Dənizə daş atmayın, Atam Xəzərdə batıb

Dənizə daş atmayın,  Atam Xəzərdə batıb
Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvi

Dənizə daş atmayın

(Neftçi oğlunun dilindən)
“Günəşli” yatağındakı 10 saylı dəniz özülündə baş vermiş hadisə ilə əlaqdar həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsinə ithaf edirəm.
Dənizə daş atmayın,
O daş atama dəyər,
Atam Xəzərdə batıb,
Bunu bilmirsiz, məgər?
Sevinclə, gülərüzlə,
Yollanmışdı işinə,
Körpəyəm, nə söyləyim,
Fələyin gərdişinə.
Gedən gün məni öpüb ,
Kişi, darıxma, dedi,
Ananın sözünə bax,
Heç vaxt karıxma, dedi.
Mən də qucaqlayaraq
Öpdüm, onun üzündən,
Fərəh, sevinc yağırdı
Bu vaxt onun gözündən.
Getdi, həmişəki tək,
Xəzərin qucağına,
Bir daha qayıtmadı
Öz doğma ocağına.
Xəzər coşmuşdu yaman,
Külək qəzəblə əsir.
Qəfil qopmuşdu tufan,
Dalğalar əjdaha, şir…
Od-alov bircə anda
Bürümüşdü dörd yanı,
Elə bil, yuxudaydım,
Bəs mənim atam hanı?
Zəhmətkeş idi atam,
Gecə-gündüz çalışdı,
Xəzəri çox sevirdi,
Xəzərə də qarışdı.
 
Dənizə daş atmayın,
O daş atama dəyər,
Atam Xəzərdə batıb
Bunu bilmirsiz, məgər?
 
Ş A H M A R I N
Azərbaycanın görkəmli şairi Şahmar Əkbərzadənin əziz xatirəsinə ithaf edirəm.
Zərif idi, incə idi,
Təp-təzə, tər qönçə idi,
Qızıl idi, külçə idi,
Şip-şirin sözü, Şahmarın.
 
İnsan idi- ləyaqətli,
Türk oğluydu, cəsarətli,
Dostlarına sədaqətli,
Qardaşdı, özü Şahmarın.
 
Əziz sözü- Azərbaycan,
Hər şeiri- min həyəcan,
Yaşayacaq hər bir zaman,
İtməyən izi, Şahmarın.
 
Möhtəşəm zirvədir yeri,
Ürəklərdə yaşar şeiri,
Bizi ovsunlayb sehri,
Doğmadır üzü, Şahmarın.
 
Çox sevirdi Şəhriyarı,
Oxuyurdu Bəxtiyarı,
Şeir idi, dostu, yarı,
Bükülməz dizi, Şahmarın.
 
 
Həyat özü, yalan nağıl,
Yağılıq eylədi yağı,
İtirəndə Qarabağı,
Gülmədi gözü, Şahmarın.
 
Kədər, sevinc qoşa düşdü,
İlləri sərt qışa düşdü,
Nadanlar da başa düşdü,
Öndədir yazı, Şahmarın.
 
Həyatı döndü dastana,
Yetişdi şöhrətə-şana,
Yaşı çatıbdı doxsana,
Çalınır sazı, Şahmarın.
 
14.10.2021.
Share: