Təfəkkür, hüriyyət və mədəniyyər nümunəsi…

Təfəkkür, hüriyyət və mədəniyyər nümunəsi…

Görkəmli mütəfəkkir, doktor Seyid Müslim Mədəniyə ithaf olunur!

Bu günlərdə əlimə qələm alaraq bu qısa yazıda Əfqanıstan ölkəsinin ləyaqətli övladı, əziz və dəyərli qardaşım, görkəmli alim və ziyalı mütəfəkkir doktor Seyid Müslim Mədəni barədə öz ürək sözlərimi yazmaq və onu əziz dostlarımla paylaşmaq istədim…

Qısa bioqrafik məlumat:
Seyid Müslim Mədəni (سید مسلم مدنی) …1975-ci ilin yanvar ayının 21-də İraqın Nəcəf şəhərində bir təmiz və ruhani ailəsində dünyaya göz açmışdır. Atası əslən Əfqanıstandan olan Seyid Əli Adil Mədəni tanınmış və görkəmli din xadimi mərhum Seyid Əbül-Qasim Xoyinin tələbələrindəndir. O, bir ruhani və din alimi olaraq İraqın Nəcəf, İranın Qum və Əfqanıstanın Kabil şəhərlərində uzun illər boyu dini elmlərin tədrisi ilə məşğul olmuşdur.
Müslim Mədəni ailəvi olaraq İraqdan İrana mühacirət etdikdən sonra bu ölkədə orta təhsilini almış, 15 yaşından etibarən atasından dini elmləri öyrənməyə başlamışdır. Orta təhsilini bitirdikdən sonra İranda Beynəlxalq İslam Elmləri Universitetində “İslam mədəniyyəti və maarifi” üzrə bakalavr (2001), Beynəlxalq əl-Mustafa Universitetində isə “İslam fəlsəfəsi” ixtisası üzrə magistratura (2005) və “İslam fəlsəfəsi” üzrə doktorantura (2014) təhsili alaraq məzun olmuşdur.
Bir sıra tərcümə və tədqiqat əsərlərin, həmçinin elmi məqalələrin müəllifidir. Bununla bağlı “Hibətus-səma” (Səma hədiyyəsi) adlı kitabın ərəb dilindən tərcüməsi və “Əsrare-mənəviye-həcc” (Həccin mənəvi sirləri) adlı əsərini göstərmək olar. Önəmli məqalələrı sırasında isə aşağıdakıları sadalaaq mümkündür:
1. “Təsahole-siyasi və mutune dini və hüquqe mövzuə” (Siyasi tolerantlıq, dini məxəzlər və təyin edilmiş hüquqlar);
2. “Eşq əz didgahe İbn Sina və Molla Sədra” (İbn Sina və Molla Sədra baxımından eşq məsələsinin araşdırılması);
3. “Guneşenasiye kəşfe suri və Məsnəvi” (Suri kəşfin müxtəlif növlərinin tanınması və Məsnəvi kitabı);
4. “Çisti və tənəvvoe təcrübeyi irfani əz didgahe Mövlana və Deyvis” (Cəlaləddin Rumi və K.F.Deyvis təfəkküründə mistik təcrübənin mahiyyət və müxtəlifliyi). Qeyd etmək lazımdır ki, fars dilində qələmə alınmış bu elmi məqalə 2019-cu ildə Azərbaycan Respublikasında “Metafizika” adı altında nəşr edilən beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2 (2) 2019 sayında dərc edilmişdir).
Doktor Mədəninin indiyədək istər İran, istərsə də doğma vətəni sayılan Əfqanıstanda bir sıra faydalı elmi və mədəni fəaliyyətləri olmuşdur. O cümlədən:
1. İndiyədək 15 ilə yaxın tədris və pedaqoji fəaliyyət;
2. İranın Beynəlxalq İslam Elmləri Mərkəzi (indiki Beynəlxalq əl-Mustafa Universiteti)-nin nəzdində fəaliyyət göstərən “Əfqanıstanlı Tələbələrin Elmi-Mədəni Birliyi”nin rəhbəri;
3. İranın Beynəlxalq əl-Mustafa Universitetinin Tehran filialında “Fəlsəfə” fakultəsi və eləcə də Universiitetin Qum şəhərində olan mərkəzinin “Dinlər” fakulstəsində müəllim;
4. Beynəlxalq əl-Mustafa Universitetinin Tehran filialında Tədqiqat müavini;
5. Azərbaycan Respublikasında fəlsəfə üzrə elmlər doktoru dosent Ələddin Məlikovun baş redaktorluğu ilə nəşr edilən “Metafizika” adlı beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının beynəlxalq müşaviri və s.
Beynəlxalq əl-Mustafa Universitetində təhsil və tədrislə məşğul olduğu illər ərzində həm universitetin “Elit” tələbələrindən biri kimi tanınmış, həm də tədqiqat və təhsil sahəsində göstərdiyi uğur və nailiyyətlərə görə bir çox diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Doktor Seyid Müslim Mədəni 2 il öncə İranda azad düşüncə tərzi və fərqli baxışlarına görə bir sıra təzyiqlərə məruz qalmış, Beynəlxalq əl-Mustafa Universiteti və eləcə də universitetin digər filiallarında onun pedaqoji fəaliyyətinə rəsmən qadağa qoyulduğuna görə İranı tərk edərək doğma vətəni Əfqanıstana qayıtmışdır. Hal-hazırda Əfqanıstanın paytaxtı Kabil şəhərində fəaliyyət göstərən “Qalib” Universitetinin (Ghalib University) müəllimi, həmçinin həmin universitetin elmi tədqiqat və nəşriyyat bölməsinin rəisi vəzifəsində çalışır. Həlimə xanım Vaizi ilə ailə həyatı qurmuş, bu ailə həyatından Mühyiddin və Şəhabəddin adlı iki oğul övladları dünyaya gəlmişdir.

İlk tanışlıq:
Mənim bu əziz və görkəmli şəxsiyyətlə ilk tanışlığım əslində 2000-ci illərdə qayıdır. O zaman mən İranda sabiq “Beynəlxalq İslam Elmləri Mərkəzi” (indiki Beynəlxalq əl-Mustafa Universiteti)-nin Tərbiyə işləri üzrə bölməsinin nəzdində fəaliyyət göstərən “Rusiya Federasiyası və Orta Asiya ölkələri tələbələrinin Elmi-Mədəniyyət Birliyi”ndə Tədqiqat müavini vəzifəsində çalışırdım. Həmin bölmədə Rusiya və Orta Asiya, Hindistan, Pakistan, Malaziya, Sinqapur, Tailand və s. ölkələrlə yanaşı həm də Əfqanıstan ölkəsindən olan tələbələrin elmi-mədəniyyət birliyi fəaliyyət göstərir, Seyid Müslim Mədəni isə əfqan tələbələrinə aid olan birliyin rəisi vəzifəsini daşıyırdı.
Sonrakı illərdə magistratura və doktorantura təhsilini onunla birlikdə eyni universitetdə davam etdirdik. Əlbəttə, mənim ixtisasım İlahiyyat, onun ixtisası isə Fəlsəfə idi. Lakin buna rəğmən bəzi müştərək dərslərdə birləşir və eyni sinifdə dərsləri dinləyirdik.
Beləliklə də, mən onu hər zaman çalışqan, intizamlı, ədəbli, düşüncəli və istiqanlı, eyni halda başqalarının düşüncəsinə hörmətlə yanaşan tolerant və multikultural bir insan olaraq müşahidə edir və tədricən aramızda yaranmış qarşılıqlı hörmət və dostluq münasibəti dərinləşirdi. Zaman ötdükcə isə mən onun çox dəyərli bir şəxsiyyət və ziyalı mütəfəkkir olduğuna tam əmin oldum…

Şəxsi təəssüratım:
Ərəb və fars dillərində “Mədəni” sözü “şəhər sakini”, “Mədinə şəhərindən olan, Mədinə şəhərinə mənsub olan və Mədinə şəhərində yaşayan” və s. bu kimi mənalarla izah edilir. Doktor Mədəni əslən Mədinə şəhərinin sakini olmasa da, sözün həqiqi mənasında əsil mədəniyyət sahibi və etikaya malik olan dəyərli insandır. Mən heç bir zaman onda riyakarlıq, təkəbbür, kin-küdurət, yalan, həsəd, paxıllıq və digər bu kimi xoşagəlməz xislətlər görmədim. Təbii ki, belə mənfi xislətlərə malik olmayan insanın hansı mənəvi hüzur və mərifətə malik olduğunu düşüncə sahibləri daha yaxşı anlayır. Mən onun olduğu kimi görünməyə və göründüyü kimi olmağa çalışan təvazökar, mədəni, tərbiyəli və əsil insan nümunəsi olduğunu gördüm. Burada onun həm də, pozitiv və məzəli xüsusiyyətini qeyd etməliyəm. Çünki bütün inani dəyərləri ilə yanaşı həm də çox məzəli və zarafatsevər bir insandır.
Heç bir zaman onu inanmadığı xurafat və əsassız mövzuları təbliğ edən və digər insanlara aşılayan halda müşahidə etmədim. Hər zaman onu düşüncəli, ağıllı, həm də azadlıq və hürriyyəti sevən, eyni halda çox yüksək mədəniyyət və etikaya malik olan bir ziyalı olaraq gördüm. Çünki təəssüflər olsun ki, bir çox hallarda həyatda belə olanlar əxlaq, etika və insani dəyərlərdən uzaq düşürlər…
O, dünyanın ötəri maddi mənfəəti və pul-para üçün heç bir zaman öz mənliyi, azadlığı, müstəqilliyi və düşüncə tərzini satmadı. Kiməsə kölə olmadı və özünü kiminsə yanlış və məqsədli düşüncə və hədəfləri üçün yükləmədi. Buna görə bir sıra ağrılar, təzyiqlər və mərhəmətsizliklər görsə belə öz yolundan dönmədi.
Doktor Mədəni ziyalı və dərin zəkalı bir alim olsa da, heç vaxt öz bildiyi yenilikləri etika çərçivəsindən xaric şəkildə qələmə və ya dilə gətirib özünü reklam etmədi, nəyin bahasına və hansı tərzdə olursa-olsun fikir bildirməyə tələsmədi. Həm də öz yeni fikirlərini paylaşmaqla ətrafına bir ovuc şəxsiyyətpərəst toplum toplamadı. O, düşündüyü fərqli və yeni fikirləri hər zaman böyük mədəniyyət və etika, həm də malik olduğu şirin danışıq tərzi ilə uyğun bildiyi insanlara çatdırmağı məharətlə bacaran bir ziyalıdır. Bütün bunlar illər öncə ölkə xaricində ali təhsil aldığım illərdə şəxsən görüb müşahidə etdiklərimdir. Bu gün də, bu dəyərli və görkəmli şəxsiyyət öz ölkəsində həmin insani və mənəvi dəyərləri ilə tanınır və hörmətə layiq görülür.
Mən bu dəyərli insanı malik olduğu insani dəyərlər və dərin təfəkkürünə görə heç bir zaman Əfqanıstanın coğrafi ərazisinə məhdudlaşdıra bilmədim və bu gün də bunu bacarmıram. Çünki o, sözün həqiqi mənasında dünya səviyyəli bir şəxsiyyətdir. Belə bir görkəmli alim və mütəfəkkir ziyalı ilə tələbə yoldaşı olduğuma, istər tələbəlik illəri, istərsə də, hal-hazırda onunla yaxın dostluq və qardaşlıq münasibəti saxlamaqdan fəxarət hissi duyuram!

Ulu Tanrıdan çətin günlərini yaşayan məzlum Əfqanıstan xalqına səadət və ən xoş günlər, əziz və dəyərli, həm də görkəmli ziyalı və alim qardaşım doktor Seyid Müslim Mədəniyə isə uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və həyatda davamlı uğurlar, ən uca zirvələr arzulayıram!

İlqar İsmayılzadə

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü
[email protected]

Share: