Rusiya Avropa neft bazarında itkilərini bu ölkələrlə kompensasiya edir

Rusiya Mərkəzi Bankı Avropanın Rusiya neftinin idxalını azaltdığını və itkinin Asiya bazarına, xüsusən də Hindistan və Çinə ixracın artması ilə kompensasiya edildiyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Bankının ilin ikinci rübü üçün dərc etdiyi hesabatda qeyd olunub.

Hesabatda Rusiyanın mal və xidmət ixracının ümumi dəyərinin ikinci rübdə illik yüzdə 20 artaraq 153 milyard dollara yüksəldiyi bildirilib.

Avropa İttifaqında Rusiya neftinə tələbatın azaldığına diqqət çəkən hesabatda, xüsusilə Asiya bazarına ixracın artması ilə vəziyyətin qismən tarazlaşdırıldığı vurğulanıb.

Çinin Rusiya neft idxalının may ayında keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 55 artdığı və beləliklə, Rusiyanın Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinə ən çox neft göndərən ölkəyə çevrildiyi yazılıb.

Hindistanın aprel-may dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Rusiyadan neft idxalını 4,7 dəfə, yəni gündəlik 400 min barel artırdığına dair məlumatların yer aldığı hesabatda, Rusiyanın neftdə tətbiq etdiyi endirimin mühüm rol oynadığı qeyd edilib.


Share: