Məmişin işi elə ağır deyildi, yaxşıydı. Di gəl ki, adı ovsanasız idi – mayalama məntəqəsində inək, düyə başı tuturdu. Məntəqə deyəndə yekə çıxır; bir damazlıq kələsi vardı, iki işçisi. Qəsəbəyə bitişik kəndin ayağında, qaratikanla çəpərlənmiş yalın yastanındaydı.
Bura süni mayalama məntəqəsi desələr də, amma mal-davarın nəsil artımı daha çox Tanrının buyurduğu yöndə gedirdi. Bu, elə Məmişin, baytar Fərmanın, hər şeydən əfzəl dağ boyda kələnin ürəyindən idi. İşin ağırlığı kələnin boynundaydı, inəyə şövqlə atılırdı, fınxırtısından az qalırdı yer titrəsin.
Məmiş bir vedrə arpa kəpəyini kələnin qabağına qoydu. Heyvanın burnunun yeli kəpəyi sovurdu: işini bilirdi, bilirdi ki, bu yem ona baha oturacaq. Yemin axırına çıxıb, diliylə vedrənin dibini təmizlədi, fınxırdı. Təpərə gəlmişdi: burnunu uzadıb boğazı ipdə olan düyənin ora-burasını imsilədi…
Dəmir halqayla buruntaqlanmış cins buğa inək, düyə sürəndə Məmişin ürəyindən qara qanlar axırdı. Üzünü göyə tutub söylənirdi: «Ay qurban olduğum! Bu heyvana verdiyin təpərdən dıqqan da maa – bu fağır bəndənə çıtızdıraydın dayna, nolardı? Nə günahın yiyəsiyəm, kimə nə pisliyim keçib ki, məni el içində üzüqara eləmisən. Lalın dilini, karın qulağını açırsan, xudaya! O haqq əlini maa sarı da uzat dayna, qəlbisınıq adamam. Çox demirəm, azca kar-kəramət ver, bir züryət əkim, mənim də nişanam qalsın!..»
Məmişin ürəyindən keçənlər diləkdən çox, giley idi. Ara-bərədə oynaqlayıb dingildəşən manşır, təpəl buzovları görəndə azca toxtayırdı, deyirdi: «Bizim kələnin törəmələridi e, nənələrinin başını mən tutmuşam, bu gün-sabah hərəsi saz bir cöngə, düyə olacaq». Elə öyünürdü, guya inəklərin başını o tutmasa, kələ atılmaz və bu ala-bula buzovlar da dünyaya gəlməzdi. Məntəqədə süni mayalanma yoluyla da artım aparılırdı ki, o işin də əncamını baytar Fərman qılırdı. Məmiş görürdü ki, süni mayalanmayla doğulan buzovlar seçilir elə bil, onun fikrinə görə, bu, günah idi, Allahın buyurduğu iş deyildi. Hərdən fikrindən keçirirdi: «Bəndənin tanrının işlərinə qarışmağa nə haqqı var, ay başına dönüm? Heyvandı, burax örüşə, özləri bilər: inək göz eliyər, kələ atılar, eləməz, başlarını sallayıb otduyallar». Özü züryətsiz olsa da, şükür eləyirdi ki, nə yaxşı, insanı da mal-heyvan kimi özgə yolla törədib artırmırlar.
İnəklərin qarnı boğazına dəyəndə Məmişin ürəyi qubar bağlayırdı. Allahdan bircə diləyi arvadı Sürməni yerikləyən görmək idi. Qalmışdı içini yeyə-yeyə. Özü istiqanlı, ziyansız adam olsa da, elə bilirdi onu da gözü götürməyənlər var, basaratını bağlayıblar. Bir-iki dəfə molla Növrəstənin yanına gedib, dua yazdırmışdı ki, bəlkə dərdinə əlac eləyər. Xeyri olmamışdı. «O zalım qızının özü sonsuzdu, özünə umac ova bilmir, durub maa ərişdə kəsəcək? Keçəl dərman bilsə, öz başına yaxar» – deyib gümanını üzmüşdü.
Cığırla üzüaşağı sallanan qaraltıdan gözünü ayırmadı. Təntik, yeyin yerişindən, başındakı şlyapadan profsoyuz Cəbiyevi tanıdı. «Balam, xeyir ola bizi saya salmaqda? Malı-davarı da yoxdu, deyim karına yetərik», – özlüyündə maraqlandı.
İsti Cəbiyevin kələyini kəsmişdi, nəfəsini kürəyindən alırdı. Məmişlə əl tutub görüşdü.
– Allah qüvvət versin! – dedi. Çönüb üstü çardaqlı talvara sarı boylandı. – Kələ hanı, gözümə dəymir, – xəbər aldı. Yanını taxta kətilə yıxdı, cəvərən şlyapasını başından alıb keçəlinin tərini dəsmalla qurutdu.
Çağırılmayan qonağın gəlişindən bir şey kəsdirməyən Məmiş dilini sürüdü:
– Bayram apardı buraxsın xama… Kələlik nə işin var, Cəbiyev, inək sürdürəssən? – soruşdu.
Cəbiyev:
– Ayə, yox, heyvanım var ki?.. Bizim işimizin bir başı da gəlib sizin üstünüzə çıxır axı. Eşitmişəm təzə kələ qabaqkınnan da dələngəvazdı, dızıxdı… Məmiş, deyirəm, o yazıq heyvan təkbaşına bu qədər düyənin, inəyin öhdəsinnən nə təhər gəlir? İkimiz də kişiyik dayna, sən də məni bağışla, adam bir arvadı gücnən yola verir… Nəzər duası yazdırın, heyvanı gözə gətirəllər, idarə batar, çörəyiniz burdan çıxır.
Söhbət Məmişi açmadı. Elə bildi «ikimiz də kişiyik» deməklə donqarburun bu adam eyham vurub ona sataşır. Mısmırığını salladı, kirimişcə durdu, cavab vermədi. Söhbətin ağzını əymək istədi, ancaq macal tapmadı. Cəbiyev sorğu-sualdan qalmırdı:
– O nədi heylə yaraşdırmısınız?
– Mancanaqdı, qurmuşuq ki, kələ qalxanda düyələrə xətər yetirməsin. Neçəsini şikəst eliyib. Heyvan dəyil ha, diricə dağdı, dağ.
– Hara kələsidi ki, heylə?
– Uruset.
– Deyirəm, dünyanın işinə bax ey, buranın gədələrinin eşqi donbalanda qaçırlar Urusetə, biz də oralardan kələ gətiririk ki, yeyib harınnasın, inəklərimizə tullansın. Sən ölmüyəsən belə getsə, yerli cins qalmayacaq, it-bat olacaq.
Cəbiyev qovluğunu açıb içindəki kağız-kuğuzları çək-çevir elədi, nəsə axtarırdı. Axtara-axtara söhbətindən də qalmadı:
– Dedim, gəlib həm kələni görərəm, həm də sizin işə baş çəkərəm. Sabah biri böyürdən çıxıb soruşar ki, Cəbiyev, irayonda həmkarların böyüyüsən, damazlıq idarəsinin səmti haradı, kələsi nə rəngdədi, mən yazıq nə cavab verərəm? Yaxam qalar əllərdə. Profsoyuzun işinin adı nədi – zəhmətkeşin başına daraq olmasa da, yırtığına yamaq olmaq. Bəs nə təhər?.. Ağzınız isti yerdədi, sovetin qədrin sonra biləssiniz, sonra.
Cəbiyev elə danışırdı, sanki baxıcıdı və əyandı ki, Şura hökumətinin ömrünə çox qalmayıb, çökəcək.
Həmkarların başçısı «kələgördüsünə» əliboş gəlməmişdi, yanları sürtülmüş meşin qovluqdan möhürlü, bər-bəzəkli bir kağız çıxartdı. Məmişin dalağı sancdı, azaylandı:
– Qağa, olmuya, kələnin boynuna təzə medal asacaqsan? İki dənə varıdı dayna, bəs dəyil? Allahın heyvanı qədər də baxtımız-talahımız olmadı.
– Əə, medal nədi, orden nədi? Həylə şeylərin ixtiyarı məndə dəyil, məndə olsaydı, öz döşümə taxardım. Mənim gücüm buna – putyovkaya çatır.
Məmiş bir şey anlamadığından kirimişcə durub gözlərini döyürdü, gözləyirdi ki, Cəbiyev sözünün dalını gətirsin.
Profsoyuzun sədri onu muştuluqladı:
– Hazırlaş, səni Bilgəyə göndərirəm.
Ancaq eşitdiyi Məmişdən ötrü muştuluq xəbər deyildi, tükü də tərpənmədi, kal dana kimi gözlərini donqarburun adamın üzünə dikib qaldı. Hannan-hana soruşdu:
– Hara?
– Kurorta. Müftə putyovkadı dayna, get başını aç, kefini çək.
– Cəbiyev, səni balanın canı, onu mənnən aralı elə.
– Niyə, əə, nolub?
– Kəndçi babayam, qurort mənim harama yaraşır? Hər işim düzəlmişdi, qalmışdı saqqal darağım. Kolxozda-sovxozda ayrı adam yoxdu, hökmdü mən gedim? İndiyəcən qırağa-bucağa çıxmamışam, istansı Daşburunda kirvəm olur, olara da yolum düşmüyüb. Bayramnan-bayrama özləri yığışıb gəlir. Neyniyim, ev-eşiyin dərd-səri çoxdu, tək adamam, yetirə bilmirəm. Deyirəm, nə qədər havalar sınmıyıb, qapı-bacaya əl gəzdirim, tövlənin üstünün milləri çürüyüb, oları təzəliyim. Vərdişkar adamam, bir dümük tapıb dümələnməsəm, rahatlanmaram. Mənim kimisinin qurortu elə iş-gücdü.
Məmiş elə zarıyırdı, elə bil onu dincəlməyə yox, Ağoğlanın döşündəki karxanaya daş daşımağa göndərirdilər.
– Cəbiyev, heylə ağır işim yoxdu ha, deyim ki yoruluram. Vallah, bircə gün əyağımı qırağa qoysam, çərriyərəm, – yenə yaxasını kənara çəkmək istədi. – Mən neynirəm? İşin nə ağırlığı varsa, Mayorun boynundadı, – dedi.
– Mayor nədi, əə? – Cəbiyev maraqlandı.
– Kələnin adıdı.
– Sağ ol! Bu adı hardan tapıb yaraşdırmısınız?
– Bizdik dəyil, Urusetdə yaraşdırıblar, pasportunda yazılıb; adı, yaşı, cinsi…
Cəbiyev hələ də bir şey anlamırmış kimi təəccüblə çiyinlərini qısdı.
– Məni qınama, bu urus milləti yaranıb hərbə-zorbadan ötrü, kələsinə də voyenni adı verir, – ağlına gələni dilinə gətirdi. – Məmiş, sən də məzəli adamsan, imam haqqı… Deyirsən yəni kurorta Mayoru göndərək? Ayə, məni barmağına dolama, yekə kişisən. Cəbiyev, görəcək günlərin varmış, işimə-gücümə bax ey. A qardaş, çıx get dincəl dayna! Mən də yazığam, Bakıya «otçet» verməliyəm axı, sənin kimilərin ucbatınnan mənim yaxam əllərdə qalır ey, mənim. Dünən dəftər-kitaba baxmışam; Şura hökuməti qurulannan bəri damazlıq idarəsindən bir adam kurorta, sanatoriyaya getməyib. Həzrət Abbas haqqı, tutarlar qulağımnan, atarlar bayıra, yoxsa Cəlil Cəbiyevə nə düşüb ki, dursun Məmişə boğaz çəksin, yalvarsın.
– Bir az bivaxta düşür, Cəbiyev, yoxsa dirənməzdim, – Məmiş özgə bəhanə gətirdi. – İnəklərin hövrə gələn vədəsidi, oların başın tutan lazımdı axı.
Cəbiyev əlini əlinə vurub güldü.
– Pah! Rəhmətdiyin oğlu, gözlə, sənsiz buralar batar, – dedi. – Bir çoban tapılmıyacaq ki, üç həftə sənin yerində dursun? Stalin də həyləydi – sənin kimi, elə bilirdi tayı-bərabəri yoxdu. Axırı noldu? İnsanın xislətidi, hər kəs elə bilir, onnan bir dənədi… İşdən yana ürəyini buz kimi tut, tapşıracam bir adam ayırsınlar.
Məmişin ta qaçan yolu yox idi, həmkarların sədri dilinin şirin yerinə salıb bənd-bərəni elə kəsməmişdi. Qılığa girməkdə hünərliydi. Məmişin saqqızını oğurlayıb bir təhərlə yola gətirdi, hətta vəd verdi ki, biletini alıb stansiyadan özü onu yola salacaq.
– Cəbiyev, heç olmazsa, maa bir həftə aman ver, yır-yığış eliyim. Arvada deyim, yola fətirdən-fəsəlidən bişirsin ki…
Cəbiyev Məmişin sözünü kəsdi.
– Ay evi tikilmiş, – dedi, – fətiri-fəsəlini neynirsən? Uzaq olsun, dustaqxanaya-zada getmirsən ha.
– Cəbiyev, deyirsən yanı orda yeyib-içməyə, yatıb-durmağa ayın-oyun olacaq?
– Əə, bəs nə təhər? Get, vallah, Cəlil Cəbiyevin dədəsinə rəhmət oxuyassan. Yemək-içmək bir yana dursun, Urusetdən alagöz, sarısaç matışqalar gəlir, deyirsən, ilahi, yaratdığına şükür. Ağca mayadılar, ağca maya… Hə, pasportda ad-familyan necədi, de, yazım.
Məmiş könülsüz-könülsüz mızıldandı:
– Sevdimalıyev Məmiş Qasımxan oğlu.
Cəbiyev höccələdi: «Sevdimalıyev Ma…» – duruxdu. – Adın urusca nə biədəb çıxır, ə, – dedi, – dədə-nənən yönnü bir ad tapmıyıb saa? Nəsə… Adını öz dilimizdə yazıram… Hə, bu oldu başqa məsələ, bayaqdan dirənib durmusan. Gəl o mübarək qolunu şapla bura görüm.
Məmiş yalan-yanlış şötdədi. Cəbiyev onun əlini sıxıb putyovkanı, ardınca da təlimatını verdi:
– Urusyetdən gələn matışqalarla oturub-duranda ayrı ad deyərsən – Əlidən-Vəlidən bir ad yamıyarsan gedər, ehtiyat yaxşı şeydi. Uzağı, elə dədənin ismini söyləyərsən, deyərsən adın Qasımxandı, durub pasportuna baxmıyacaqlar ha. Xətrinə dəyməsin, sənin pasportun burnundu, yeddilik lampa şüşəsidi elə bil. Vallah, matışqalar səni əlləri üstdə saxlıyacaqlar. Dünyanın o başınnan durub guya müalicəyə gəlirlər. Elə bilirsən ağrıyan yerləri var? Yox, Cəbiyev canı, göynəyən bir yerləridi, o da həkimlik-loğmannıq dəyil, heylələrinin loğmanı elə sənsən.
«Bununku lap nağıla döndü e, biri deyir xədiməm, soruşullar neçə uşağın var? Evdəkin ağ günə çıxartdım, qaldı matışqalarnan hingirləşməyim», – Məmiş ürəyində ağrındı, bir yannan da özünü toxtatmaq istədi: «Əə, nə hərləyirəm kolxozun ala danasın, gedib havamı dəyişərəm…» Cəbiyevin söz-söhbətindən bunu da tutdu ki, o, Məmişin paxırından xəbərsizdi. Arvadı Sürmə onun paxırını elə malalamayıb ki… Nələr qalmayıb uydurmasın, qurub-qoşmasın – qarnına yastıq bağlayıb, özünü boylu göstərməyəcən. Amma qonşulardan dalağı sancan vardı, deyəsən. Bir gecə kimsə doxturxanaya zəng çalıb mamaça çağırmışdı ki, bəs Sürmənin sancıları başlayıb. Məmiş düşüb mamaçanı çəpərin ayağından qaytarmışdı, qoymamışdı evə qalxsın. Üç gün sonra Sürmə yastığı qarnından açıb söz yaydı ki, bəs uşaq salıb. O vədədən sonsuzluq suçunu biçarə Sürmənin adına yaxmışdılar. Məmiş də qalmışdı içini yeyə-yeyə; hərdən papağını qabağına qoyub fikirləşir, düşünüb-daşınır, dünyanın işlərini çək-çevir eləyib bir yana çıxara bilmirdi. Üz tutduğu ilahidən də nə səs gəlirdi, nə soraq, üstəlik oğru Avdıləlini qonşuluqda Məmişə gözdağı göndərmişdi elə bil. Mal oğrusu kimi ad çıxartmış Avdıləlinin çolum-çocuğu başından aşırdı, hamısı da pezi-pezi, yanaqlarından qan damırdı. «Haram tikənin karına-kəramətinə bax ey», – Məmiş fikirləşirdi. Özü əyrilik, haramlıq bilmirdi, özgəsinin nə yeyib-içdiyini də güdən deyildi, başını aşağı salıb kasıbçılığını eləyirdi. Amma böyür-başda gördüklərini tərəziyə qoyanda, baxırdı yox ey, haqsızlıq ağır dartır, dədələr demiş, düz düzdə qalır. Hərdən ürəyindən keçirdi ki, qalxsın Ziyarat dağının təpəsinə, ağzını göyə tutub uca yaradanı yerdəki əməllərdən əyan eləsin. «Xudavənd-aləm dünyanın tərəzisinin əyilməyinnən xəbərsizdi. Hər şeyin geci-tezi var» – deyib ümidini üzmürdü.
* * *
Qatar Mahmudludan gecəyarısı keçirdi. Məmişin yolu hərdən Araz boyundakı stansiyaya düşsə də, ancaq indiyəcən qatara minməmişdi. Gözü yemirdi. Uşaqkən anasından eşitmişdi ki, dədəsini davaya qara poyuz aparıb və elə o gedən olub. O üzdən də Məmiş atasız böyüməyində Hitlerdən çox «qara poyuzu» baiskar bilirdi. Elə bilirdi qatar onu da hardasa görmədiyi, bilmədiyi, cin-şeytanın da baş açmadığı bir aləmə aparıb atacaq və o bir daha geri qayıtmayacaq. Onun nəzərində şəhər də cin-şeytanla dolu bir aləmdi. Yol bilmir, iz bilmir, orda nə təhər baş çıxardacaqdı? İçini qovuran nigarançılıq ondan əl götürmürdü. Bir tərəfdən də Cəbiyevin perrondaca üdüləyib verdiyi öyüd-nəsihət onu haldan eləyir, toxtatmaq yerinə narahatlığını daha da artırırdı. Qalmışdı odla su arasında.
– Qəstum-şalvarın təzədi, yatanda büküb qoyarsan başının altına, – Cəbiyev agah elədi. – Poyuzda ciqan-miqan hərlənir, çırpışdırallar, qalarsan əyin-başsız. Orda da ki, urus arvaddarıynan ayıq fırran ha; bir də gördün matışqanın biri dalınca düşüb, gəlib irayona. Sonra yazıq Cəbiyevin yaxası əllərdə qalar, ara yerdə mən təqsirkar olaram.
Həmkarların başçısı sərvaxt, ehtiyatcıl adam idi. Deyirdi: «İşi gərək yöndəmində tutasan ki, sonra başın ağrımasın». Qatar tərpənhatərpəndə bələdçi qadını yanlayıb tapşırdı ki, onuncu yerdəki sərnişindən göz-qulaq olsun, Daşburunda kirvəsi yaşayır, birdən orda düşər, qoymasın.
Cəbiyev qatarın ardınca səssiz-səmirsiz baxıb dərindən, sinədolusu nəfəs aldı, elə bil çiyinlərindən dağ aşırmışdı. Mızıldandı:
– Məmişi də belə göndərdik kurorta…
* * *
Gəldiyinin ikinci günü Məmiş istədi arvadına məktub yazsın, ancaq fikrindən daşındı, düşündü ki, məktubdan qabaq özü evə çatar, ha gücürləsə, bir həftədən artıq tutduq verməz buralarda. Fikri-xəyalı kənddəydi, elə bil çıxdığı iki gün yox, iki-üç il idi. «Ay dədəm vay! Görəsən, işi-gücü mənsiz nə təhər aşırırlar, kələnin alafına yonca qatıllar, ya yox? Birdən yağış başdıyar, tövlənin üstü çökər. Bu nəydi, Cəbiyev məni ilişdirdi, oturmuşdum oturduğum yerdə… » – həmkarların qarasınca gileyləndi. İndiyəcən işdən-gücdən belə aralı düşdüyü olmamışdı. Bircə gün məntəqəyə baş çəkməsəydi, bağrı çatlardı. Hərdən xeyirə-şərə gedəndə də ürəyi qalırdı kələnin yanında ki, zəncirdən açılar, çıxar məhləyə, böyür-başa ziyan yetirər. Kələ qızmasın, qızdı, onun qabağını almaq olmur. Başına gələn başmaqçı olar: inişil bundan qabaqkı buğa nə oyun çıxartmadı? Qonşuların çəpərini basdı, dul Şanxanımın çovustanını uçurdu, inəyinə atılıb, yazıq heyvanın belini qırdı. Elə indiki də dəlisovluqda ondan geri qalmır. Deyəsən, heç kələlərin dinci, ağıllısı olmur.
Dinclik tapmırdı. Yaxşı ki, dəniz vardı, başını onunla qatırdı, o yekəlikdə dərya oyuncaq olub ovundururdu Məmişi. Yarğanın qaşındakı məhəccərə dayaqlanıb gözlərini mavi sulardan ayırmır, baxır, doydum demirdi. Dəniz ona, siləbəsilə dolu nəhəng teşti xatırladırdı. «Tanrının başına dönüm, bu qədər su hardan axıb, dolub bura? Uçağan Məhəmmədin gözünnən qıraq: imkan ola, qayalığın bəri üzünnən qulaq eliyib suyu çəkəsən kəndə, bağ-bostan yanmıya», – ağlından keçirirdi…
Hava qızar-qızmaz millət ellikcən lütlənib tökülmüşdü dənizə. Məmiş çimərliyə enəndə artıq gün əyilmişdi. Soyunmaq bir yana, adamlara yovuq belə durmadı; elə bil ona qoturları keçəcəkdi. Qayalıqda çömbəlib, aralıdan ətcəbala arvadlara xəlvətcə zənn elədi, donquldandı: «Yanmışlar nə təhər də göyçəkdilər e. Nə millətdi bular? Həlbət, Cəbiyev deyən matışqalardı ey». Çılpaq adamların arasında kimisə axtarırdı elə bil, gözlərini zilləyib qalmışdı. Qumluqda ağnaşan sarışın arvadlardan biri uzandığı yerdən dikəlib ona əl yellədi, öz dilində harayladı. Məmiş məhəl qoymadı, məhəl qoyub neyləyəsidi? Durub matışqalarnan laldili danışmayacaqdı ha. Yönü dənizə olsa da, altdan-altdan çəpəndazına ağ əndamlı arvadı süzdü. «İnək də belə göz eliyir ey, – astadan donquldandı: – Aaz, yeri o yana, get özua kələ tap, mənnən saa kələ olmaz. Təpərim olsaydı, evdəkinə bir gün ağlıyardım».
Günəşin qırmızımtıl işartısı sönüküb öləziyirdi. Əl-ayaq yavaş-yavaş yığışırdı, deyəsən, daha Məmişə məhəl qoyan da yox idi. Oturduğu yerdəcə ayaqqabılarını çıxartdı, naxışlı köynəyini, şalvarını ehmalca soyundu. Bostan oğurluğuna gedirmiş kimi, yan-yörəyə boylandı, qayanın üstündən sürüşüb özünü vurdu dəryaya. Qarnına gedən duzlu sudan az qaldı ödü-öfkəsi boğazına qalxsın. Suyun üzündə qala bilmirdi, elə bil ayağından yapışıb dartırdılar dibə. Düşdüyü burulğanın girdabından qurtulmağa çalışdı, əl-qol atıb çapaladı. Birdən-birə gözlərinə qaranlıq çökdü, ləpələrin səsi qəfildən harasa qeyb oldu…
Özünə gələndə gördü ki, əndamlı, sarışın qadın ətli qıçlarını haça-paça aralıyıb çöküb qarnının üstünə və onun keyimiş əl-qolunu, tüklü sinəsini ovxalayır. Ovxaladıqca da qadının bir cüt çatal hulu təki dolu döşləri titrəyir, az qalırdı yerindən qopsun. Bu titrəyiş elə bil Məmişin sinəsini dəlib qəlbinə hopmuşdu, onu da əsdirirdi, dişləri bir-birinə dəyirdi. Qırçın ləpələrin xəfif pıçıltısını eşitdi, dənizin bayaqdan itmiş səsi özünə qayıtmışdı.
– Matışqa bacı, elə bil dəli dərya məni aparırdı axı? – ağlına gələn sualı verdi.
Qadın onun dediyini anlamadı, amma eşitdiyini cavabsız da qoymadı, zarafata saldı:
– Ox tı kakoy volosatıy, nosatıy!.. Sxvatila za tvoy nos, i vıtaşila tebya, a to…[1]
Matışqa deyəni də Məmiş anlamadı, ancaq işarədən burnunun yekəliyinə sataşdığını kəsdirdi. Rəfiqələri də ağ əndamlı qadına qoşulub güldülər.
– Mı eşe uvidimsa, prixodite na tansı, orkestr iqraet, – xilaskarı onu dəvət elədi. Qadınlar öz aralarında xosunlaşıb deyə-gülə uzaqlaşdılar. Məmişin qulağında qalan da anlamadığı sözlər yox, o ilıq, həlim gülüş oldu. Gülüşə nə dil, nə millət?..
Pal-paltarını qoltuğuna vurub qumluğa yapıxmış əncir ağacının kölgəsinə çəkildi. İri yarpaqlı kövrək budaqlar yerə sarı əyilmişdi, yaşıl çətiri xatırladırdı. Məmiş sətin darbalağını aşağı dartıb əynindəcə sıxdı. Yosun qoxuyan dəniz suyunun təlx tamı hələ də damağından çəkilməmişdi. Sahilin havası da yod qoxuyurdu.
Kölgəlikdə dik-dik qalxmış seyrək otların üstünə sərildi, gözlədi əyni-başı qurusun. Əncirin altının havası ağır idi; deyəsən, kimin nə gizli işi var, burda tutur. Altdan yuxarı göz gəzdirdi, meyvənin bol vaxtı bir xəşək belə gözünə dəymədi, ağac barsız-bəhərsiz idi. «Bu da ağacların sonsuzu, baxtıqarasıdı e», – fikrindən keçirdi. Başına gələnlər ona yuxu kimi görünürdü. Mızıldandı:
– Əndamın yanmasın, matışqa! Arvad xeylağı olanda nolar, ondakı hökmə bax ey. Pah, dədəm vay, qılçaların aralayıb qırğı kimi necə sinəmə çökmüşdüsə, altında tərpənə də bilmirdim. Yanmışın əmcəkləri elə də yekədi; xamnan çıxmış inək yelininə oxşuyur. Cəmdəyi də ki, Cəbiyev demiş, ağca maya… Bıy!.. Bu nədi, ayə, içim nə təhər qızışdı ey, elə bil bayaq suyun əlində hələk qalan adam dəyiləm. Yazıq matışqa diliynən dedi dayna. Dedi, Məmiş, nənən namaz üstəymiş, yoxsa dərya dirənmişdi, boğazlayıb diricə-gözdücə səni aparırdı (rus qızının dediklərini özlüyündə belə anlamışdı). Sağ olsun, ora-buramı ovxalıyıb, soluğumu-nəfəsimi qaytardı. Vallah, billah, özgəsi bunu eləməzdi, abıra qısılıb yad kişiyə yaxın durmazdı, mənim kimisi də havayıdan batıb gedərdi. Məmiş, saa dərs olsun: dərya Ayıflı kəhrizi dəyil ha, bəridən o yana səriləsən, hərdən də balıq kimi ağzını açıb sərin sudan udub yanğını yatırasan… Ayə, bu dəniz qırcıma duzduymuş, heç bilmirdim…
Qulağına dəyən həlim səsə xəyaldan ayrıldı; bayaqkı sarışın qadın idi, ağacın haça gövdəsinə dayaqlanıb durmuşdu; çimərlik paltarındaca – döşü-başı açıq. Məmiş yerindən dik qalxdı, nə deyib, nə danışacağını bilmirdi. Özünü qadına borclu sayırdı və onun gözəl çöhrəsindəki biclikdən elə borcunun dalınca gələnə oxşayırdı. Xoş ətir kölgəliyin ağır havasını qovub Məmişin burnunu oxşadı, onu haldan elədi. Nəfəsi təntidi; sanki uzun bir yolu nəyinsə dalınca düşüb qova-qova, qaça-qaça gəlmişdi və iztirablı, əzab-əziyyətli yol haça gövdəli bu əncir ağacının altında bitirdi. Qəlbinin döyüntüsünü eşidirdi; ürəyi köksündə diringi vururdu. Məmişə elə gəldi ki, o hələ də burulğandadı, əl-qol atıb çapalayır, imdad diləyirdi və sarışın qadın da özünü yetirmişdi ki, bu dəfə onu öz içinin burulğanından qurtarsın.
Qadının ilıq nəfəsini qulağının dibində hiss elədi. Məmiş nəsə demək istədi, ancaq ağzından özünün də kəsdirmədiyi vəhşi bir hayqırtı qopdu. Bu səs ona tanış idi: qızmış kələ düyəyə qalxanda bu təhər hayqırtı çıxarırdı. Üzü üzlər görmüş qısır əncir ağacı Məmişə məntəqədəki taxta mancanağı xatırlatdı…
Bayaqdan xəfif əsən yel indi səmtini dəyişmişdi, yaşıl yarpaqları oxşayıb tərpədirdi. Suların ayna sinəsində özünü süzən Ay buludun arxasına adlayıb xəlvətə çəkildi. Alaqaranlıqda dəniz ayaq götürüb harasa uzaqlaşdı…
Köpüklü ləpələr görünmürdü, yalnız səsləri-sədaları gəlirdi; özlərini sahildəki qayalara çırpıb canlarına qəsd eləyirdilər. Dəniz suyunun çiskini, əncir ağacının qol-budağını yalayır, ətrafa xoş bir sərinlik yayırdı. Getdikcə güclənən xəzri yelinin vıyıltısı içindən hərdən titrək qadın hayqırtısı eşidilirdi: «Mamiş, tı nastoyaşiy bık..!»[2]
Yarğanın başındakı meydançada orkestr fokstrot çalırdı…