Sənan Qurbanov: “Sürix” “Qarabağ”ın qarşısında aciz idi”

“Bakıdakı matçın ilk hissəsində “Sürix” “Qarabağ” qarşısında aciz idi”.

Bunu “Report”a açıqlamasında “Qəbələ” və “Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov “köhlən atlar”ın səfərdə İsveçrə təmsilçisinə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl deyib.

42 yaşlı mütəxəssis “Qarabağ”ın rəqibdən hərtərəfli üstün olduğunu bildirib:

“Komandadan gözləntilərim böyükdür və mərhələni keçəcəklərinə ümid edirəm. “Qarabağ”ın I təsnifat mərhələsində Polşa çempionu “Lex”ə 5 qol vurması onların gücündən xəbər verir”.

Qurbanov “Sürix”in doğma meydan amilindən yararlanmağa çalışacağını söyləyib:

“Qarabağ” belə təzyiqli oyunlardan çıxmağı bacarıb. Gənc kollektiv olsaydı, təzyiq altında çıxış etmək futbolçuları və məşqçiləri stresə sala bilərdi. Amma “Qarabağ”ın baş məşqçisi və futbolçuları bu yöndə daha təcrübəlidir. Komanda 8 ildir ki, avrokubokların qrup mərhələsində oynayır. Artıq həmin formanın da bir sehri var. “Sürix” doğma meydanda yaxşı nəticə qazanmağa çalışacaq, amma düşünürəm ki, üstünlük “Qarabağ”ın tərəfindədir”.

Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə “köhlən atlar” qələbə qazanıb – 3:2.

Share: