Zəfər diləyimiz gerçək olubdur,
İgidlər düşməni eldən qovubdur.
Qalib gəlmişik biz şükür Allahım,
Azad olunubdur daha torpağım.
Zəfərə aparan yol çox uzun yoldur. Çünki Sovet imperiyasının zənciri, buxovlarından yeni qurtulmuş Azərbaycan hələ körpə bir fidan kimi idi. “Xalqlar həbsxanası”ndan qurtarıb hələ bir düzəməlli müstəqilliyin dadını dadmamış çörəyimizi yeyib suyumuzu içən, qonaqpərvərliyimizdən, humanism və tolerantlığımızdan istifadə edən mənfur ermənilər yurdumuza basqın etdi . Təbii ki, kimlərinsə əlində oyuncaq olan, marionette dövlət qurumuna sahib olar Erməni mənfurları havadarlarının köməyi ilə (atalar arxalı köpək qurd basar deyir) hətta cənnət guşəmiz Qarabağımızı işğala məruz qoyaraq soydaşlarımızı tarixi yurd-yuvalarından didərgin saldılar. İş o yerə çatdı ki, artıq havadarlarının köməkliyi ilə gizlində törətdikləri cinayətləri artıq açıq,aşkar etməyə başladılar. Bakıda törətdikləri 20 Yanvar faciəsi, Qarabaq torpaqlarının 20%nin işğalı,Xirosimaya bərabər törətdikləri Ağdam, Xatun faciəsini kölgədə qoya bilən Xocalı faciəsi xalqımıza dərin yara vurdu,heç vaxt unutmayacağımız tarix yaşatdı bizlərə .Başsız qalmış yurd-yuvamız dağıdıldı,yağmalandı. Bu ağır vaxtımızda Heydər Dühası adlı işıq parladı xalqın taleyində. Bu şəxs Azərbaycanımıza Allahın bir töhfəsi, havadarı kimi göndərilmişdi, bu göylərin yerə bir hədiyyəsi idi,qurtuluşu idi. Onun gəlişi xalqın təskinliyi oldu,dirçəlməsinə,güclənməsinə təkan verdi.
O,dahi sərkərdə o dahi insan,
Tutdu əllərindən ulu torpağın.
Duydu kədərini,duydu səsini
Dinlədi dərdini ürəyi ilə.
Sovetlər tərəfindən iliyinə qədər soyulub zəifləmiş Azərbaycanın yaralarının sağalmasına təkan verdi onun gəlişi. Ordu gücləndi, xalqın inamı artdı. Ümummilli Liderimiz Heydər Əliyev cənablarının səyi nəticəsində dünyalar Qarabağ yaramızla tanış oldu. BMT yə dəfələrlə müraciətdən sonra Qarabağın Azərbaycanın torpaqları olduğu sübuta yetirildi. Bunlar zəfərə aparan yolun hələ ilk cücərtiləri idi.
2020 ci il sentyabrın 27-də düşmən həmləsinin yeni hücumunun qarşısını almaq, düşmən tərəfindən mütəmadi olaraq törədilən təxribatlara cavab olaraq ordumuz xalqın sərkərdəsi, dahi strateq Cənab Ali Baş Komandanımızın əmri ilə əks hücuma keçdi. Düşmənin 30 illik Çin səddi adlandırdığı beton sədlərini darmadağın etdi. Öz canları,öz qanları bahasına düşmənləri yurddan qovdu. 30 illik həsrətə 44 gündə son qoyuldu. 44 günün hər günü Şanlı tariximizdə Zəfər günü kimi qeyd olundu. Hər gün torpaqlarımızın yeni bir parçası düşməndən azad edildi,təmizləndi. 8 noyabr Prezidentimiz Heydər Əliyevin məqbərəsində atasının ruhuna baş əyərək ,”Ata, mən sənə verdiyim sözə əməl etdim. Şuşa azaddır” dedi. Bu kəlmələr xalqın şadığına,sevincinə çevrildi. Bayraqlar dalğalandı. Hər kəs sevindi. 2 gün sonra isə düşmən ağ bayraq qaldırdı,təslim olaraq kapitulyasiya aktını imzaladı. Xalqlmız 10 noyabr Qələbəsini bayram etdi. Dünyalar tanıdı hünərimizi, qəhrəmanlarımızı,enməyən bayrağımızı,Ali Baş Komandanımızın ağıllı siyasətini gördü,tanıdı.
Üç min nəfərə yaxın şəhidin can verdiyi,uyuduğu torpaqdır Vətən. Qazilərin sağlamlığını qurban verdiyi torpaqdır Vətən. İgidlərin gözünü qırpmadan “təki vətən sağ olsun “ dediyi xalqdır Vətən. Bəli zəfərə aparan yol çox uzun sürdü, amma şərəflə qazanıldı bu Qələbəmiz.
Lənkəran Dövlət Universitetinin 11 Şəhidinə və bütün Şəhidlərə Allahdan rəhmət diləyirəm nur içində yatsınlar
Qələbə bizimdir dedi oğullar,
Onlar canlarını fəda etdilər.
Təki vətənimiz sağ olsun deyib,
Qarabağ uğrunda qurban getdilər.
Qurtarıb yağıdan azad etdilər,
Əsir torpaqları xilas etdilər.
Yoğurub torpağı öz qanlarıyla,
Yenidən şərəflə vətən etdilər.
Üç min şəhidimin yatdığı torpaq,
Qürurla dalğalan, ey ulu bayraq!
Candan keçmişik ki,başın dik olsun,
Daim azad olsun bizim Qarabağ!
Ali Baş Komandanın bir əmri ilə,
Ordumuz,millətlə bir yumruq oldu.
Zəfərə aparan şərəfli yolda,
Şükür qazancımız Qələbə oldu!
***
Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru baş müəllim
Məcidova Leyla Qadir qızı