Lerikdə şəhid kapitan Əbülfəz Rəhmətovla vida mərasimi başlayıb.
Müstəqil.az-ın məlumatına görə, Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib. Bu gün şəhidin nəşi böyüyüb boya-başa çatdığı Lerik rayonunun Anbu kəndinə gətirilib.
Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.
Xatırladaq ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanımızın nəşi Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Ordumuzun hərbi qulluqçusunun şəhid olduğu dünən məlum olub. Ə.Rəhmətovun iki övladı var.
Qeyd edək ki, Şəhid Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olub. 2006-cı ildə K.Həmidov adına Anbu kənd tam orta məktəbini, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.
Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib. Motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi – kəşfiyyat taqımının komandiri, kəşfiyyat bölüyünün komandiri, motoatıcı taborun qərargah rəisi – tabor komandirinin müavini, tabor komandirinin müavini, hərbi hissənin kəşfiyyat bölməsi rəisinin məlumatların toplanılması üzrə köməkçisi vəzifələrində xidmət edib. “Kapitan” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib, mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirib və 2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Hovuslu kəndi uğrunda gedən hərbi əməliyyatlar zamanı itkin düşüb.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunub.