Fevral ayının sonları idi. Kiçik cillə çıxsa da, hava sazaqlı idi. Dünəndən yagan qar hər tərəfi agappaq örtüyə bürümüşdü. Qarın aglığı gecənin qaranlığına qarışaraq qəribə mənzərə yaratmışdı. Qəsəbədə sakitçilikdi. Yalnız ara-sıra agız-agıza verib hürüşən kənd itləri bu sakitliyi pozurdu.
Sədəfin yuxusu ərşə çəkilmişdi. İşığı söndürüb üç oğluna-üç ciyərparasına “yatın, balalarım,”-desə də, özü yatmadı. Bu səssizlik onu qorxudurdu. Düşmənin pusquda oldugu ürəyinə dammışdı. Dünənə qədər partapart atırdılar. İndi xeyir ola? Nə planları var görəsən? Ermənilərlə neçə il qonşu olmuşdu, onların məkrli siyasətlərini bilirdi. Bəlkə “Gecə qara, cücə qara” deyib kəndə girməyə fürsət axtarırlar?”
Sədəf diksindi. Allah qorusun.
Nə biləydi, o vaxta cəmi iki gün var. İki gün sonra erməni silahlıları havadarlarının dəstəyiylə Xocalı adını yer üzündən silməyə çalışacaq, körpə uşaqları, qocaları öldürüb qətliam törədəcəklər. Bilsəydi və ondan asılı olsaydı, zamanın o anını bütün varlığıyla tutub saxlayardı.
Pəncərənin müharibə qoxuyan qara rəhgli pərdəsini aralayıb çölə baxdı. Hər yan qaranlıqdı. Azacıq uzaqda görünən təpəciklər yerdə bardaş qurub oturmuş adamlara bənzəyirdilər.
Sədəf ərini xatırladı. Keçən il düşmənlə döyüşdə mərdliklə vuruşmuş, düşmənin basdırdıgı minaya düşərək şəhid olmuşdu. Yadındadır, öz doğma anası oğlunun cəsədini tanımamışdı. Sonra da qaynı şəhid olmuşdu. Ananın aglamaqdan gözləri tutulmuşdu.
Sədəfin ürəyi sıxıldı. Pərdəni çəkib yerinə uzandı. Azca da olsa yatmaq, gözlərinin dincini almaq istədi. Çöldən hənirti eşitdi. Cəld yerindən qalxıb bayıra çıxdı. Sakitlik idi. Qayıtmaq istəyirdi ki, evlərinin qabagındakı balaca təpənin arxasından kiminsə başının görünüb yox olduğunu hiss etdi. Çəld evə girib ərinin divardan asılmış beşatılanını götürdü.
-Hey… kimsən orda?
-…
-Alçaq dığa, çıx. Tülkü kimi gizdənmə.
Tüfəngi əlində hərləyib göyə atəş açdı. Bu vaxt iki nəfərin əyilərək qaçdıqlarını gördü.
-Qaçın, qaçın. Tülkü kimi çıxın aradan. Ərimin, qaynımın qisasını alacam sizdən.
İndən sonra yatmaq aglına belə gəlmədi. Qalın yun şalına bürünüb eyvanda üstünün naxışı getmiş köhnə divanda oturdu. Bu, onun cehizliyi idi. Sədəf on üç il qabaqkı xoş günlərə qayıtdı. Əri Zabitlə ilk tanışlığı, gizli görüşlər, sevgi dolu pıçıltılar… Zabit onun uzun xna rəngli ipək saçlarına vurulmuşdu. Oxşadıqca oxşayar, öpdükcə öpərdi saçlarını. Ah! Nə gözəl günlərdi!.. Heyif! Hər şey arxada qaldı. Ərini alçaq düşmən öldürdü.
Açılmaqda olan səhərin xoş mehi üzünü, saçlarını döyəcləyirdı. Yox, külək deyil, əridir, onun uzun, topuga dəyən saçlarını öpür, oxşayır…
-Sədəfcan…
-Haycan!
-Səni çox sevirəm.
-Mən də.
-Yatma. Dur, canım. Uşaqlar səni çagırır.
-Ana, ana, acmışam e… Duy mənə sıyıq bişir. Süddü sıyıq.
Tüfəng qucağında oturdugu yerdəcə yuxuya gedən Sədəf kiçik oğlu iki yaşlı Vaqifin nə vaxt gəlib qucağına sığındığını hiss etməmişdi. Uşaq anasını silkələyirdi.
-Duy,duy, anacan, eşitmiysən?
Sədəfgil yamyaşıl dagın ətəyində əri, qaynansı və uşaqlarıyla birlikdə gözəl süfrə açmışdılar. Mehribancasına deyib-gülürdülər. Bu vaxt göydən enən qara qartal şığıyıb körpə oğlu Vaqifi caynagına aldı. Göylərə qaldırıb lap uzaqlara apardı. “Qoymayın, balam getdi!” Ana qışqırdı. Ətrafında heç kim yoxuydu. Bəs o biri uşaqları? Onlar hardadır?
-Ana, niyə duymuysan? Duy dedim də. Acmışam, eşitmiysən? Nənənin gözləyi görmüy axı.. duy mənə sıyıq bişiy. Süddü sıyıq.
Sədəf gözlərini açdı.
-Ah, oğlum, Vakkılım, sənsən? Canım-ciyərim. –Sədəf ciyərparasına sarılıb onu dəli kimi öpməyə başladı. Sən sagsan, gözümün işığı?
Uşaq gözlərini döyüb ona baxırdı.
Fevralın 26-sı gecə saat on iki radələrində güclü texnika ilə, tanklarla silahlanmış düşmən 366-cı moto-atıcı alayının köməyi ilə qəsəbəyə hücum etdi. Erməni quldurları dinc əhalini, qocaları, uşaqları vəhsicəsinə öldürdülər, gözlərini çıxartdılar, başlarını kəsdilər. Bununla da ürəkləri soyumayıb körpə uşaqları diri-diri süngüyə keçirtdilər. Qız-gəlinləri isə əsir götürdülər. Hamı kimi evdən atəş səsinə çıxan Sədəf cəld qaynanasının və uşaqlarının əlindən tutub körpə oglunu bagrına basaraq meşəyə tərəf qaçmaga başladı.
Səksən yaşlı gözü kor qoca qaynanası bərkiyib daşa dönmüş qarın üzəri ilə qaça bilmir, nəfəsi təntiyirdi. Sədəf bir əliylə onu da dartaraq:
-Tez gəl, ana, qurban olum, -dedi. Tez gəl, bu faşistlərin əlinə düşməyək.
-Faşis nədi, ana?
-Gəl-gəl, oglum, sonra deyərəm.
Lap az qalmışdı. Bir az da getsələr, irəlidə meşəydi, daglıqdı. Sədəf buralarda böyümüşdü, bu yerləri ovcunun içi kimi tanıyırdı. Buralar ona çox əzizdi. İndi gecənin bu vaxtı evindən-eşiyindən, dogma ocagından qaçırdılar. Qaynanası müvazinətini saxlaya bilməyib qarın üzərinə yıxıldı. Sədəf məcbur olub dayandı. Qaynanasını qaldırmaq üçün əyildi.
-Təslim olun!
Sədəfin damarında qanı dondu. Qalxmaga macal tapmamış erməni quldurları arxadan onları haqılayıb iki oglunu, qucagından körpə Vaqifi zorla dartıb aldılar. Sədəfin naləsi ətrafı bürüdü. “Alçaqlar! Uşaqlarıma dəyməyin! Sizin balalarınız yoxdurmu?”
Uşaqları maşına basdılar. Böyük oğlu 12 yaşlı Asif qışqırırdı:
–Ana, nənəni də götür qaç. Tez ol. Təki sən əsir düşməyəsən. Gördün, Nadir dayının qızının başına nə oyun açdılar?
“Təki sən əsir düşməyəsən..”
Dədə Qorqud” əsərində Burla Xatuna oglunun dediklərini xatırladı: “Düşmən səni tanımaq üçün mənim ətimi kabab edib yedizdirsə, başqası bir yesə, sən iki ye. Təki atam Qazanın namusunu sındırmayasan”.
“Arxayın ol, oglum!”-Sədəf dedi. “Özümü öz dişimlə parçalaram, bu quldurların əlinə düşmərəm!”
Sədəf bayaqdan düşmənin diqqətini çəkmişdi. Bu gözəl qadını hələ ki, öldürmək fikirlləri yox idi. Həris baxışlarla ona tərəf gəlməyə başladılar.
-Gəlməyin! Yoxsa gəbərdəcəm sizi!-Sədəf atəş açdı.
-Sakit ol, agçi, bagırma. Yaxşısı budur, silahı at yerə, könüllü təslim ol.
-Onu görməyəcəksiz!
Sədəf tüfənglə bir neçə ermənini yerə sərdi. Güllə bitmişdi. Yaxasında büküb hazır saxladıgı siçan zəhərinə əl atdı. Bu vaxt komandirin “oranı dərhal tərk edin!” əmrini eşidən düşmən atəş aça-aça geri çəkildi, digər əsirləri hərbi maşına doldurub oranı tərk etdilər.
Sədəf üzüqoylu qarın üstünə sərildi. “Getdi ciyərparalarım!”
Taqətsiz halda qaynanasının əlindən tutub camaatla birlikdə meşəyə tərəf gedirdi.
Üç gün meşədə ac-susuz, əyin-başsız qalan əhalini kəşfiyyatçılar xilas etdilər. Camaatın içində İrəvandan, Qərbi Azərbaycandandan olan, dogma ocaqlarından didərgin düşüb Xocalıya sıgınan qaçqınlar da vardı. Onlar buralara yaxşı bələd olmadıqları üçün həmin dəhşətli gecədə yollarını azırdılar. Bu səbəbdən bir çoxunu əsir götürdülər.
Şaxta xəncər kimi kəsirdi. Meşəyə qaçan əhali soyuqdan donurdu. Analar əyinlərini çıxarıb körpələrini bürüyürdülər. Onlara elə gəlirdi körpə yenə donur. Halbuki donan özləri idi. Lap “Buz heykəl” hekayəsindəki qəhrəman anaya bənzəyirdilər…
Düz 50 il sonra faşist düşmən anaları gözüyaşlı qoyurdu. Ermənilər meşəni də mühasirəyə almışdılar.
Yaxın bölgələrdən köməyə gələn igid kəşfiyyatçılar və buranı beş barmagı kimi tanıyan yerli adamlar köməksiz, əliyalın dinc əhalini xilas edib yaxın bölgələrdə, kəndlərdə yerləşdirdilər. Cəsədlər də vardı. Onları torpagı qazıb basdırır, ya da özləriylə sürüyürdülər. Bəzilərinin ayaqları, əlləri tamamilə donmuşdu. Qocaları dallarna götürən igidlər nəhayət ki, əhalini təhlükəli ərazidən uzaqlaşdırdılar.
29 yaşlı gənc Sədəf əyninə kişi paltarı geyinib topuğa dəyən uzun saçlarını kəsdirdi. Bir vaxtlar əri bu saçlardan ötrü ölürdü. İndi əri də yoxdur, övladları da. Kimin üçün yaşayırdı? “Övladlarım sagdır axı. Bəlkə onlara dəyməyəcəklər? Bizimkilər dəyişəcək ermənilərlə? Səbrli ol, Sədəf! Ayaqda dur, ümidini kəsmə”.
Sədəf o dəhşətli gecəni heç cür unuda bilmirdi. Gözünün qabagında nə qədər insanı vəhşicəsinə öldürdülər. Hələ uşaqları… Gənc qızları lüt soyundurub maşınlara basırdılar.
Əlləriylə başını tutdu. Düşündükcə az qalırdı dəli olsun. Dünyanın heç bir yerində belə vəhşilik görünməyib. Bu qətliamdı. Soyqırımdı. “Türk qanına susayan alçaqlar! Bu qan yerdə qalmayacaq!”
Sədəf könüllü ərazi müdafiə batalyonuna yazıldı. Bir neçə il döyüşçü kimi vuruşdu. Ermənilər bu cəsur qadını tuta bilmirdilər. Başına pul ayırmışdılar.
Əsirlikdə olan üç oglunun heç birindən xəbər tuta bilmirdi. Kəşfiyyata gedənlər də dəqiq məlumat gətirmirdilər. Bir günsə… Əsirlikdən dönən Mustafa kişinin dediyiyinə görə ermənilər onun iki böyük oglunu gözünün qabagındaca əzabla öldürdülər. Balacadan xəbər ala bilmədik, haraya apardılar, neylədilər, məlumatımız olmadı-dedi Mustafa kişi.
Sədəfin dünyası uçuldu. Paramparça oldu. Son ümidini də itirdi. Hərdən ürəyində ümid işartısı közərirdi: “Bəlkə Vaqif-Vakkılım sagdır…”
Aradan illər keçdi. Sədəfin bir vaxt xna rəngli məxməri ipək saçları ağappaq oldu. Pırpızlaşıb pis günə düşdü.
Qaynanasının ürəyi çoxdan partlayıb ölmüşdü.
O artıq taleyi ilə barışıb. Mehrini özü kimi vaxtsız qocalmış köpəyinə salıb. Başına bagladığı yun şalın altından çıxan, bəlkə aylardır daraq dəyməmiş saçları, didik-didik olmuş köhnə hərbi sırıqlısı və ayagına geydiyi qalın yekə altlıgı olan kişi çəkmələri onu daha da yaşlı göstərirdi.
Hər gün köpəyi ilə yaxınlıqdakı daga çıxırdı. Əlini gözünün üstünə qoyub həsrətlə işgal olunmuş dogma torpaqlara, Xocalıya baxırdı. “Bəlkə Vaqifim sagdır. Əgər ermənilər onu öldürməyibsə, indi 22 yaşı olmalıdır. Əgər sagdırsa, görəsən hardadır, neyləyir?”
Arxadan xışıltı eşitdi. Çevrildi. Gənc bir erməni əlindəki avtomatla onu nişan almışdı.
-Öldürəcəm səni, qadın. De görüm, hərbi hissə harda yerləşir? Mənə kömək elə, apar oraya.
Sədəf onun erməni kəşfiyyatçısı oldugunu anladı. Bəlkə elə diversiya qrupundandır? Çox lazımlı kəşfiyaytçıdır. Niyə hiss etməmişəm, yoxsa qoyardımmı keçməyə? Elə yerində gəbərdərdim bu dıganı. Bircə tuta bilsəydim…”
-Nə düşünürsən, axçi? Mənə hərbi hissənin yerini söylə. Yoxsa bu güllələri o murdar qarnına dolduracam!
Bir az ləhcə vardı danışıgında. “Yəqin yerli ermənilərdəndir.”
Sədəf bir anlığa onu necə tərksilah edəcəyini düşündü.
-A bala, sənin agzından süd iyi gəlir, – Onu dilə tutdu. Silahı aşagı sal.
-Yaxın gəlmə. Gəbərdəcəm səni də, köpəyini də.
-Məni vur, ona dəymə.
-Siz türklər hamınız bizim düşmənimizsiniz.
-A bala, biz sizə neyləmişik axı, yaxşılqdan başqa? –dedi Sədəf. Sizi niyə belə nifrətlə böyüdüblər?
-Ağçi, ay arvad, deyəsən başın bədənüvə ağırlıq edir? –Silahı onun başına dirədi. Düş qabagıma.
Sədəf bir söz deməyib irəlilədi. Köpək də onların ardıyca gedirdi.
Bir xeyli getdilər. Sədəf qəflətən çevrilib erməninin avtomatını əlindən aldı. Qundağıyla onun başına vurdu. Necə olsa, keçmiş döyüşçüydü.
-Mən qadınlığımla sizin o erməni dıgalarınızı bir anda məhv edərəm. Mənim üç oglumu iyirmi il qabaq Xocalıda əsir götürdülər, ikisini o murdar ermənilər öldürdülər. Birindən hələ də xəbər yoxdur. Övladlarımın hayıfını səndən çıxacam.
Sədəfin gözü dönmüşdü. Avtomatı qaldırıb atəş açmaq istədi. Birdən nəzərləri gənc erməninin geniş açılmış gözlərinə sataşdı. Sədəf diksindi. Əlləri titrədi. Bu gözlər ona tanış idi. Qonurqarışıq mavi gözlər.
-Adın nədir, bala?
-Adımı neynirsən? Vartandır.
-Qolunu aç.
-Nə?
-Köynəyinin sol qolunu qaldır yuxarı.
Erməni onun dediyi kimi elədi. Sədəf onun dirsəyindən azca aşagı böyük aypara xalı gördükdə, dəhşətə gəldi. Az qaldı ürəyi getsin. Aman Allah! Bu, o idi. “Duy mənə sıyıq bişiy… süddü sıyıq! Balaca Vakkılı. İndi dönüb Vartan olub. “Ləhcəsindən tutmuşdum”.
-Sənin ata-ananın adı nədir?
-Atam-anam yoxdur. Dedilər 92-də müharibədə türklər öldürüb. Mən Yerevanda yetimlər evində böyümüşəm.
– Qulaq as, bala. Sən mənim doğmaca oğlumsan! –Sədəf dedi.
-Nə? -erməninin gözləri böyüdü.
-Hə. Düz eşitdin. Sonbeşiyim. Vakkılım. Sənin adın Vartan deyil, Vaqifdir. Bir vaxtlar canımdan çox sevdiyim Vaqifim.
Sədəfin gözlərindən yaş sel kimi axırdı.
“Lənət olsun müharibəyə. Lənət olsun müharibə törədənlərə!”
-Səni doqquz ay qarnımda bəslədim. Bu döşlərimdən süd verdim. Sol əlini döşlərinə çırpdı. Amma düşmən tərbiyə etdi səni. Onlar Xocalıya hücum edəndə sənin 2 yaşın vardı. Qardaşlarını və səni əsir götürdülər. Qardaşlarını öldürdülər. Səni isə isə bizə qarşı bax, bu cür böyütdülər.
-Yalan danışırsan!
-İnanmırsan, gəl bax!
Sədəf köynəyinin sol qolunu yuxarı çəkdi.
-Bax! O aypara xaldan məndə də var. Gözlərin eyni mənim gözlərimdi.
Vartan ona yaxınlaşdı. Qolundakı aypara xala baxdı. Fikri lap uzaqlara getdi. Dumanlı şəkildə xatırladı. “Duy mənə sıyıq bişiy. Süddü sıyıq”
Aha. Odur. Qarşısında duran bu yaşlı qadın onun dogmaca anasıdır.
-Məni təhvil verəcəksən?
Sədəf dinmədi.
-Məni bagışlayacaqsan?
-Mən bagışlasam da, torpaq bagışlamayacaq!
Ürəyinin göz yaşları içinə axırdı. Odsuz-ocaqsız qovrulurdu Sədəf. Illərlə axtardıgı dogmaca oglu erməni çıxmışdı. Dəhşət bir şeydi.
Hansısa filmdə deyilirdi: oğulun bütün hərəkətləri üçün ana cavabdehdir.
“Yox! Mən bu ləkə ilə yaşaya bilmərəm!”
Atəş səsinə gələn Azərbaycan əsgərləri qəribə mənzərənin şahidi oldular: çoxdan tanıdıqları Sədəf arvad tüfəng qarnında yerə yıxılmış, artıq ölmüşdü. Başının üzərində dayanan düşmən kəşfiyyatçısı donuq nəzərlərlə ona baxırdı.
Qoça, sədaqətli köpək başını sahibinin cansız bədəninə yapışdıraraq dayanmadan yanıqlı səslə zingildəyirdi. (Südabə Sərvi)
SÜDABƏ SƏRVİ
Müstəqil.az