“Neftçi”nin “Aris”lə ilk oyununa baxdım. Amma tam izləmək imkanım olmadı. Sonradan icmalda 90 dəqiqə yaşananlarla tanış oldum”.
Bu sözləri Sports.az-a açıqlamasında Səudiyyə Ərəbistanın “Əl Oruba” komandasında çıxış edən Tyaqo Bezerra deyib.
Ötən mövsüm “Neftçi”nin ən məhsuldar futbolçusu olmuş braziliyalı sabiq komandasının Avropa Konfrans Liqasında keçirdiyi oyunla bağlı nikbin danışıb.
Təcrübəli hücumçu “ağ-qaralar”ın ilk matçda məğlub olmasından narahat deyil. Əksinə, “Neftçi”yə inanır və mərhələni də məhz bakılıların adlayacağını düşünür. Bunun üçün əlində əsas var:
“Təbii ki, səfərdəki məğlubiyyət heç yerinə düşmədi. Amma uzun fasilədən sonra ilk rəsmi oyunda bu cür halın yaşanması normaldır. Bu dəqiqə ən vacib olan meydanda var gücünü qoymaqdır. Futbolçular maksimum güc sərf etməklə istəyinə çata bilərlər. “Ağ-qaralar” doğma meydanda, azarkeşlərinin önündə daha inamlı oynayır. “Neftçi”nin mərhələ adlaması üçün dualarımı əsirgəməyəcəyəm”.
Maraqlıdır, heyətdəki dəyişikliklərdən sonra “Neftçi” kənardan necə görünüb? Tyaqo yeni futbolçular haqda nə düşünür? Təcrübəli hücumçu komandada ciddi dəyişiklik olmadığı qənaətindədir:
“Komandada ciddi dəyişiklik görmədim. Ötənilki kollektivdən Ramon Maçado ilə mən getmişəm, bir də Sezar Meza Kolli zədələnib. Qalanları birlikdə oynadığımız futbolçulardır.
İstənilən futbolçuya adaptasiya üçün zaman lazımdır. Düşünürəm ki, yeni transferlər mütləq fayda verəcək. “Neftçi”yə və keçmiş komanda yoldaşlarıma uğurlar arzulayıram”.
Qeyd edək ki, Tyaqo Bezerra ötən mövsüm ağ-qara formada meydana çıxdığı 25 görüşdə rəqib qapılarına 10 dəfə yol tapıb.