Ədəbiyyatda “Şahnamə”, “Qabusnamə”, “Şikayətnamə”, “Dəhnamə”, “Növnamə”, “Səfərnamə”, “Müsibətnamə” və sair “namələr” mövcuddur.
Üçüncü minilliyin birinci əsrinin – XXI əsrin şairi Şöhlət Əfşar da “Dərdnamə” (Bakı, “Nurlar” Nəşriyyatı – 2020) yazdı. Şöhlətin “Dərdnamə” poeması İkinci Qarabağ müharibəsindən – Vətən müharibəsindən düz bir il əvvəl 05 noyabr 2019-cu ildə yazılıb. Onda hələ 30 il işğalda qalan Qarabağ dərdimiz var idi. Və bu dərd özünün son həddinə çatmışdı. O zaman şair bu dərd kontekstində başqa dərdlərimizi də poetik şəkildə dilə gətirmişdir.
“Dərdnamə” poeması klassik ənənələrə uyğun olaraq “Minacat”la başlanır. Şair Allaha müraciət edərək ondan başladığı əsəri yazmaq üçün mənəvi güc, ilham istəyir. “Minacat” əsərə klassik forma, inam gətirir, müəllif Allah vergisi olan istedadına ilahi aləmdə istinad axtarır.
“Dərdnamə” Şöhlət Əfşarın müasiri, istedadlı şair, irfan əhli Barat Vüsala müraciət tərzində yazılıb. Bu tərz də klassik Azərbaycan ədəbiyyatının ənənələrindən gəlir. XIX əsrin böyük marifçisi Seyid Əzim Şirvani “Qafqaz müsəlmanlarına xitab” əsərini müasiri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə müraciətlə yazmışdı:
Ey Həsən bəy, müəllimi – dana!
Ey edən əhli – aləmi ehya!
Ey çatan aləmə səfa səndən,
Eyləyir Seyid iltica səndən –
Ki, bu məktub kim, xəyalımdır,
Əhli – Qafqazə ərzi – halımdır;..
Belə bədii müraciətlər Azərbaycan ədəbi-tarixi prosesinin spesifik xüsusiyyətidir. Şöhlət Əfşar yazır.
Mərhəba, Barat Vüsal, əziz dostum, qardaşım,
Ey mənim könüldaşım, sən, ey mənim dərddaşım!
Söylə, kefin necədir, necə keçir bu dövran?
Dövri-çərxi-fələklə, söylə, necədir aran?
Arzumdur, xoşbəxt yaşa, olmasın dərdin-sərin,
Al şəfəqə boyansın hər açılan səhərin.
İdrakınla yaz-yarat, yerə qoyma qələmi,
Sözə sözlə bəzək vur, nura qərq et aləmi…
…Zaman axır su kimi, – öz işində dəyirman,
Karvan bir an dayanmır, dolub-boşalır xırman.
Bil ki, zamanla qızıl, qiymətdə eyni, birdir,
Zamanı boşa versən, keçən ömür hədərdir.
Amma yığıb qızılı, sonra xərclərsən əlbət,
Zamanı bircə an da, saxlamaq olmaz fəqət!
Gecə, gündüz keçirsə, dursaq da, yol gedirik,
Yuxuda yatanda da məsafə qət edirik…
…Vaxtdır hər dərdə əlac, yalnız vaxt üçün acıq,
Çörəkdən, sudan da çox, biz zamana möhtacıq.
Barat, keçək mətləbə, vaxtı verməyək əldən,
Gəl, həsbi-hal eyləyək, macal olmaz əcəldən…
Heca vəzninin ən ləngərli bölgüsündə ondördlüklə yazılan bu misralar klassik şeirimizi xatırladır: Öz səs düzümü və ahəngi ilə bəs şair nədən zinhara gəlib, dərd-səri nədir, qəlbən sevdiyi müstəqil Azərbaycanda onu pəjmürdə edən nədir, nə ilə barışa bilmir?! Bu sualları təkcə ziyalılar, vicdanlı qələm əhli yox, hər bir vətənpərvər, ləyaqətli “Vətən daşı” (Məmməd Araz) olan ölkə vətəndaşı özünə verə bilər. O zaman Şöhlət Əfşarın sərt və ədalətli misraları ona bədii-fəlsəfi cavab verəcək:
Gəl, zənnə qapılma, güman etmə sən,
Sanma bu halətim divanəlikdir.
Bax dərdli könlümə, özün görərsən, –
Dəfinə gizlənmiş viranəlikdir.
Bu necə dünyadı, necə dövrandı?
Sən belə dünyadan nə gözlə, nə um?
İblisin odunda həqiqət yandı,
İnsanlıq yalana olubdu məhkum.
“Dəfinə gizlənmiş viranəlik”, sufiyanə deyimdir.
Son illər Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin hər sahədə apardığı islahatlar inanırıq ki, vətəndaş şairin həyəcanlarını azaldacaq. Daha şair:
Həyat tərzi olub yalan, alçaqlıq,
Yaxşı inkar olur, pis alqış alır.
Millətin evini yıxdı yaltaqlıq,
Ədalət həyəcan təbili çalır.
– deməyəcək, qalib Azərbaycanda gedən nəhəng quruculuq işlərini vəsf edəcəkdir.
Əgər şair öz zamanının dərdlərini görə bilmirsə, bu onun birinci məğlubiyyətidir. Əgər görüb deyə bilmirsə, cəsarət etmirsə, bu onun ikinci məğlubiyyətidir. Şöhlət Əfşar yüksək müşahidə qabiliyyətinə, ondan da yüksək şair-vətəndaş cəsarətinə malik şairdir.
Rusiyanın XIX əsrdə yaşamış, məşhur “Sovremennik” jurnalının redaktoru, rusların milli şairi Nekrasov deyirdi: “Sən şair olmaya bilərsən, fəqət, vətəndaş olmağa borclusan!”.
Şöhlət Əfşar Nadir şah Əfşarın nəslinə – türk Əfşarlar soyuna layiq şair və vətəndaşdır. Məhz belə soya malik şair cəsarətlə həqiqəti yaza bilər:
“Dindar” var, on kərə həccə gedibdi,
Vicdan nə olduğun hələ bilməyir.
Möhürlə alnını yara edibdi,
İmana gəlməyir, dinə gəlməyir.
Qəflət yuxusundan oyanmır niyə?
Məzhəblər yanlışdan dönmür ki dönmür.
Cəhalət damara işləyib deyə,
Ədavət alovu sönmür ki sönmür!
…Otuz il Avropa Şurası, ATƏT-in Minsk qrupu və sair xaçpərəstlər bizi işğal altında olan torpaqlarımıza müxtəlif bəhanələrlə yaxın buraxmırdılar. Şöhlət Əfşar illərdir davam edən bu ədalətsizliklərdən hiddətlənərək çarəni türklüyümüzdə, millətdə axtarır və çağırış edirdi:
Cəsarət yox olub, qürur sınanda
Qorxu iradəni zəncirə vurar.
İnsanda məzlumluq qana hopanda
Haqsızın önündə əyilib, durar.
Kişilik, ərənlik, mətanət, fitrət,
Vətənə məhəbbət ruhda, candadır.
Milləti xilasa aparan qüdrət
Türkün damarında axan qandadır!
Şöhlət Əfşarın “Dərdnamə” poeması, “Şuşanın nağılı”, “Allah, bu Novruz da keçdi Şuşasız!”, “Unutma Şuşanı, unutma, şair!”, “Ölsün şair oğlun, ölsün, ey Vətən!”, “Geleceyiz biz!” kimi şeirləri “Türkün damarında qanı” coşduraraq qəhrəman Azərbaycan əsgərini zəfərlərə doğru səslədi: Qarabağ şəhid qanı ilə suvarıldıqdan sonra zəfər çiçəkləri bitirdi.
Vətənin əsgəri yararlanmasa,
Vətənin yarası sağalan deyil
– bu da müasir şair Ələmdar Quluzadənin səsidir.
Şöhlət Əfşarın poemasında, şeirlərində və şübhəsiz ki, şair şəxsiyyətində türk əslindən gələn yüksək qürur hissi var. Şöhlət Əfşar bu qürurla yazır:
Kimlər nə yazsa da, onun heç biri
Bizim dastanların sirrini verməz.
Ərəbin məhəbbət əfsanələri,
“Abbas və Gülgəz”in yerini verməz!
“Dərdnamə” poemasını Şöhlət Əfşarın öz soyunun – türkün şəninə yazılmış əsər kimi də oxumaq olar:
Ey Türk xalqı, üfürsən, dünyada tufan olar,
Təpiklə döysən yerə zərbindən yer yarılar!
Azərbaycan! Ulu Türk! Qalx ayağa, cihad et,
Haqq yolunda qılınc çal, Qarabağı azad et!
Bu çağırış böyük bədii-fəlsəfi məzmun daşıyır, şairin müqəddəs niyyətini və vətəndaş mövqeyini əks etdirir.
Və yaxud:
Özünə gəl, Ulu Türk! Yalnız nicat səndədir,
Yadlara bel bağlama, hər qüdrət özündədir!
Dönsən əgər özünə, dünya Türkün olacaq,
Turanın al bayrağı göylərə ucalacaq!
Türkün tarixinə, onun qüdrətinə belə möhkəm inam Şöhlət Əfşarın öz soykökünə məhəbbətindən və sədaqətindən irəli gəlir. Türklər qəhrəman, azad ruhlu, demokratik düşüncəyə malik millətdir. Türk üzərində qan tökdüyü torpağı heç kimə verməz. “Ey Türk xalqı, üfürsən, dünyada tufan olar”, “Təpiklə döysən yerə zərbindən yer yarılar”, “Özünə gəl, Ulu Türk! Yalnız nicat səndədir”, “Dönsən əgər özünə, dünya Türkün olacaq” kimi epitet və çağırışlar Şöhlətin şeirlərinə xüsusi milli kolorit verir və təsirsiz qalmır. Bu şeirləri oxuyan hər bir Azərbaycan gənci öz türk mənsubiyyəti ilə yüksək qürur duyur. Ümumiyyətlə, bu poema və şeirlər oxucuya milli qürur hissi aşılayır.
Şöhlət Əfşarın Türkiyə türkcəsində qələmə aldığı “Geleceyiz biz” adlı şeiri bütün türk dünyasında türkçülük himni kimi səslənir.
Türkçülüyün son ülküsü – strategiyası Turançılıqdır: “Turanın al bayrağı göylərə ucalacaq” – təkcə bu misra Şöhlət Əfşarın təmiz niyyətindən, Türkün gələcəyinə inamından xəbər verir. Biz də əminik ki, vətəni Yerlə Göy arası olan Türklər bütün dünyanın sahibi olacaq, onların fatehliyi Yer kürəsinin fəthi ilə tamamlanacaq!
Murad Adci “Qıpçaq çölünün yovşanı” kitabında sübut etdi ki, xaçpərəstlərin sitayiş etdikləri ikonaları və fırlananda Günəş rəmzi olan xaçı Avropaya Türklər – Atilla aparmışdır. İndi avropalılar və ruslar həmin xaçı türklərə düşmən rəmzi kimi işlədir, bizim ikonalar qarşısında durub əleyhimizə dua edirlər… Şöhlət Əfşar düz deyir:
“Dönsən əgər özünə, dünya Türkün olacaq,
Turanın al bayrağı göylərə ucalacaq!”.
Bəs belə bir şərəfli və qüdrətli millətin oğlu olduğun halda, nəyin dərdini çəkirsən, ey Şöhlət Əfşar!
Şöhlət Əfşarın “Dərdnamə” kitabında yer alan poeziyanın əbədi mövzusu olan məhəbbət şeirləri “Öyrət mənə”, “Möhtacam sənə”, “Varmı”, “Sevəcəyəm də”, “Xəbərin varmı”, “Tələsmə belə” və s. şairin özünəməxsus ruhunun lirik bədii ifadəsidir. Belə şeirlər müasir oxucu qəlbinə mənəvi həzz verir, onun həyəcanını gözəlliyi duymağa səfərbər edir.
Şöhlət Əfşarın “Dərdnamə” əsəri öz bədii-tarixi missiyasını yerinə yetirdi, Qarabağ müzəffər ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olundu.
Yeri gəlmişkən xüsusi qeyd edək ki, “Dərdnamə” kitabının sonunda Şöhlət Əfşarın tərtib edib verdiyi “Şərhlər və izahlar” müəllifin zəhmətli tədqiqatının və əməyinin məhsuludur. Bu şərhlər və izahlar kitaba ciddi elmi-nəzəri və filoloji sanbal bəxş edir.