Axı,mən kiməm ki? Söz şəkli çəkən… – Saqif Qaratorpaq

Axı,mən kiməm ki? Söz şəkli çəkən… – Saqif Qaratorpaq

 

 ***

Hər gecə aranı daşıyıb dağa,

Nə qədər özünnən danışar adam?

Dünya varlğından xəbər tutunca,

Görərsən yoxluğa qarışıb adam…

 

Təkcə özü olar-özünə sirdaş,

Hər dəfə özünü kəsər qılıncı.

Səsi öz üçüində batanlar bilər,

Necə daşa dönür yumşaq balıncı.

 

Kimsə xəbər tutmaz bir acısından,

Üzündən təbəssüm şəkili asar.

Nəyə əl uzatsa,çıxar qəhətə,

Yazda çiçək tapmaz,qışda bir az qar.

 

Nə vaxtdı özünə kəsilib qənim,

Talayıb ömrünü,yorub vaxtını.

Zalım,sən də sevin- ürəkdən,görsən

Qaralan qanının duru vaxtını.

 

 

Daha yoldan-izdən yığılıb gözü,

Daha gözlərindən qəlbinə axır.

Elə sığınır ki tənhalığına,

Sevdiyi qadın da yadından çıxır…

 

 

 

 

***

 

Durna

Bir yaz gecəsi yuxuma

Bir durna qonaq gəlmişdi…

Sən niyə ayrıldın qatardan belə,

Hardan uçub gəldin yuxuma mənim.

Sən niyə sinəmə çırpdın özünü,
Baxmadın azıma-çoxuma mənim.

 

Axı,mən kiməm ki? Söz şəkli çəkən…

Min ildi əsirəm qələmin üstə.

Könlümdə qopubdu Nuhun tufanı,

Çıxıram sahilə ağ gəmi üstdə.

 

Sən necə bildin ki yanıb qanadım,

Elə o zamandan göyə həsrətəm.

Ömrümün-günümün səhmanı itib,
Nə vaxtdı sevgidən qalmışam yetim.

 

Necə yaşayarıq ikimiz belə?

Bizimki tutarmı? Sən-quş,mən-adam…

Bir gün göylər üçün darıxacaqsan,

Açılanda səhər,düşəndə axşam.

 

 

Sən hardan bildin ki, uça bilmirəm,

Gəlmisən dərdimə əlac etməyə.

Neyləyim,mənim ki qanadım yoxdu,

Bir gün havalanıb sənnən getməyə.

 

Quşlar uçub gedir…sən də dayanma,

Orda səndən ötrü darıxır yuvan.

Gün gələr mənim də qanadım çıxar,

Uçaram,uçaram lap yanınacan…

 

 

 

***

Sən də gedəcəksən bir gün…bilirəm,

Birinci görüşdən duymuşdum bunu.

Ya ölümlə bitir,ya ayrılıqla

Bütün görüşlərin,heyif ki,sonu…

 

Bu da bir sınaqdı,fikir eləmə,

Keçənə güzəşt de,olan olacaq.

Nə üzül mənimçün,nə üzr istə,

Yox…yox…lazım deyil mənə acımaq.

 

Çətindi bir ömrün yükünü çəkmək,

Özünə görəymiş hər dağın qarı.

Nə qədər vədinə xilaf çıxan var,

Gəl,mənə tanıtma sən adamları…

 

Mən yaxşı bilirəm,nədir ayrılıq…

İstəsən soraqla,istəsən ara.

Sənin xəbərin yox,necə sızlayır

Köksümün altında bir köhnə yara.

 

Yaxşı tanıyıram mən ki bu qəmi,

Bilirəm dadını undulmağın.

Astaca nə isə pıçıladayırsan…

Titrəyir əllərin,əsir dodağın.

 

Nəyin var,götürdün…hazırsan artıq…

Yır-yığış elədin,bax,bu da boxçan.

Qəsdən ləngiyirsən,bircə söz deyim,

Mən də çox zalımam,demirəm dayan.

 

 

 

 

                        ***

Sən indi yatmısan…bəlkə də elə

İndicə görürsən yuxuda məni.

Axşamdan içimə daman göz yaşım

Qatıb qabağına axıdır məni.

 

Sən indi yatmısan…dağılıb saçın

Dağınıq fikir tək balıncın üstə.

Asılıb qalmışam bir nazik ipdən

Əsirəm bir iti qılıncın üstə…

 

İşığı nə gurdu təbəssümünün,

Nələr pıçıldayır mələklər sənə?

Bir ah havalanıb qopdu sinəmdən,

Heyif,aparmasın küləklər sənə…

 

Sən indi yatmısan…yoxdu xəbərin,

Yüz dəfə keçmişəm boş küçənizdən.

Unudub özünü axşamdan bəri

Ay da güzgülənir pəncərənizdə…

 

Uçur kəpənəklər güllərin üstə,

Lalələr gəlibdi yuxuna qonaq.

Boylanıb uzaqdan gələn ağ yola,

Yoxsa gözləyirsən kimdənsə soraq?

 

Qarışıb yuxumuz biri-birinə,

Sənmi yuxulusan,mənmi oyağam?!

Əlini uzadıb tutdun əlimdən,

Dedin ki,İlahi,nə yaxşı sağam!

 

 

***

Sən hələ bilmirsən,necə qırılır,

Necə çiliklənir içindən adam.

Boğulur,havası çatışmır evdə,

Gözləri qapıda qalır hər axşam…

 

Hər gün öz külündən bir də doğulur,

Dərdi çiçəkləyir üzündə dən-dən.

Qara günlərini ağ sap eləyib

Hər gecə keçirir öz kipriyindən.

 

Sən hələ bilmirsən, necə əzabdı

Misra-misra ölüb,söz-söz doğulmaq;

Dağıdıb qanını neçə tikana,

Torpağa qarışıb,güldə yox olmaq…

 

Gözlərin qaralar-boylansan bir az,

Ürəyin çəkilər-uzandıqca yol.

Geri dön,hələ ki təzədi yaran,

Gün gələr, mənə də deyərsən:-Sağ ol!

 

Heyif,oda düşdüm mən öz dilimdən,

İndi tüstüləyən bacasız evəm.

Ömrümü-günümü yedi adamlar,

Ürəkmi qoydular-təzədən sevəm…

 

 

Saqif QARATORPAQ

 

Müstəqil.Az

Share: