Analar, qızlarınıza təhsil verin!

Analar, qızlarınıza təhsil verin!

Şahnaz ŞAHİN

…Telefonu götürüb tanış nömrəni yığdım, məqsədim eləcə hal-əhval soruşmaq idi. Qüssəli səs dindi qulağımda, söhbətə yekun vurmaq istəyəndə səsinə bir qədər də ton qataraq əlavə elədi ki, “evimizdə ciddi narahatçılıq var, ərim evə-eşiyə yığışmır, uşaqlarla maraqlanmır”.

Onu sakitliyə dəvətim heç xoşuna gəlmədi: “Bəs indi necə olacaq, halımız, nə ilə, hansı pulla yaşayacağıq. işim yox, sənətim yox,  hələ qızım.! Bundan belə nə yaşamaq, ölmək ondan yaxşıdı”. Mən də düşünürdüm, yəqin ərini çox sevdiyindəndir, itirmək ağır gəlir ona, amma onu danışdıran təkcə mədə problemi imiş, sən demə.

 

Ölkədə  Sovet hakimiyyətinə qədərki, ondan sonraki illər düşdü yadıma, həvəslə baxdığımız o dövrün başlıca problemlərini əks etdirən ekran əsərləri, o cümlədən “Dəli Kür” filmini  xatırladım. Uçitel Əhmədin gənclərin məktəbə cəlb olunması məsələsində qarşılaşdığı çətinliklər, onun gördüyü işin qiymətləndirilməsi əvəzinə məsxərəyə qoyulması hamımızın xatirində olar. Savadsız adam asan idarə olunur.

Hələ Sovet dönəminə qədər öz maarifpərvərliyi ilə ad çıxaran H.Z.Tağıyevi, onun uzaqgörənliklə xalqın övladlarının, xüsusi ilə qız uşaqlarının təhsil alması naminə hansı çətinliklərdən keçdiyi, sonda Azərbaycanda qızlar üçün ilk məktəb açılmasına nail olmasını xatırladım. Bu o zamanlar idi ki, cəhalət və xürafat girdabında boğulan cəmiyyətdə millətin, əsasən də qızların təhsil almasına mane  olmağa çalışan çoxlu qüvvələr vardı. Məhz həmin məktəbi bitirən neçə azərbaycanlı qızı sonradan millətin tərəqqi və inkişaf etməsində yaxından iştirak etməklə bərabər öz həyatlarının da axarını tamam dəyişmişdilər.

Sonralar, ölkədə Sovet hakimiyyəti qurulandan sonra yeni inkişaf mərhələsinə qədəm qoyan təhsil sistemi getdikcə yenilənmiş, dəyişib inkişaf etmişdi.

Savadsızlığın ləğvi istiqamətində elə hakimiyyətin ilk günlərində işlərə başlanmış və davam etdirilmişdi. Təkcə uşaqlar, gənclər deyil, yaşlı insanlar da qiyabi və gecə kurslarına yazılır və həvəslə yazıb, oxumaq öyrənirdilər. Heç kəsə sirr deyildi ki, cəmiyyətin inkişafı, xalqın gələcəyi, xoşbəxtliyi, irəliləyişi birbaşa təhsillə bağlıdır.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən təhsilə qayğı kökündən dəyişmiş, onun xüsusi diqqəti və qayğısı sayəsində təhsilə olan münasibət yenilənmiş, gənclərin təhsil alması istiqamətində köklü dəyişikliklər baş vermişdi.

“Təhsil millətin gələcəyidir” və “Mən müəllimdən yüksək ad tanımıram” deyən öndər, Azərbaycanda təhsil sahəsinə həmişə xüsusi diqqət və qayğı göstərmiş, rəhbərliyi dövründə bu sahədə saysız ciddi işlər görmüşdür. Yeni məktəblərin tikilməsi, xaricdə təhsil, yeni dərslik hazırlanması bu sıradan görülmüş işlərin yalnız bir hissəsidir. Ulu öndər apardığı bu siyasəti ölkəmiz milli müstəqillik qazandıqdan sonra da davam etdirdi və ölkəmiz hazırda da bu yolla uğurla irəliləyir.

Bu gün ölkəmizin hər yerində təhsilə göstərilən diqqət və qayğı göz qabağındadır. Yeni müasir məktəblərin tikilməsi və avadanlıqlarla təchizi, İKT-nin inkişafı bir sözlə hər şey bugünkü təhsil sisteminin uğuruna xidmət edir. Baxırsan, könlündən az qala məktəbli olmaq keçir, övladlarımızın azad dövlətin vətəndaşı kimi böyüməsi, belə müasir məktəblərdə oxuması qəlbini qürurla döyündürür. Hər il neçə-neçə oğlan və qızlarımız orta məktəbi bitirib ali məktəblərə üz tutur, bunların arasında mümkün ən yüksək balı toplayaraq Prezident təqaüdü alanlar da az deyil. Bu çox sevindirici və qürurverici haldır, amma çox təəssuf ki, hələ də müxtəlif bəhanələrlə ümumi orta təhsildən yayınan oğlanlar, erkən nikaha cəlb olunaraq məktəbdən uzaqlaşdırılan qızlarımız var. Bu sıradan qızların xüsusi çəkisi üstünlük təşkil edir! Nəticə də göz önündə…

Savadlı övlad yetişməsi üçün birinci növbədə analar savadlı olmalıdır.Geniş dünyagörüşünə malik olmadan tərəqqi etmək mümkün deyil. Öz yaşayış minimumunu təmin edə bilməyən, ömrünü tərk edilmək qorxusu ilə keçirən, haqqının harada, necə tapdandığını, hüququnun kimlər tərəfindən qırıldığının fərqində olmayan, azad düşünə bilməyən qadın övladını necə düz yola çıxara bilər?! Bax elə buna görə də özünə dəyən zərbələrdən həyat dərsi almaq əvəzinə xilas yolu tapmaqda aciz qalır. Ərə “maddi təminat mənbəyi” kimi baxan, başqa təmənna və umacaqlarını isə məişət qayğıları içərisində çoxdan gömən bu qadın üçün həyat da marağını itirmiş kimi görünür artıq. Bu azmış kimi, öz həyatından fərqli bir həyat verə bilməyəcəyi yeniyetmə qızının evdə qalacağı qorxusu ilə əlləşir.

Ən yaxşı halda belə qızlar 11 illik təhsili ölüm-zülüm başa vuraraq evdə “öz alıcısını” gözləyir. Ananın övladına verə biləcəyi tək şey də qızın ər evinə yola salınması anlamındadır. Bunu tezləşdirməyin cəmini də tapır belə analar: bir dəst gözəçarpan geyim-keçimlə, bir-iki toya çıxsa, bəsdir. Vəssalam. Sonra cansız cehiz əşyalarına qoşularaq ər evinə yollanan qızın həyatdan özgə təmənnası qalmır daha. Yəni bu qədər sadə və bəsit imiş xoşbəxtlik. Doğrudanmı onlar da XXI əsrin övladlarıdır?! Bəs düşüncəsi hansı dövrü ehtiva edir, Ya Rəbbim…

Yenə məktəbi, elmi yüksək dəyərləndirən, onun uşaqların həyatında rolunu insanlara ən sadə və şirin avazla çatdıran, millətinin xilas yolunun elm və məktəb partasından keçməsini yana-yana bizlərə xatırladan ulu Sabirə sığınıram. Onun söz nəhrindən bir dürr ilə düşünməyə davam edək .

Elmin izzəti payıdar olur,
Cəhlin nikbəti canşikar olur,
Hər kəs elm oxur, bəxtiyar olur,
Millət elm ilə bərqərar olur.

Oxuyun əzizlərim, oxumaq zamanıdır…

Share: