Təkcə İstanbulda sənədsiz azərbaycanlı uşaqların sayı mindən çoxdur – Aygün Həsənoğlu

İstanbuldaki “Azərbaycan Təhsil və Mədəniyyət” Dərnəyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, yazıcı-dramaturq Aygün Həsənoğlu ilə həmsəhbət olduq. Müstəqil.az-a müsahibə verən xanım Həsənoğlu Azərbaycan naminə görülə biləcək işlərdən və problemlərdən bəhs edib

 

– Aygün xanım, dünən mətbuatda istedadlı şair Elçin Tanrıgilin Azərbaycan prezidentinə müraciəti yayıldı. Siz problemlə tanışsınız və bu barədə müsahibənizdə də qeyd etmişdiniz. Məsələ indi nə yerdədir?

– Əvvəlcə onu deyim ki, İstanbula gəldiyim ilk illərdə həll etmək istədiyim bəzi məsələlərə lazımi qədər müdaxilə edə bilmirdim. Çünki tək idim. Son bir ildə başqa ziyalılarımızın da İstanbula gəlişi ilə qüvvəmiz artdı və dərnəyimizi qurduq, hazırda isə fəaliyyətimizi genişləndiririk. Dərnəyimizin ədəbiyyat klubu yaradıldı. Elçin Tanrıgil bu klubun rəhbəridir. Ziyalı klubunu da yaratmağı planlaşdırmışıq. Türkiyədə yaşayan azərbaycanlı ailələrin uşaqlarının təhsil ala bilməməsi məsələsini dəfələrlə müzakirə etmiş, bununla əlaqədar görüşlər keçirmiş, müvafiq qurumlara müraciət etmişik. İstanbulda fəaliyyət göstərən digər dərnəklər də bu sahədə çox işlər görüblər. Heç kim bu məsələyə laqeyd qalmayıb. Amma biz ziyalılar bir daha söz verdik ki, səsimizi daha da yüksəldəcək və məktəb açılana qədər ssmayacağıq! Onlar bizim övladlarımızdır! Azərbaycana qayıtsalar da, Türkiyədə yaşasalar da bizim qanmızı, genimizi daşıyırlar. ONLAR BİZİM SİFƏTİMİZDİRLƏR!

-Bəs niyə indiyə qədər bir məktəb təşkil edilməyib.

– İstanbulda özəl bir məktəb açmaq çox böyük vəsait tələb edən işdir. Azərbaycanlıların sıx yaşadığı Gaziosmanpaşa, Bayrampaşa, Sultangazi və Halkalı bölgələrində məktəb tikmək üçün torpaq yoxdur. Hətta olsa belə, bu torpağın qiyməti bizim pulla ən az bir milyon yarım manatdır. Biz hətta binanı tikmək üçün şəxsi əlaqələrimizdən istifadə edərək qüvvə də tapdıq. Yəni, torpaq olsa, orada 5 mərtəbəli məktəb binasıni 3 aya tikdirə bilərəm. Türkiyədə dövləti özəl məktəblər üçün ərazi dəstəyi də verir, faizsiz kredit də. Amma bizə lazım olan ərazidə yer yoxdur. Uzaqda olan məktəbə isə bizim az maaşla işləyən ailələrin uşaq göndərmək imkanı yoxdur. Halkalıda bir ibtidai məktəb təşkil edilib. Amma bu bir dini qrupa aid məktəbdir və uşaqlara hansı təhsilin verildiyi, hansı sənədlərin veriləcəyi bəlli deyil. Gaziosmanpaşada Bakıdan gəlib yerləşmiş bir xanım 150 nəfərə qədər uşağı toplayaraq bir neçə müəllimlə dərs keçməyə başladı. Amma burada təhsil qane edici deyil. Uşaqlarımızı əsl təhsil verməliyik. Buna görə artıq məsələnin dərhal həll olunmasını istəyirəm. Bunun üçün dərnək olaraq görüşlərimizi davam etdiririk. Türkiyədə özəl məktəb açmaq üçün ən az 8 sinif otağı, iclas və idman zalı, hətta üzgüçülük salonu və mütləq ən az 100 m2 həyəti olmalıdır. Hər şeyi həll edə bilirik, həyəti olan bina tapa bilmirik. Deyilən qiymətlər də çox bahadır, söhbət milyonlarla manatdan gedir.

– Azərbaycan hökuməti problemdən xəbərdar edilibmi?

– Bəli, dövlət tərəfindən müəyyən işlər başlanılıb və ortaq komissiya qurulur. Səfirlik məsələ ilə baölı işlər görür. Lakin nədənsə həlli gecikir. Keçən hər gün uşaqların ömründən gedir.

– Türkiyə dövləti heç dəstək vermirmi?

– Türkiyə dövləti hər cür dəstək verir. Sənədi olan uşaqlar yaxındakı məktəblərə alıncaqlar. Problem oturma izni vaxtı keçmi, xarici pasportunun müddəti bitmiş ailələrdədir. Uşaqlar sənədsizdir. Hətta biz qapılarını döyəndə də ehtiyat edirlər, çünki qaçaq yaıayırlar. Problem çıxmasından qorxurlar. Ancaq bu onlara haqq vermir ki, özlərinə yeni həyat qurarkən uşaqlarının həyatını məhv etsinlər. Təsəvvir edin ki, yüzlərlə məktəb görməyən uşaq var. 18 yaşında, hətta 20 yaşında olanlar var ki, təhsil almayıblar və sənədləri yoxdur. 90-cı illərin əvvəllərində İstanbula gələnlər var ki, sənədlərinin vaxtı keçib, imkanları olmadığından pasportlarını dəyişə bilməyiblər, ona görə də oturma izni də ala bilməyiblər. Onların uşaqları evlənib, evliliklərini rəsmiləşdirə bilmədikləri üçün onların da uşaqları sənədsizdir. Təsəvvür edin ki, Təkcə İstanbulda belə uşaqların sayının mindən çox oldu deyilir. Təsəvvür edirsiniz? Mindən artıq təhsilsiz uşaq! Bu, oğru, narkotik alverçiləri üçün potensial qüvvədir.   Məktəbdə qeydiyyatalrı olmadığından 14-15 yaşında evləndirilən qızlar var.

– Dəhşətdir. Sizcə problemin həlli yolu nədir?

– Azərbaycan dövləti  təcili Türkiyədəki konsulluqlara nümayəndə göndərməldiir ki, bu şəxslərin şəxsiyyət vəziqəsi və xarici pasportla təmin etsin.  Bundan sonra Türkiyə dövləti də onlar oturma izni vercəkdir. Biz bunun cəriməsiz olmasını təmin edəcəyik. Ortaq komissiya qurulması işi gedir. Lakin hazırda 17-18 yaşında uşaqların təhsilə cəlb etməyə çalışırıq. Təsəvvür edin ki, 17 yaşında uşaq 7 yaşında uşaqla bir sinifdə necə otursun? Ona görə də yaş qruplarına görə siniflər təşkil edilməlidir.  Bu məsələ ilə riyaziyyat müəllimi İxtiyar Abdal məşğuldur. İstanbulda bu məsləni ilk dəfə ciddi çəkildə üzə çıxaran İxtiyar müəllim olub.

– Bir xanımın məktəb açdığını demişdiniz.

– Bəli, mən də bacardığım qədər dəstək verdim. Amma sonra peşman oldum. Belə bir həqiqət var, sənin başlamadığın iş, sən istəyən kimi olmaz. Təhsil ciddi məsələdir. Ayrı-ayrı insanların zövq və bacarığına buraxıla bilməz.  Gərək özüm bunu edəydim, amma mən qanunsuz iş sevmirəm. Hər şey qanuni olmalıdır. Azərbaycan məktəbi Azərbaycanın adına layiq olmalıdır. 150-200 uşağı 4-5 otağa yerləşdirərək “Məktəb açdım” demək olmaz. O uşaqlarla göz-gözə gəldikdən sonra gecə gözlərini yumub yata bilmirsən.

– Azərbaycan dövlətinə sözünüz nədir?

– Türkiyədə Azərbaycnı neft zngini ölkə kimi tanıyırlar. Dəfələrlə böyük layihələrlə universitetlərə müraciət etmişəm. Hər dəfə mənə layihəni bəyəndiklərini, həyata keçirmək istədiklərini bildirib belə deyirlər, “Azərbaycan neft zəngini ölkədir. Bu layihəni həyata keçirməyə Azərbaycan dövləti dəstək verəcəkmi?”  Yəni onud emək istəyirəm ki, Azərbaycan özünün düşündüyündən də böyük və güclü görünür Türkiyədə. Avrovizyon, Avropa oyunları keçirən bir ölkə kimi. Ona görə də Azərbaycan məktəbi Azərbaycan dövlətinin adına layiq olmalıdır. Mən də Elçin Tanrigilin müraciətinə qoşulur və Azərbaycan prezidenti cənab İlham Əliyevdən və Vitse-prezident Mehriban xanım Əliyevadan İstanbulda Azərbaycanın adına layiq bir məktəb istəyirəm!   SƏSİMİZƏ SƏS VERİN!

Faiq Balabəyli

 

 

Share: