Lənkəran rayonunun Liman şəhərində müəmmalı hadisələr baş verir.
Müstəqil.az lent.az-a istinadən xəbər verir ki, ötən gecə şəhər sakini, 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu və 55 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, döyülən şəxslər qonşu olub. Onların evləri bir-birindən təxminən 200 metr məsafədə yerləşir. Belə ki, 16 yaşlı oğlan qaranlıqda tanımadığı şəxsin hücumuna məruz qaldığını deyib. Nəvəsi ilə tək yaşayan Nəcəfqulu Həsənov da onu döyən adamı tanımadığını deyib.
Qeyd edək ki, iki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyeva yaşadıqları evdə vəhşicəsinə döyülüb. Onlar çox ağır xəsarətlər aldığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və Samirə Miriyeva aldığı xəsarətlərdən keçinib.
Hazırda hüquq-mühafizə orqanları Liman sakinlərinin kabusuna çevrilən şəxsin yaxalanması istiqamətində tədbirlər həyata keçirilir. Bəzi sakinlər gecə saatlarında küçədə hündür boylu naməlum şəxsin gəzdiyini deyiblər.
Müstəqil.Az