Yaşa dolduqca azadlığımı itirirəm, bunu anlamaq, dərk eləmək isə mənə olmazın əzablar verir. Mənim üçün barışmaq istəmədiyim adamlarla barışmağa məcbur olmaq, barışmaq istəmədiyin mühitlə razılaşmaq qədər əzablı bir şey yoxdur. Qələt eləyib oğlumun adını Barış qoydum, hamı və hər şeylə barış-barışa gedirəm.
Bir neçə ay bundan qabaq 2 yaşlı oğlum Barış müəllim bərk soyuqlamışdı. Elə bildim anası onun kürəyini keçi piyi ilə ovxalayacaq, bununla da hər şey keçib gedəcək. Amma getmədi. Məndə o bəxt harda idi? İki daşın arasında, işin-gücün başımdan aşdığı və pulun olmadığı bir vaxtda onu təcili xəstəxanaya aparmalı oldum. Özü də dövlət xəstəxanası idi. Fikirləşdim ki, özəl klinikalarda bahaçılıqdır, amma dövlət xəstəxanaları pulsuzdur.
Həkim dedi ki, mütləq USE-dən keçməlidir. Dedim, həkim müəllim, uşaq dünən qeydiyyatda olduğum polikninkada USE ilə müayinə olunub. Dedi, gərək özümüz təzədən yoxlayaq, onlara etibar eləmirik. Dövlət xəstəxanasında USE-nin qiyməti isə 20 manatdır. Halbuki, dünən başqa bir dövlət xəstəxanasında 15 manat verib yoxlatdırmışdım. Məcbur olub təzədən 20 manat verib uşağı USE-dən keçirtdim. Həkim cavablara baxıb dedi ki, rentgen də olunmalıdır. Rentgenin qiyməsi isə 40 manatdır. Dərindən bir ah çəkib 40 manat də tərlədim. Bunun da cavabına baxandan sonra məni başqa bir həkimin yanına göndərdi, o həkim də uşağın böyür-başını əlləyəndən sonra qayıtdı ki, burada mənlik bir şey yoxdur, təzədən birinci həkimin yanına qaytardı. Sağollaşıb otaqdan çıxmaq istəyəndə dedi ki, ödəniş qaldı. Qayıtdım ki, axı dövlət xəstəxanasıdır. Həkim mənə qəzəl danışmağa başladı, hansı ki, onları buraya yazmıram.
İt aparan olsun deyib 20 manat da onun cibinə qoydum. Təzədən birinci həkimin qəbuluna getdim, qapıda nə qədər adam vardı, növbə gözləməli oldum. Adamlar tibb bacılarına pul verib özlərini növbədə qabağa saldırırdılar. Düz üç saatdan sonra həkimlə bir də görüşdüm. Dərmanlar yazdı. Dedi ki, palatada bir sistem köçürsünlər, müalicənin davamını evdə elətdirərsən. Çıxanda isə üzümə elə sərt baxdı ki, qorxumdan 30 manat da onun cibinə qoydum.
Sistem köçürüldü, tez bir qadın əlində pol taxtası gəlib palatanı silib-süpürdü. Başqa bir qadın pəncərələri silməyə başladı , o birisi pastelləri dəyişdi. Biri isə əlində qovluq gəlib uşağın ad-soyadını soruşdu. Təbii, bilirdim ki, bunların məqsədləri nədir. Sistem köçürən qayıtdı ki, məni nə vaxt görəcəksən? Onu görəndən sonra palatanı döşəməsini silən və postelləri dəyişdən qadınlar dedi ki, biz də burdayıq. Onları da gördüm. Əlində qovluq tutam xanım isə konkret qiymət oxudu, dedi, 10 manat köçürülməlidir.
Dərmanlar isə od qiymətindədir. Xəstəxananın qabağında apteklər əl-ələ tutub yanaşı-yanaşı düzülüblər. Hamı dərman biznesi ilə məşğuldur. Düz 168 manatlıq dərman aldım. Evə gətirdim, birinci dərmanı atan kimi uşağın bədəni götürmədi, gecə evə təcili yardım çağırdım, götürüb xəstəxanaya aprdılar, sistem qoşdular. Axı nə edim, 10 manat da təcili yardımın cibinə qoydum. Etiraz eləyəndə də həyassız adam kimi yadda qalırsan, sabah çağıranda gəlmirlər. Gəlsələr də ciddi baxmırlar, yola verirlər. Özüm olsam cəhənnəm, uşağa görə hər şeyə göz yumuram.
Səhər bazar günü idi, xəstəxana işləmirdi, yəni dərmanları yazan həkim yerində yox idi. Birinci günü səhər növbə gözləməyim deyə yuxulu-yuxulu təzədən həmin həkimin yanına getdim. Bu dəfə növbə gözləməsəm də, həkimi gözləməli oldum. Gec gəldi, amma gəldi. Dedim ki, bu dərmanları uşağın bədəni götürmədi. Mənə ayrı resept yazdı. Dedi, bunları qəbul eləsin. Təzədən aptekə getdim ki, aldığım dərmanları qaytarım, qaytarmadılar. Dedim, heç olmasa, yeni yazılmış reseptlə dəyişin, dəyişmədilər.
Hirsimdən başımı divara vurmaq istəyirdim, təngnəfəs oldum, ürəyimin aritimiyaları da bir tərəfdən məni qorxuya salmışdı ki, birdən infarkt olaram, Natiq Qədimov kimi qəfil ölərəm, canım cəhənnəm, xəbərim olmayacaq ki, oğlum sağaldı, yoxsa yenə də nəfəs ala bilmir, öskürür, sinəsi xırıldayır, yenə də boğulurmu, yenə də gözləri kədərlidirmi?
Oğlumu o həkindən bu həkimə, bu həkimdən o həkimə o qədər gəzdirdim ki, axırda uşaq yollarda öz-özünə sağaldı. Bəlkə də balamın mənə yazığı gəldi. Dərmanlar isə evdə durur, hamısını çəkdiyim əzabların xatirəsi kimi saxlayıram.
O uşaq sağalana kimi neçə-neçə həkimə yaltaqlandım, nə qədər adamlara xahiş eləyib baş həkimə zəng elətdirdim, keçirdiyim əsəb, stress mənim ömrümə necə balta çaldı, Allahın da xəbəri yoxdur. Üzümü göyə tutub anqırmaq istəyirdim ki, ilahi, bu nə ömürdü, bu nə taledi, bu nə vətəndi, bu nə ölkədi, yaşayırıq…
Kəramət Böyükçöl