Azərbaycanda ildırımlar niyə artıb…

Azərbaycanda ildırımlar niyə artıb…

Son illər Azərbaycanda ildırım vurması hadisəsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu halların nəticəsində ölənlər və ağır xəsarət alanlar olur. Bu mövsümdə ilk ildırım vurması hadisəsi isə bir neçə gün əvvəl Samuxda baş verib. Rayonun Hacıalılı kəndində 18 yaşlı Sənan Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. Həmin vaxt Sənanın yanında iki həmkəndlisi də olub. Onlar ildırımın gücündən huşlarını itiriblər, ayılanda isə Sənanın öldüyününün şahidi olublar. İldırım çaxan zaman Sənanın mobil telefonla danışdığı deyilir. 

Mütəxəssislər isə bildirilər ki, son illər ildırım vurmalarının sayı artıb. Bununla yanaşı şimşək çaxması hallarının artması da müşahidə edilir. Məsələn, yazdan yaya, yaydan payıza keçid aylarında ildırım çaxmalarının intensivliyi artıb. Bakıda da son 20-25 ilə nisbətən ildırım çaxması halları 10 dəfəyə qədər çoxalıb. Baxmayaraq ki, əvvəllər Bakıda ildırım çaxması nadir hadisə sayılardı.  Hətta Bakıda ildırım çaxması hallarının artmasının səbəbini öyrənmək üçün elmi araşdırmaların aparılması da təklif edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov virtualaz.org-a deyib ki, ildırım çaxmalarının çoxalması birbaşa qlobal iqlim dəyişikliyi ilə əlaqəlidir. Qlobal iqlim dəyişikliyi nəticəsində havada keçiricilik artır, bu isə ildırım hadisələrinin çoxalmasına səbəb olur.

Bəzi mütəxəssislər Bakıdakı hündür tikililərin hava kütlələrinin dinamikasına təsir etdiyi, beləliklə də paytaxtda yağıntıların artmasına səbəb olduğu ehtimallarını səsləndirirlər. K.Qurbanov isə Bakıda ildırım çaxması hallarının artmasının yeni tikililərlə, yəni çoxmərtəbəli binaların hava axının qarşısını alması ilə əlaqələndirilməsinin doğru olmadığını da deyib.

“Son vaxtlar Bakıda hava tez-tez dumanlı, yaxud rütubətli olur və bu, qlobal iqlim dəyişiklikləri ilə bağlıdır. Adətən dumanlı hava ildırım çaxmalarını sürətləndirir. Dağ rayonlarında buludlu havalar çox olduğu üçün bu ərazilərə ildırım düşməsi ehtimalı yüksək olur. Qeyd edim ki, bəzi ildırımlar buludların arasında çaxır, bu, o qədər də təhlükəli deyil. Ancaq müxtəlif elektrik yükünə sahib iki bulud arasında, yaxud buludla yer arasında baş verən ildırım çaxması daha təhlükəlidir. İldırım daha çox sivri uclu yerləri vurur. Məsələn, şam ağaclarına ildırım düşməsinə daha çox rast gəlinir”,-Qurbanov belə deyib.

Müsahibimizin sözlərinə görə, ildırımdan mühafizə üçün müasir qurğular var. Bakıdakı çoxmərtəbəli binalarda, obyektlərdə həmin ildırımötürücülərdən quraşdırılmalıdır: “Doğrudur, ildırım daha çox rayonlarda, dağ kəndlərində, yaxud açıq sahələrdə insanları vurur. Lakin Bakıda da ildırım vurma təhlükəsi var. Ümumilikdə, ildırım təhlükəli təbiət hadisəsidir. İldırımdan qorunmaq üçün tövsiyələrə əməl etmək lazımdır.  Məsələn, açıq sahədə olanlar ildırım çaxan zaman nə etmək lazım olduğunu bilməlidirlər”.

Mütəxəssis əlavə edib ki, ildırım çaxanda açıq sahədə olanlar dərhal şaquli vəziyyətdə yerdə uzanmalıdılar. Düzənlikdə olan ağacın altında dayanmaq, yaş paltarda, yaş ayaqqabıda açıq havada durmaq olmaz. Yağışlı və şimşəkli havada mobil telefonlar söndürülməlidir, çünki mobil telefonlar ildırımı çəkə  bilirlər.

Qeyd edək ki, əsasən fəsil dəyişkənliyində – may-iyun, sentyabr-oktyabr aylarında intensiv ildırım çaxması müşahidə edilir.

Ü.Xudiyeva

Share: