Sabirabad polisi şikayətçinin səsini eşitmir…

Sabirabad polisi şikayətçinin səsini eşitmir…
 
Diqqətli oxucuların bəlkə də yadında olar. Belə ki, az qala bütün sosial şəbəkələrdə bu barədə məlumat verilib. Yazılıb ki, bu ilin may ayının 26-da Sabirabad rayonunun ərazisində yerləşən fermalardan birindən 178 baş xırdabuynuzlu heyvan oğurlanıb.
O da qeyd olunub ki, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov şübhəli şəxs qismində saxlanılıblar. Dindirmə zamanı hər iki şəxs bu cinayət əməlini törətdiklərini etiraf ediblər. Vilayət İsrafilov bildirib ki, may ayının 30-da heyvanları Gəncə bazarında Ağcabədi rayonunun Qiyamətli kəndində yaşayan Seymur adlı bir şəxsə satıb. Hazırda Sabirabad rayon Polis şöbəsində cinayət işi başlanıb və istintaq gedir. Maraqlı suallar ortaya çıxır. Görəsən bir nəfərin 178 baş qoyunu təkbaşına oğurlaması nə dərəcədə həqiqətə uyğundur? Heyvanların konkret olaraq kimin həyətində olduğu bilindiyi halda niyə zərərçəkmişə dəyən ziyan ödənilmir, qoyunlar geri qaytarılmır. Sabirabad rayon Polis Şöbəsində nədənsə bu məsələyə barmaqarası baxırlar. Neftçala rayon sakini Məhəmməd Əliyev fəfələrlə Sabirabada ayaq döysə də onun səsini eşidən yoxdur ki, yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu məsələyə öz münasibətini bildirməli, dəymiş zərərin ödənilməsi üçün Sabirabad rayon Polis Şöbəsinə konkret göstəriş verməlidir.
Elnur Baxış
Müstəqil.Az
Share: