Bərk yerə qoyuram məktublarını…

Bərk yerə qoyuram məktublarını…

Xatirə Rəhimbəyli

Demişdin :”Bu sevgi tükənməz….” Hanı,
Sən ay eşq bilgəsi,məhəbbət kanı?
Endir səmalardan,yaz bu dastanı,
Bu eşqi beşinci bir kitab eylə.
 
Sən kimdin,mən kimdim milyon il qabaq,
Zamanın,məkanın başını burax…
Bircə yol üzümə məhəbbətlə bax,
Min dənə suala bir cavab eylə.
 
Xatirə, səndəki bi nə həvəsdi,
Tutuşdun odlara bu qədər,bəsdi…
ALLAH bağışlamır özünəqəsdi,
Sən də əhli-kef ol,bir savab eylə.
***
Uçrumlar başında yalnız qalmışam ,
Nə bir tutacaq var , nə söykənəcək …
Bu imkansız canda böyütməyəydim ,
Bu kiçik ürəyi bu qədər gərək !!!
 
Qəlbi daşlar bir az daş bağışlaya ,
Qəlbimin sarayın tikəm yenidən .
Daha tükənmişəm ,dözə bilmirəm ,
Ömrün leysanına bu çöllükdə mən!!!
 
Boğazdan yuxarı…ürək yoxdu ki,
Bir kimsə sevmədi məni qəm qədər ….
Sərhəd tanımayan ruhumu diddi,
Tikanlı sözlərdən çəkilən çəpər…
 
Hamı kərpickəsən, hamı qəlibçi ,
Mən bu gen dünyanı bütöv sevmışəm …
Tanrım! Səndən özgə yoxdu pənahım ,
Qoyma ucalıqdan ayağa düşəm !!!
10.06.2014.
ANIN ŞEİRİ
Yoxsa, bu bəxt mənnən oyun oynuyur ;
Hayana qaçıram sən orda varsan .
Təklikdə acısan, çoxluqda gülüş,
Çəməndə çiçəksən, zirvədə qarsan .
 
Eh, olma özündən bu qədər razı,
Sınar bir gün könlün çağlayan sazı …
Olarsan bir şirin sözə tamarzı ,
Üzgün bir ürəklə naçar qalarsan.
 
Gördüm, ürəyimin əridi yagı,
Əsdi düyğuların əli-ayağı…
Sən ay taleyinin məzlum dustağı,
Harda olursan ol …Yaxşı ki varsan!!!
***
Şəklini silirəm tez-tez, əzizim.
Şəklini silirəm tez-tez gözümdən.
Yaman tez tozlanir köhnəlmiş şəkil.
Yaman tez dönürəm qəti sözümdən…
 
Bərk yerə qoyuram məktublarını.
Qorxuram, əzizim, kövrəlib hərdən
yandıranda məni nahaq həsrətin
götürüb onları yandıraram mən…
 
Qəminlə odlayıb getdiyin yolu
sılib-süpürürəm kirpiklərimlə.
Gəl çıx, ürəyimə ələ eşqini,
“Sil, süpür hop götür,” qəmi ömrümdən.
 
Açılıb-bükülür xatirələrin.
Köhnəlmiş səsin də əzük-üzükdü.
Görmürəm o üzü, ha böyüyürəm.
Həsrətin divarı yaman böyükdü.
 
Qarsır çiçəkləri ahımın odu.
Gələn baharlara könlüm açılmır.
Yaman əjdahaymış adın, əzizim,
hər kəsik boyundan yeddi baş çıxır.
 
Şəklini silirəm tez-tez əzizim.
Qayit, sev təzədən təmizkar məni.
Şəklini silirəm tez-tez, əzizim,
yuyuram gözümdən hər gün şəklini
Mən də payızam indi,
Sənsizlik-qara bulud
Gözlərimdə sıxlaşır,
Həsrətin yağış kimi
süzülür gözlərimdən….
 
Mən də payızam indi,
Əllərim köçəri quş
Uçur,uçur havada,
Ürəyim yaralıdı,
Tənha qalıb yuvada…
 
Mən də payızam indi,
İnamım, etibarım
Xəzəl kimi sovrulur.
Son ümid son qonçədir,
Ayazlarda qovrulur….
 
Mən də payızam indi,
Payıza gələn olmaz,
Ondan gedər hər gedən…
Payıza da gəlmədin,
Barı qış ol ,gəl, gedən!..
 
****
Hələ payızam …
Qışı da gözləyəcəm,
Ümidim qışa qalıb.
Qış da gəlməsən,
Mən də çıxıb gedəcəm
Bu fəsilsiz dünyadan…
Mən heç nə anlamadım,
Adam,sənsiz dünyadan…
****
Sən də bu dünyanın ağ-qara görən
Yem üçün yüyürən fərdisənsə,get…
Qulac qollarını dünya malına
Məzlumu tapdayıb gərmisənsə,get!!!
 
Bax ha, xoşun gəlməz savaşlarımdan,
Qəbul etdiyimdən, çıxdaşlarımdan.
Qanlı əllərini göz yaşlarımla
Yuyub arıtmağa gəlmisənsə, get.
 
Sən mənə baş qoşma, mən buyam, buyam,
Ürəyi çat-çatam, gözləri suyam.
Məni ovutmağa gəlmisən guya,
Halıma xəlvəti gülmüsənsə, get.
 
Dərdi qələm yazır, dil deyə bilmir,
Küskün ürəyimə “gül”deyə bilmir,
Adımı qəlbindən “sil”deyə bilmir,
Özün öz xoşunla silmisənsə, get.
 
Bu Tanrı hökmüdür, sən kim mən kiməm,
Bu haqq qoymur məni qalxam, silkinəm…
“Əliboş,üz qara hikmət mülkünə
sahib olmaq olar”… bilmisənsə,  get!!!
Share: