Niyə bizdə alınmır?

Anar Rzalı

Hələ bir nəfər də olsun sosial vəziyyəti pis gündə olan, amma eyni zamanda “Biz ölkədə qalıb sona kimi vuruşmalıyıq, demokratiyanı, cumhuriyyəti bərpa etməliyik” deyən adama rast gəlməmişəm. Bəlkə da axtarsan tapılar, amma çox nadir. Ölkədən gedənləri qınayıb “axıra kimi ölkədə qalmalıyıq” deyən vətənpərvər dostlarımızın hamısı Azərbaycan standartlarında ya yaxşı, ya da ortabab yaşayır.

Mən burda heç bir tərəfi qınamıram. İnsan təbiət etibarı ilə sosial varlıqdır və bütün bunlar insanın keyfiyyətli olub-olmamasından asılı olmayaraq instinktiv bir şeydi. Şərait normal olandan sonra əlbəttə əksəriyyətin ilk seçimi öz dostlarının ətrafında-ölkəsində qalmaq olur. Olmayanda isə həyata 1 dəfə gələn vətəndaş bütün ömrünü sonuna kimi sürünərək mübarizəyə həsr etmək məcburiyyətində deyil. Ələlxüsus da ki, qarşıda heç bir işıq görsənmirsə. Bəs bu lənətəgəlmiş işıq niyə görsənmir? Bu “Qaramolla” Anar niyə bu qədər pessimistdir?… Ümumiyyətlə ölkə iki cür dəyişə bilər: yumşaq və sərt yolla. Bu hakimiyyəti bəyənməməkdə hamımız ortaq fikirdəyik, o heç. Ancaq necə dəyişilməli olduğu barədə fikirlərimiz haçalanırdı. Mən şəxsən əvvəllər ölkədə inqilabın tərəfdarıydım və düşünürdüm ki, xalq ayağa qalxıb güc strukturlarına qarşı vuruşmalı, sonda qalib gəlməlidir. Lakin sonralar qonşu və qonşu olmayan avtoritar ölkələrdə baş verən qanlı toqquşmalar məni düşünməyə vadar elədi. Gördük ki, hətta Qərbin dəstəyi ilə ayaqlanmış xalqlar belə sonda böyük itgilərlə məğlub ola bilir və yaxud “Pirr qələbəsi” (məğlubiyyətə bərabər qələbə) qazanır. Bəli, bəli. Mən anlayıram ki, heç bir diktator tort üzərində şamlarla sizə demokratiya hədiyyə etmir. Amma nəzərə alın ki, Azərbaycan xalqının DNK-sında etiraz ruhu yoxdu, şanlı müxalifətimizdə ciddi fiqur saya biləcəklərimizin çoxusu satıldı, digər ölkələrlə müqayisədə Qərb bizi dəstəkləmir (simulyasiyaya inanmayın. Uzun illər göstərdi ki, biznes maraqları onlar üçün daha önəmlidir) və sonda ən pisi odur ki, faciə daha böyük olacaq, çünki bizim hakimiyyət ən qəddarıdır. 2003 hadisələrini açıb “Youtube”-dən izləyin. Bütün bunları öz çılpaqlığı ilə dərk edəndən sonra düşündüm ki, ən yaxşısı indiki hakimiyyətin yumşaq keçid etməsi olar. Əvvəllərdə İlham Əliyevin vədləri və xırda isalahatları bizi ümidləndirdi. Fikirləşdim ki, yəqin müəllim digər iri məmurları vurub, tək kral özü qalar və siyasi olmasa da, ölkədə iqtisadi azadlıq yaranar. Sinqapur modeli kimi bir şey. O, alınmır, heç olmasa Rusiya modeli. Amma deyir sən saydığını say, gör İlham müəllim nə sayır. Fikir versəniz son 5-10 il ərzində ölkədə ciddi nə açılırsa, nə inkişaf edirsə hamısı hakim ailəyə məxsus olur. İri ticarət “Mall”larından tutmuş mobil rabitə şirkətlərinə kimi. Sizcə bütün bank sektoru çökən bir anda niyə Paşa, Kapital, Silk Way və s. çiçəklənməyə başladı? Ziya Məmmədovun vurulmasına tək səbəb səriştəsizliyi idi, yoxsa ailəyə məxsus “BakuBus” şirkətinin bazara girməsi üçün edildi həm də? ADA universitetinin yaranmasından sonra Qafqazın gözdən salınması tək Fetoyla bağlı idi? Demək olar ölkə iqtisadiyyatı da ya birbaşa, ya da dolayısı yolla özlərinə məxsusdu. Deməli “Yumşaq keçid” modelini də el adətiylə dəfn eləmiş olduq. Bəs Azərbaycan insanının səbr kasası sonsuzdurmu? Əlbəttə ki, yox. O bir gün daşacaq, amma yaxşı yaşamaq və ya demokratiya uğrunda olmayacaq. Acından ölməmək üçün qalxacaqlar. Proqnozum odur ki, bu ən azı yaxın 5 ildə baş verməyəcək. Baş versə də, çox faciəvi nəticələr verəcək. Bütün bunları göz önünə gətirəndə başa düşürəm ki, ölkənin yaxın 10 il ərzində heç bir perspektivi yoxdur. Hələ bu məsələnin iqtisadi tərəfidir. İndi isə ictimai problemlərimizə keçim. Yaxşı-yaxşı, vurmayın, zarafat edirəm. Ağlaşma bitdi, zorlanmadan həzz almağa davam…

Share: