndərib, gözlər

BU GECƏ
Əzablar içində çırpınan ürək,
Qədəhi çırpılan meyəm bu gecə!
Göyü uçub getmiş torpaq kimiyəm,
Torpağın itirmiş göyəm bu gecə!

Yollar mənə gəlmir, yollar-yalançı!
Sevgi yiyəsiz qız, dünýa halvaçı!
Sevincim çöllərdə qərib dilənçi,
Kədəri fatehəm, bəyəm bu gecə!

Basılmış şəhərəm – qırğınlar, talan…
Keşikçisi satqın, qalası filan!
Qılınclar oxşayan, küləklər çalan,
Sınıq bir tütəyəm, neyəm bu gecə!

Qanadım da yoxdu, necə uçum mən…
Olsa da, özümdən hara qaçım mən.
Elə susuzam mən, elə acam mən,
Bəlkə qəmlərimi yeyəm bu gecə…

Övladı vəfasız vətən kimiyəm!
Vətəni dumanda itən kimiyəm.
Ruhun unutduğu bədən kimiyəm,
Kəfən də tapmıram geyəm bu gecə!

Haqqın dərgahına yol uzaq olur,
Çatmasa yolçu yox, yol yazıq olur.
Göylərə ulayan yalquzaq olur,
Xaqani, qapı var, döyəm bu gecə?!

AYRILIQLAR
Mənə lələk verin,köçür durnalar,
Qələm yaza bilmir ayrılıqları.
Aləmin taleyin ayrılıq yazır,
Aləm yaza bilmir ayrılıqları.

Durnalar səmada hələ də azır,
Bu nazın tarixi bir yazdı azı,
Hər payız lələklər həsrətdən yazır,
Hələ yaza bilmir ayrılıqları.

Nə durnalar kürdü,nə duman dəli,
Xəqani,bu ülfət mələk əməli,
Sındırram qələmi,qırram bu əli,
Biləm yaza bilmir ayrılıqları.

DƏRDİ
Çillədə yaz dərdi var,
Baharda da çillə dərdi.
Dərd gündə min adam tapır,
Tapılmayıb hələ dərdi.

De,nəyin bircə dərdi var,
Balığın Kürcə dərdi var,
Xırmanın sərçə dərdi var,
Sərçənin də cələ dərdi

Fələk yenə biçindədir,
Biçini yüz biçindədir,
Dərmanı öz içindədi,
Qardaş,salma çölə dərdi.

GÖZLƏR
Yamacda-çiçəyi,göydə-ulduzu,
Əlim yetməyəni göz dərib,gözlər.
Gəl öpüm gözündən ay qara şair,
Nə qədər mənalı göz görüb gözlər…

Alınan canlardır verilən buta,
Kirpik qovuşdurur,sanmayın yata.
Hamı doğma gəzir əlindən tuta,
Görəsən nədəndi,göz qərib gözlər.

Bölünmüş ömrümə qalıq-ğöz idi,
Sevdamız tutmayan calaq gözüdü.
O qızın gözləri bulaq gözüdü,
Suyunu Xəqani göndərib,gözlər!

Share: