Erməni ağlı Azərbaycanın gücünü düzgün ölçüb-biçməyə bəs etmədi

Erməni ağlı Azərbaycanın gücünü düzgün ölçüb-biçməyə bəs etmədi

Son vaxtlar Prezidentin işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfərlər etməsi yaxşı mənada ənənəyə çevrilib. Bu onu göstərir ki, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda böyük yenidənqurma və bərpa işləri Cənab Prezidentin şəxsən gündəlik nəzarəti altında icra olunur və bu səfərlər çərçivəsində dövlət başçımız bir sıra mühüm obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak edir, yeni tapşırıqlar verir. Başqa sözlə desək, Prezidentin bölgəyə hər yeni səfəri və bu səfərlər zamanı verdiyi tapşırıqlar, səsləndirdiyi fikirlər və ismarıclar qarşıdakı cari dövr üçün bir növ “yol xəritəsi” sayılır.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında həyata keçirilən işlər həqiqətən də misli görünməmiş böyük işlər, nəhəng layihələrdir. Bu gün bizim ölkəmiz də, Ermənistan da müharibədən yenicə çıxmış ölkə sayılır. İndi bizi birləşdirən yeganə cəhətimiz budur. Yerdə qalan bütün parametrlər, bütün göstəricilər üzrə isə bu iki ölkənin mövcud reallıqları bir-birindən kəskin dərəcədə fəqlənir. Müharibədən məğlub vəziyyətdə çıxmış, postmüharibə dövrünün böhran sindromunu yaşayan Ermənistan hazırda sözün tam mənasında sosial-iqtisadi böhran və mənəvi çöküş içində çabalayır. Bu mənada bu iki ölkəni bir-birilə əsla müqayisə etmək mümkün deyil. Biz Cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə son 9 ay ərzində genişmiqyaslı layihələr icra etməkdəyik. Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Laçında, Qubadlıda nəhəng miqyasda bərpa-yenidənqurma işləri gün-gündən vüsət almaqdadır.
Şuşada aparılan bərpa və abadlaşdırma işləri isə həm də strateji əhəmiyyət daşıyır. Çünki Cənab Prezidentin də bildirdiyi kimi Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Odur ki, ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın növbəti dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etməsi xüsusi əhəmiyyət kəsb edir. Bu səfər Prezidentin və birinci xanımın Şuşaya sayca beşinci səfəri idi və bu səfər 44 günlük müharibədəki parlaq Zəfərimizdən sonra ən yeni tariximizi növbəti mühüm hadisələrlə zənginləşdirən bir səfər kimi yadda qalacaq.
Belə ki, sözügedən səfər çərçivəsində Prezident və Birinci vitse-prezident artıq tikintisi başa çatmaq üzrə olan Füzuli Beynəlxalq Hava Limanında son tamamlama işləri ilə tanış oldular. Əbəs yerə deyil ki, Prezident Füzuli Hava limanını bütövlükdə Qarabağın hava qapısı kimi dəyərləndirdi. Bu da ondan irəli gəlir ki, Füzuli Hava Limanı böyük iqtisadi və strateji əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərini daha da sürətləndirmək, bölgədə həyatı yenidən canlandırmaq, Böyük Qayıdışı təmin etmək və ən nəhayətdə isə Qarabağı turizm cənnətinə çevirməkdir. Odur ki, dövlət başçısı Füzuli Hava Limanının tikilib istifadəyə verilməsi prosesini xüsusi olaraq nəzarətdə saxlayır. Bununla yanaşı yaxın gələcəkdə Zəngilan və Laçında da analoji aeroportların tikilməsi nəzərdə tutulur.
Bildiyimiz kimi Şuşanın bərpasına 2021-ci il yanvarın 14-dən, Prezident və Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfərimizdən sonra Şuşaya ilk səfərindən başlanıb. Dövlət başçısının Şuşaya ilk səfəri zamanı Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının da təməli qoyulmuşdu. Bu gün bu istiqamətdə görülən işlərin miqyasının böyüklüyü həqiqətən də hər birimizdə böyük qürur hissi doğurmaqla yanaşı, həm də Böyük Qayıdışın tezliklə reallaşacağına əminlik yaradır. Biz hazırda işğaldan azad edilmiş ərazilərdə nə qədər geniş miqyasda bərpa-quruculuq işlərinin aparıldığına Şuşada görülən işlərin timsalında bir daha əyani şahid olduq. Belə ki, səfər zamanı Şuşa şəhərinin Baş planının cənab Prezidentə təqdim olunması, həmin planın təsdiq olunması, Şuşada bir sıra mədəni tədbirlərin keçirilməsi, o cümlədən Vaqif Poeziya Günlərinin 30 illik işğaldan sonra Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunması, habelə Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, eləcə də görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı və ev-muzeyində aparılan işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması mədəniyyət paytaxtımızın bərpası və yenidən qurulması istiqamətində atılan addımların mühüm tərkib hissələridir.
Artıq Şuşaya elektrik enerjisinin və suyun verilməsi tamamilə bərpa edilib. İndi Şuşaya iki mənbədən davamlı şəkildə su gəlir. İşağl dövründə Şuşadakı bir çox bulaqlar ermənilər tərəfindən qurudulsa da, indi onların da bərpası istiqamətində iş aparılır. Artıq Natəvan bulağı bərpa edilib. Həmçinin üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər ağa məscidinin təmiri bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərini Heydər Əliyev Fondu hazırda təmir edir. “Xarıbülbül” hotelinin ardınca, “Qarabağ” hoteli də əsaslı təmirdən sonra yenidən öz qapılarını qonaqların üzünə açdı. Açılış Prezident və birinci xanımın iştirakı ilə baş tutdu. Ermənilər tərəfindən gülləbaran edilmiş Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün heykəlləri də bərpa edilərək yenidən şəhərin mərkəzi meydanında qoyulub.
Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının yenidən bərpa edilməsi ermənilərə psixoloji zərbə effekti verdiyi kimi, avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası da işğalçılara növbəti mesajımız oldu.Vaqifin büstünün öz əvvəlki yerində bərpa edilib qoyulması, eləcə də Vaqifin məqbərəsinin bərpa edilməsi və bu məqbərənin önündə Vaqif Poeziya Günlərinin keçirilməsi ermənilərə bir həqiqəti başa saldı ki, onlar bizim tariximizi hər nə qədər silməyə, Şuşanı və bütün Qarabağı “özününküləşdirməyə” çalışsalar da, lakin bunu heç bir vəchlə bacarmadılar. Zaman göstərdi ki, tarixi silmək olmur. Zaman ermənilərə başa saldı ki, onların Azərbaycan xalqının torpaqlarını qəsb etmək, tarixini isə oğurlamaq cəhdləri əbəsdir. Çünki enində-sonunda tarix hər şeyi yenidən öz gerçək sahibinə qaytarır. Tarixi heç kim silə, ilahi ədaləti kimsə dana bilməz. Bu mənada Azərbaycan Prezidentinin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında ədalətin əvvəl-axır qalib gələcəyi barədə səsləndirdiyi fikirlər ermənilərin sifətinə çırpılmış ibrətamiz həqiqət kimi tam da yerinə düşür: “Həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
Xalqımızın mədəniyyət paytaxtına qayıdışına, burada “Xarıbülbül” musiqi festivalının bərpasına, Vaqif Poeziya günlərinin yenidən keçirilməsinə, məscidlərimizin bərpa edilməsinə, tarixi və mədəni abidələrimizin hər birinin bərpa olunub yenidən qurulmasına da ilk növbədə məhz ilahi ədalətin təntənəsi prizmasından baxmaq lazımdır. Mənfur qonşularımız torpaqlarımızı işğal edərkən hər şeyi nəzərə alsalar da, günün birində ədalətin zəfər çalacağını, Azərbaycan xalqının öz haqqına, öz torpaqlarına, öz tarixinə yenidən sahib çıxacağını görünür hesablaya bilməmişdilər. Onlar Azərbaycan xalqının səbrini, dözümünü, ayaqda qala bilmək gücünü düzgün hesablaya bilməmişdilər. Onlar həmçinin Azərbaycan dövlətinin potensialını və qüdrətini, Azərbaycan liderinin siyasi müdrikliyini, Azərbaycan Ordusunu gücünü və qəhrəmanlıq ruhunu da düzgün dəyərləndirə bilməmişdilər. Onlar ümumiyyətlə, Azərbaycanın günün birində dirçəlib öz gücünü ortaya qoyacağını əsla gözləmirdilər. Bu da ermənilərin həddindən artıq ağıllı, uzaqgörən millət olması barədə yayılmış fikirlərin puç və əfsanə olduğunu bir daha nümayiş etdirdi. Erməni ağlı Azərbaycanın gücünü düzgün ölçüb-biçməyə bəs etmədi.
Və budur, mədəniyyət incimiz olan Şuşada yaşanan dirçəliş prosesi, bərpa-quruculuq işlərinin coşqusu Azərbaycan xalqının həm böyüklüyünü və qədimliyini, həm də qəhrəmanlığını ermənilər üçün gözdağına çevirir. Bu günləri Şuşada görülən böyük abadlıq-bərpa işləri ermənilərin vandallığını, Azərbaycan xalqının isə qurucu xalq olduğunu bir daha ortaya qoyur. Ermənilərin dağıtdığı Şuşanın bu gün Azərbaycan xalqı və dövləti tərəfindən bərpa edilməsi erməniləri bütün dünyada vandal qəbilə kimi ifşa etməyimiz üçün real zəmin yaradır. Şuşa erməniləri də, bizi də olduğumuz kimi göstərmək üçün əsl güzgü rolunu oynaya bilər. Qoy dünya kimin kim olduğunu görsün. Bu mənada Şuşanın bərpası həm də siyasi və təbliğati əhəmiyyət kəsb edir. Şuşanın bərpa edilib öz əvvəlki tarixi-memarlıq görkəminə qaytarılması eyni zamanda bu şəhərin gerçək tarixi sahibinin kimliyini də ortaya qoyur. Məhz buna görədir ki, ermənilər Azərbaycan dövləti tərəfindən Şuşada atılan hər addıma, görülən hər bir işə çox ağrılı reaksiya verirlər. Çünki Şuşa ermənilərin uzun illər boyu sivil dünyanın nəzərində özləri barədə yaratdıqları “mədəni xalq” mifini dağıdıb alt-üst edir, onların barbar mahiyyətini üzə çıxarır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: