“Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının 2-ci təsnifat mərhələsidə Kipr “Aris”i ilə cavab oyunu öncəsi mətbuat konfransında iştirak edib. “Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə danışıb:
– Çox danışmaq lazım deyil. Bu oyun bizim üçün vacibdir. Meydanda istəkli və aqressiv olmalıyıq. 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Qələbə qazanmaq üçün ilk görüşdəkindən daha yaxşı oynamalıyıq.
– 0:2 ən arzuolunmaz hesab sayılır. Siz bu fikirlə razısınızmı?
– Hesabın fərqi yoxdur. İlk görüşdə hələ yaxşı ki, son epizodda qol vura bilmədilər, 0:3 ola bilərdi. Biz sabah geridönüş etməyə çalışacağıq. Düşünürəm ki, 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq olar.
– Beş ildir “Neftçi”də bir neçə mütəxəssisin rəhbərliyi altında çıxış etmisiniz. Yeni baş məşqçi barədə nə deyə bilərsiniz?
– Hələ 3-4 həftə keçib. Bir-birimizi daha yaxşı tanımalıyıq. Hələ tam onun istədiyi kimi oynaya bilmirik. Yeni oyunçular var, bir-birimizə tam uyğunlaşmamışıq. Düşünürəm ki, bir ay ərzində baş məşqçini daha yaxşı başa düşəcəyik. İndiki məqamda isə bizi yalnız nəticə qane edir. Məşqçi hətta istəməsə də, nəticə tələb edən oyunu göstərməliyik.
– Kapitan olaraq futbolçuların sabahkı oyuna psixoloji hazırlığı nə yerdədir?
– Hamımız bu oyunun əhəmiyyətini dərk edirik. Motivasiyamızı sabah hamı görəcək. Qələbə üçün əlimizdən gələni edəcəyik.