Milli Məclisin deputatlarının bəzilərinin həqiqi olmayan, yəni saxta yollarla diplom alması son günlər müzakirə obyektinə çevrilib.
Yaxın günlərdə polisin döyülməsi ilə gündəmə gələn deputat Eldəniz Səlimovun Dağıstan Respublikasında oxuması deyilirdi. Onun oxuduğu universitetin isə verdiyi diplom Azərbaycanda tanınmır. Bu günlərdə daha bir deputatın saxta yolla diplom alması ilə bağlı tanınmış iqtisadçı Qulu İbrahimli öz sosial hesabında paylaşım edib.
Bakupost.az -ın xəbərinə görə, iqtisadçı iddia edir ki, Yasamal rayonundan seçilmiş deputat Elnur Allahverdiyev 1995-ci ildə TQDK-dan kənar olaraq pulla universitetə daxil olub.
Qulu İbrahimli deputatın paylaşımında ona sual ünvanlayıb.
“Bir sosial şəbəkə fəalı və deputatlığa keçmiş namizəd olaraq sual verirəm sizə: 1995-cil ildə Elşad Abdullayevin o vaxtkı San-Marino Universitetinin (sonra ABU) hüquq fakültəsinə TQDK xətti ilə qəbul olunmağınızı xalqa sübut edə bilərsizmi? Necə həqiqi deputat seçilməyinizi bundan sonra biləcəyik”.
Məsələyə münasibət gecikməyib.
Deputat Elnur Allahverdiyev iqtisadçının sualına fikir bildirib. Sözügedən cavabı təqdim edirik:
“Acizlik bizə yaraşmaz, heç nə qarşısında aciz qalmarıq. Ancaq mən bu adama nə cavab verim? Bu adam profilində yazır ki, Milli Məclisdə işləyir, amma işləmir. Öz profilindən də status paylaşıb, oradakı yazışmalara baxa bilərsiniz. Qeyri-ciddi iddialara mən nə cavab verməliyəm, yaxud niyə vaxt sərf etməliyəm? Bu şəxsi tanımıram, niyə belə yazdığının səbəbini də bilmirəm.
Mənim 30 min seçicim var, onların qayğılarının, problemlərinin həllində yardımçı olmağa çalışıram, profilimə baxa bilərsiniz. Vaxtım çox məhduddur, durum yalandan Milli Məclisdə işlədiyini deyən biri ilə mübahisəyə girim?
Mən iş adamı olmuşam, qurduğum şirkətdə indi 2750 nəfər işləyir, yəni ortalama 10 minə yaxın insan bu işdən dolanır. Bu adam nə edib? Kimə gəldi çamur atan birinə mən nə cavab verim? Yazır yazsın, başı qarışır yəqin.
Bu adamın savadı olsa, bilər ki, deputatlığa namizədliyim irəli sürüləndə MSK-ya təqdim edilən sənədlərim bir-bir yoxlanılıb. O cümlədən malik olduğum hər iki diplomum. Bilməlidir ki, diplom dövlət sənədidir, universitetin rəhbərliyində kimin olmasından asılı olmayaraq.
Hər iki universitetin diplomu var. Qısası, belə boş-bekar adamdırsa, MSK-ya müraciət etsin, gedib nə var, hamısına baxsın. Ancaq MSK-da özünü dediyi kimi “saxta yollarla Milli Məclisə işə düzələn” birinə bu sənədləri verəcəklərinə inanmıram. Başqa sözlə, mən fikir vermirəm, sizə də məsləhət görmürəm”.