Söhbətləşdi: Eynulla Fətullayev, Elmir Əliyev
Epizodik qısa görüşləri nəzərə almasaq, İlqar Rəhimovla ötən əsrin 90-cı illərindən görüşməmişəm. Mənə görə, İ.Rəhimov klassik bürokrat və həqiqi texnokratdır. Əslində istənilən dövlətin məmur aparatı da məhz bu cür şəxslərdən ibarət olmalıdır. O, üç on illik ərzində, 32 yaşından əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, daha sonra isə birinci müavin vəzifəsində çalışıb. Hərçənd hələ 28 yaşından dövlət aparatında işləyib: əvvəlcə Maliyyə Nazirliyində, sonra Prezident Administrasiyasında Vahid Axundovun əfsanəvi şöbəsində. İ.Rəhimov hər hüceyrəsi ilə məmurdur, bununla yanaşı, həmişə göstərişsiz ciddiyyəti, sadəliyi, rasionallığı, proqressivliyi və erudisiyası ilə fərqlənib. Açığı, İ.Rəhimov 53 yaşında dövlət aparatını tərk edəndə təəssüf hissi keçirdim. Hərçənd bir şey sakitləşdirirdi – o, 90-cı illərin ortalarından Azərbaycanda Paralimpiya hərəkatının başında durdu. O dövrdə çoxluq ölkədə “əlil idmanı”nın uğuruna şəkk edirdi. Lakin baxışlarına görə “duyğusuz alman maşını” adlandırdığımız İ.Rəhimov məqsədinə doğru addım-addım gedirdi…
Azərbaycanlı paralimpiyaçıların Tokioda başgicəlləndirici uğuru bizi ilk dəfə komitənin mənzil-qərargahına gətirdi. Başqa cür ola da bilməzdi. Bu gün məhz onlar ölkənin qəhrəmanlarıdırlar! İdman qəhrəmanlarımızı hava limanında qarşıladıq, daha sonra yetişmiş suallar bizi İ.Rəhimovun sadədən sadə ofisinə gətirib çıxardı.
“Bu da sənin hədiyyən. Xatırladın? Belə bir qələmi Abe Trampa hədiyyə edib. Sən ikincisən, – İ.Rəhimov gülümsəyir və idman müxbirimiz Elçir Əliyevdən üzr istəyir: – İkilikdə gələcəyinizi bilmirəm”.
“Mənə mirvaridən qol düyməsi bağışlasaydınız daha yaxşı olardı”, – Abenin Trampa daha bir məşhur hədiyyəsini xatırladaraq, İ.Rəhimovun zarafatına cavab verirəm…
Hərçənd suallar ötən günləri yada salmağa və nostalgiyaya yer qoymur. Axı biz İ.Rəhimovla eyni qurumda iki ildən artıq işləmişik…
Beləliklə, redaksiyanın bugünkü qonağı günün əməkdar qəhrəmanı Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovdur.
İlqar Rəhimov
– Tokiodakı Paralimpiya oyunlarından bir neçə gün keçib, emosiyalar səngiyib. Yəqin ki sizin əsas suala hazır cavabınız var: Azərbaycan yığması Yaponiyadakı fenomenal uğura nəyin hesabına imza atıb?
– Biz bu uğurlara doğru uzun yol gəlirdik. Londondakı Paralimpiada 2012-də bizim həmin dövr üçün əla nəticəmiz vardı – dörd qızıl medal, dörd gümüş və dörd bürünc. Dörd il sonra Rioda cəmi bir qızıl medal qazandıq və ilk baxışda elə görünürdü ki, nəticələrimiz pisləşib. Ancaq eyni vaxtda səkkiz gümüş medalımız vardı, yəni bizim idmançılarımız yalnız finalda uduzmaqla qızılın bir addımlığında idi. Məncə, bu bizim kəsirimiz idi. Finala çıxan atletlərimiz müəyyən səbəblərdən uduzdu. Bəlkə də məsələ psixoloji hazırlıqda idi. Bəlkə də zəif farmakologiyada və ya tam düzgün olmayan məşq prosesində.
Riodan sonra çıxışlarımızı analiz etdik. Bu cür olmamalı idi, axı bizim güclü komandamız vardı. Psixoloqları və idman aləminin başqa mütəxəssislərini dəvət etdik. Bizim çox yaxşı məşqçi heyətimiz vardı, hamımız birgə Tokioya hazırlıq üçün daha dərin kompleks proqram tərtib etdik. Odur kiŞ 2020-ci ilə tam hazır idik.
– Yəni Tokiodakı fantastik nəticələr gözlənilməz olmadı?
– Ümumilikdə yox. Yalnız qızıl medalların sayı… Mən 7-8 ali mükafata ümid edirdik, 14-nü qazandıq! O cümlədən xüsusi ümid bəslədiyimiz idmançılar qızıl əldə edə bilmədi. Yəni yüngül atletlər Oloxan Musayev, Samir Nəbiyev, Yelena Çebanu, pauerlifter Elşən Hüseynov… Əvəzində digərləri təəccübləndirdi. 400 metrlik qaçışda qızıl və 100 metrlikdə gümüş qazanan Lamiyə Vəliyevanı kəşf etdik. Həmçinin üzgüçülükdə qızıl əldə edən Vəli İsrafilovu qeyd etməliyik. Onlar gənc idmançılardır. Bizim gənclərin çıxışları xoş təəccüb doğurdu.
Həmçinin Roman Saley! O, Paralimpiadanın üçqat çempionu oldu. Düzdür, ondan medal gözləyirdik, ancaq üç dəfə qalib gələcəyini düşünmürdük.
Roman Saley
– Əvvəlki çıxışların analizi, səhvlərin düzəldilməsi, əlavə mütəxəssislərin cəlb olunması, yaxşı hazırlıq… Sadaladığınız bütün amillər arzuolunan qələbəyə doğru addımlardır. Yəqin ki paralimpiyadaçılarımızı irəliyə aparan hansısa motivasiya qüvvəsi vardı…
– Əlbəttə. İdmançılarımız döyüşə gedirdi! Bunu pafos üçün demirəm. Vətən müharibəsində qələbəmiz komandanı olduqca ruhlandırdı. Bizi Tokioya yola salanda, hava limanında idmançılara Qarabağda yaralanmış xüsusitəyinatlılar yaxınlaşdı. Onlar cəbhədə savaşdıqları döyüş bayrağını idmançılara verərək, Tokioda yüksəltməyi xahiş etdi. Bu nəhəng motivasiya idi! Olimpiya kəndində uşaqlar bir-biri ilə mübahisə edirdilər – Qələbəmizin bu simvolu hansı otaqda saxlanılacaq.
Və artıq idmançılarımız üçün ilk yarış günündə pauerlifter Pərvin Məmmədov bürünc medal əldə etdi, halbuki onun 4-5-ci yerləri tutacağını təxmin edirdik. Onda hiss etdim ki, əgər o əlçatmaz nəticəyə nail olaraq komandanın digər üzvlərində özünə inam yaradıbsa,, bizi bu paralimpiadada misilsiz qələbə gözləyir.
Sonrakı gün bizim üç finalımız vardı və onlar eyni vaxtda idi. 19 yaşlı cüdoçu Şahanə Hacıyeva inadkar mübarizədə xarakter nümayiş etdirdi və fransız rəqibini uddu. Vüqar Şirinli güclü qazax rəqibini, Roman Saley isə hovuzda 100 metrlik məsafədə qələbə çaldı. Cəmi bir saat ərzində üç qızıl medal əldə etdik! Gözləntilərim doğruldu.
Üç qızıl mükafatdan sonra bizə prezident İlham Əliyevin təbrik tvitini göstərdilər. Hər kəs duyğulandı, sevincdən qışqırdı. Biz hamımız 44 günlük müharibə zamanı prezidentin Tvitter-də ordumuzun zəfərlərini elan etdiyini xatırlayırıq. Dövlət başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın tvitlərindən sonra idmançılarımızın döyüş ruhu inanılmaz şəkildə artdı. Uşaqlar böyük enerji aldı və yerdə qalan günlərdə daha 11 qızıl medal qazandı!
– Bir çox idmançı pandemiyanın yaratdığı çətinliklərdən şikayətlənirdi. Ancaq nəticələrə baxsaq, Oyunların bir il sonraya keçirilməsi xeyir verdi. Elə deyilmi?
– Biz pandemiyadan qorxmadıq. O bizə mane olmadı. Komandamız 2020-ci ilə əla hazırlaşmışdı. Biz 2021-ci ilin yayında yenidən formanın zirvəsində olmaq üçün proqramı korrektə etdik. Bu asan deyildi, ancaq qərargahımız peşəkarcasına çalışdı. Həm məşqçilər, həm də inzibatçılar.
– Sizin sözləriniz müəyyən fikirlər yaradır. Deyirsiniz ki, pandemiya mane olmadı, Vətən müharibəsində qələbə isə ruhlandırdı və motivasiya verdi. Elə isə Azərbaycan Olimpiya yığmasının Tokiodakı iflasını nə ilə bağlıdır? Yəni Qarabağda zəfər onları ruhlandırmadı?
– Mən onların çıxışlarını iflas saymıram…
– Yaxşı, olsun. Ötən Olimpiadalarla müqayisədə uğursuzluq adlandıraq…
– Uşaqlar döyüşdülər, çalışdılar. Düzdür, gözlədiyimiz almadıq. Olimpiyaçılarımızın yüksək nəticələrinə öyrəşmişdik. Axı digər ölkələr də qələbəyə hazırlaşır.
– Prezident bu günlərdə idmanımızdakı çatışmazlıqlardan danışdı. Bildirdi ki, onları cidd-cəhdlə araşdırmaq lazımdır…
– Təbii, müəyyən problemlər var. Və anlamaq lazımdır ki, niyə 44 idmançının heç biri Olimpiya çempionu ola bilmədi. Prezident qeyd etdi ki, bəzi federasiyalar fəaliyyətlərini düzgün qurmayıb. Görünür, yetərincə çalışmayıblar…
Ancaq mən karateni nümunə göstərmək istəyirəm. Bu idman növü Olimpiya proqramına birinci dəfə idi ki daxil edilmişdi, çünki oyunlar karatenin vətəni Yaponiyada keçirilirdi. Paris-2024-də karate olmayacaq. Budur, Tokioda Azərbaycanı təmsil edən üç idmançıdan ikisi gümüş medal qazandı. Bu çox ciddi nəticədir. Əlbəttə, hamı istərdi ki, Rafael Ağayev də, İrina Zaretskaya da qızıl qazansın. Ancaq təsəvvür edin, karatenin vətənində heç bir yapon kumitedə (döyüş-red.) qızıl götürə bilmədi. Sərt rəqabət vardı, belə bir şəraitdə Azərbaycanın iki nümayəndəsi Tokionu gümüş medallarla tərk etdi.
Rafael Ağayev
– Siz qeyd etdiniz ki, Azərbaycan yığması əvvəlki olimpiadalarda çox yüksəyə çatmışdı və həmin səviyyəni Tokioda saxlaya bilmədi. Eyni qismət Paralimpiada komandamızı Paris-2024-də gözləyə bilərmi? Axı 14 qızıl medal olduqca çoxdur!
– Düzünü desəm, ondan qorxuram. Istəməzdim ki, üç il sonrakı çıxışlarımızı “Paris iflası” adlandırsınlar (Gülümsəyir). Paralimpiada-2024-ə hazırlıqlara başlamışıq. Peşman olmamaq üçün ciddi hazırlaşmalıyıq. Tokioda 30 idmançımız vardı. Parisdə nümayəndəliyimiz böyüyəcək. 45-50 lisenziyaya ümid edirik, onda medal şanslarımız da çox olacaq. Çıxış edəcəyimiz idman növlərinin miqdarını genişləndirməyə hazırlaşırıq. Yaponiyada altı idman növündə iştirak edirdik.
Yaxın vaxtlarda baş və şəxsi məşqçiləri təyin edəcəyik və yığmanın özülünü formalaşdıracağıq. Prinsip etibarı ilə komandamız gəncdir və Tokioda çıxış edənlərin çoxu Paris-2024-də də iştirak edə bilər. Bu 15-20 şəxs yaxın gələcəkdə yığmamızın özəyidir. Və onlar artıq öz çempion titullarını təsdiqləməyə can atırlar.
Yeri gəlmişkən, prezidentin Tokioda gənc idmançılarımızın mükafatçı ola bilmələri ilə bağlı qeydlərinə qayıdıram. Paralimpiya yığmasında medalların əsas hissəsini məhz gənclər götürdü. Və onların arasında uşaq paralimpiya hərəkatının yetişdirmələri var.
– Bu arada Azərbaycanda uşaq-gənc paralimpiya idmanını necə inkişaf etdirə bilirsiniz?
– Etiraf edim ki, bu proses çox çətin başa gəlir. 2013-cü ildə Azərbaycan dünyada ilk olaraq Uşaq Paralimpiya Komitəsi yaratdı. Sonra bizim təcrübəmizi digər ölkələr öyrənməyə başladı. Çətinlik ondadır ki, valideynlər özlərinin fiziki məhdudiyyətli uşaqlarına görə utanırlar. Bir çoxları onları cəmiyyətdən gizlədir. Yəni bu uşaqlar ömürlərinin sonuna qədər dörd divar arasında yaşamağa məhkumdur. Başlanğıcda bizə valideynləri inandırmaq və onları bu kompleksdən azad etmək çətin idi.
Paralimpiyaçı uşaqlar
– Niyə biz Uşaq Paralimpiya Komitəsinin yaradılmasına bu qədər gec – 2013-cü ildə başladıq? Axı Milli Paralimpiya Komitəsi 1996-cı ildə yaradılıb. Bu sual sizə ünvanlanıb, çünki məhz siz paralimpiya hərəkatının əsasında dayanmısınız.
– Mənə bunu izah etmək çətindir. Görünür, bizdə Paralimpiya hərəkatı mərhələlərlə formalaşıb. Vaxt keçdikcə bizə uşaqları da idmana cəlb etməyi təklif etdilər. Bəzi QHT-lər vardı, yanımıza gəlib bu cür layihələr təklif edirdi. Bu, ümumi ideya idi. Elə oldu ki, Uşaq komitəsi 2013-cü ildə yarandı. Hazırda isə komitənin iki yetirməsi Tokioda çıxış edirdi. Onlar qızıl medal qazanan üzgüçü Vəli İsrafilov və Dana Şandıbnadır.
Bu işdə bizə UNICEF kömək etdi. Biz onlara normativ bazada yardım etmələri üçün müraciət etdik: hansı uşaqları və hansı idman növünə cəlb etməli, şikəst uşaqlarla iş üçün məşqçiləri necə hazırlamalı və s. Kanadadan tanınmış mütəxəssis dəvət etdik. Onunla birlikdə Paralimpiya hərəkatını yaratmağa və valideynlərin önyarğıdan daşınmasına nail olduq. Hələ də müqavimət göstərənlər var, lakin nəticələr uğurludur. Uşaqların necə sevinclə yarışdığına və əvvəllər onların idmanla məşğul olmalarını istəməyən valideynlərin necə xoşbəxt olduğuna baxmaq yetərlidir.
– Həmin uşaqlar xüsusi zallarda məşq edir?
– Yox, adi. Sadəcə həmin idman zalları fiziki məhdudiyyəti olan insanların rahat məşq etməsi üçün uyğunlaşdırılmalıdır. Bəzən bizdən Sumqayıtdan başqa da haradasa Paralimpiya kompleksinin olub-olmayacağını soruşurlar. Məncə, bu düzgün yanaşma deyil. Əgər Olimpiya kompleksləri varsa, xüsusi Paralimpiya kompleksləri nəyə lazımdır? Sadəcə oradakı qurğuları fiziki imkanları məhdud adamların istifadəsi üçün uyğunlaşdırmaq lazımdır. Bizim cəmiyyətimiz inklüziv olmalıdır. Olimpiyaçı və paralimpiyaçı birgə məşq edə bilər. Məsələn, cüdoda onlar birgə hazırlaşırlar və bu yüksək nəticələr verir.
– Paralimpiada zamanı sosial şəbəkələrdə idmançılarımızın yüksək nəticələri ilə yanaşı, iki problem də müzakirə olunurdu. Birincisi, paralimpiaya hərəkatına legionerlər nəyə lazımdır? Söhbət üçqat çempion belarus Roman Saleydən və nizə atıcılığında dünya rekordu qıraraq qızıl qazanan iranlı Həmid Heydəridən gedir. Və gerçəkdən də, Paralimpiya idmanına əcnəbi idmançıları cəlb etmək nəyə lazımdır?
– Həmid Heydəri mənşəcə azərbaycanlıdır və əvvəllər İran yığmasının şərəfini qoruyub. O özü müraciət edərək, ölkəmizin yığmasında çıxış etmək istədiyini bildirdi. Nizə atıcılığında öz paralimpiyaçılarımız yox idi, ona görə Heydərini qəbul etdik.
Həmid Heydəri
O ki qaldı Roman Saleyə, onu legioner saymıram. Düzdür, o belarusdur və orada doğulub. Valideynləri Belarusda yaşayır. Romanın qardaşı Dmitri Belarus yığmasında çıxış edərək, Pekin-2008-in Paralimpiya çempionu və Rio-2016-nın ikiqat mükafatçısı olub.
Ancaq Roma özü gənc yaşlarından yığmamızda çıxış edir. O, Azərbaycana 2013-cü ildə köçüb, bizim məşqçilərimizlə çalışıb və onu legioner hesab etmirəm.
Digər tərəfdən, Olimpiya idmanının Paralimpiya idmanından ayrı tutulmasını istəmirəm. Hər iki halda legionerlərin cəlb olunması bu və ya digər idman növünün təbliğinə xidmət etməlidir. İnanıram ki, bu gün Romanın qələbələrini görənlər üzvüçülüklə məşğul olmağa can atacaqlar. Və onlar gələcəyin Vəli İsrafilovlarıdır. Yeri gəlmişkən, Vəli ilə danışsanız, bilərsiniz ki, ona məhz Saley böyük təsir göstərib.
Tokiodan təzəcə qayıtmışıq, ancaq idmanla məşğul olmaq istəyənlərin sayı-hesabı yoxdur. Bu həm də Romanın və Həmidin xidmətidir. Onlar Azərbaycanın bayrağını yüksəldiblər və eyni zamanda fiziki imkanları məhdud yeniyetmələri idmanla məşğul olmağa motivasiya edirlər. Hesab edirəm ki, az sayda legionerə ehtiyac var, xüsusən də Azərbaycanda çox populyar olmayan idman növlərində. Məsələn, üzgüçülük və yüngül atletikada.
– Və oxucuları maraqlandıran ikinci mövzu. Tokio çempionları arasında elələri var ki, yaxın keçmişdə olimpiyaçıların cərgəsində çıxış edirdi. Həm də müvəffəqiyyətlə. Necə oldu ki, bir neçə il sonra onlar Paralimpiya hərəkatına keçdilər?
– Bəli, bizim para-cüdoda bu cür idmançılarımız var. Cüdo – idmanın travmatik növüdür. Çoxsaylı yıxılmalar, bu vaxt baş tatamiyə dəyir, görmə qabiliyyəti zəifləyir. Və biz bu cür idmançıları seçib özümüzə cəlb edirik. Xüsusi olaraq Vüqar Şirinlini və Hüseyn Rəhimlini qeyd etmək istəyirəm. Onlar olimpiyaçılar arasında top-idmançılar idi.
Onu da deyim ki, Olimpiya idmanından Paralimpiya idmanına keçid çox çətindir. Ciddi tibbi kvalifikasiya keçmək lazımdır. Mən Vüqar Şirinliyə baxıb onu tamamilə sağlam idmançı sayan tamaşaçını başa düşürəm. Ancaq belə deyil. Onun ciddi göz xəstəliyi var.
Vüqar Şirinli
Sizə sirr açım: bəzi para-cüdoçularımızın çıxışları üçün mən Beynəlxalq korlar üçün idman federasiyasına iltizam verirəm. Tatamiyə çıxmazdan əvvəl həkim xəbərdarlıq edir: uğursuzluq baş verəcəyi halda idmançı görmə qabiliyyətini tamamilə itirə bilər. Əlbəttə, mən idmançıları bundan xəbərdar edirəm. Ancaq onlar döyüşə can atırlar, biz sənəd imzalayaraq onların sağlamlığı ilə bağlı məsuliyyəti üzərimizə götürürük. Şükürlər olsun ki, indiyədək faciə baş verməyib
Ümumiyyətlə isə paralimpiya idmanına düşmək üçün olduqca çox kağız hazırlamaq lazımdır. Beynəlxalq həkimlər qrupu kvalifikasiya aparır, ardınca idmançıda ya idman əlilliyi qrupu ya təyin olunur, ya da ona imtina edirlər. Bizdə imtinalar da az olmayıb. Burada çox ciddi seçmə var və o, tamamilə şəffafdır.
(Ardı var)